Məhkəmə qərarları › İş №3(033)-665/2025

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-665/2025

28.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-665/2025 28.01.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X17 qızının katibliyi, Şikayət verən şəxs X6, X1nun iştirakı ilə, Şikayət verən şəxs X6 Azərbaycan Respublikasının Daxili İşlər Zaqatala Rayon X21 Yol Polisi bölməsi polis leytenantı X8 xx.xx.2025-ci il tarixli TP7636453 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şikayət verən şəxs X14 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala RPŞ DYP bölməsi polis leytenantı X8 qəbul etdiyi xx.xx.2025-ci il tarixli inzibati qərarın ləğv edilməsi və işin yenidən araşdırılmaq üçün səlahiyyətli orqana göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X14 məhkəmə iclası zamanı şikayətini müdafiə edərək izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixində Zaqatala RPŞ-nin DYPB-nin əməkdaşı tərəfindən qəbul edilmiş inzibati qərarla X2 guya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci, 469.3-cü və 327.1-ci maddələrini pozmasına görə 50 manat məbləğində cərimələnməsi və tənbeh tədbiri tətbiq edilmişdir. Bu qərar tamamilə əsassızdır, iş üzrə maddi və faktiki hallar düzgün araşdırılmamış, zərərçəkmiş kimi onun hüquqlarım pozulmuşdur. Qərarın ləğv edilməsini istəyir.Belə ki, hadisə real olaraq çoxsaylı qanun pozuntuları ilə müşayiət olunsa da, protokolda onların heç biri öz əksini tapmamışdır. xx.xx.2025-ci il tarixində ona məxsus "Chevrolet Orlando" markalı AZ **-KC- *** nömrəli avtomobilə Car kənd sakini Məmməd adlı şəxs tərəfindən QAZ-24 markalı ** LX *** nömrəli avtomobillə zərər vurulmuşdur. Hadisə yerində DYP əməkdaşları gəlmiş, baxış keçirmiş və sonrakı günü ondan izahat alınmışdır. Ondan xahiş edilmişlər ki, sürücü Məmmədin yerinə başqa bir şəxsi sənədləşdirsinlər, əsl sürücü Məmməd də ona dəyən maddi ziyanı ödəyəcəkdir. Bu barədə hər hansı münasibət bildirməmişdir və avtomobilinə dəyən ziyanın ödənilməsini tələb etmişdir. Qeyd edir ki, Məmmədin sürdüyü avtomobilin sığortası yoxdur, nəqliyyat vasitəsi texniki baxışdan keçməyib, həmçinin sürücü sərxoşluq müayinəsindən yayınmışdır. Hadisə nəticəsində də onun avtomobilinə maddi zərər dəymişdir. Lakin inzibati qərarda bu halların heç biri qeyd edilməmiş, yalnız formal maddələrlə işlə əlaqəsi olmayan şəxs barəsində 50 manat cərimə tətbiq edilmişdir. Bu isə həm qanunun tələblərinə, həm də işin real hallarına ziddir. Onun da zərərçəkmiş şəxs kimi onun hüquqlarım pozulmuşdur. Bununla da hadisə İXM-in 327.1, 332.1 və 469.3 maddələri real vəziyyətə uyğun qiymətləndirilməmişdir Hadisə faktı, sürücünün sənədsiz, sığortasız, texniki baxışsız və ehtimal olunan sərxoş halda idarə etməsi xeyli ağır pozuntular yaradır, lakin protokolda bu maddələr yalnız formal və məntiqsiz şəkildə tətbiq olunmuşdur.Qeyd edim ki, hadisə zamanı QAZ-24 markalı ** LX *** nömrəli avtomobilin sürücüsünün Məmməd olmasını (arıq və çox hündür biri olması, saqqalı olması) sübut edən canlı dəlilləri mövcuddur. Belə ki, həmin şəxslər onun qonşularım X3, X10 və X7rlar. X1 təqdim edilən səs yazıları tərcümə edərək bildirdi ki, xanım orada Allah şəfa versin deyir, “avtomobilinin təmiri üçün 5000 manat pulu lazım olduğunu, orada ortada bir nəfər var onun hərəkəti xanımın xoşuna gəlməyib, etibarnamə ilə xanıma Bakı şəhərinə getməsi üçün bir maşın verilməsini tələb edir və xanımın maşınının 15 gün ərzində götürülüb eyni vəziyyətdə başqa bir maşınla əvəz edilməsini istəyir. Kişi səsinin dinlənməsi zamanı həmin şəxsin bunları bildirdiyini deyir “Çox sağolun ki, rəngləmə xərclərini öz boynunuza götürdüz. Bilirsiz ki ailəmdə problemlər var və atam xəstədir buna görə işləmək üçün Rusiya Federasiyasına gedə bilmirəm. Belə bir hadisənin olmasını mən də istəməmişəm. Mən də istəmirdim belə bir şey olsun Allah bilən işdir. Başa düşdüm deyir. 102 yə zəng vurmasaydız, mənim maşınımı məsələyə qarışmazdı və vəziyyət çətinləşməzdi.” Söhbətdən belə anlaşılır ki, maşını idarə edən bu şəxs olub, o sükan arxasında olmadığını demir və etiraf edir ki, əvvəldə başına belə bir hadisə gəlib. Şahid qismində dindirilmiş X12 bildirdi ki, xanımla yazışmaları olub. Noyabr ayında olub və mobil nömrəsi +********** 02 mobil nömrəsi onundur. Şahid qismində dindirilmiş X3 bildirdi ki, hadisə onun evinin önündə baş verib. Yüksək sürətlə maşın gəlib və dayanan maşını vurub o pəncərədən baxarkən hadisə törədənin X12 olduğunu görüb. Şahid qismində dindirilmiş X10 bildirdi ki, hadisə olan günü güclü səs eşitmiş və anası pəncərədən baxaraq anası Mədinə bacının maşının vurduğunu görüb və o pəncərədən baxarkən hadisə törədən maşını idarə edən X5 olduğunu görüb. Əvvəlki məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Zaqatala Rayon X21 Yol Polisi bölməsi polis leytenantı X16 izahat verərək bildirdi ki, hadisə gecə olub və avtomobilin mülkiyyətçisi orada olmayıb. Xanım sonradan hadisə yerinə gəlib. Əvvəlki məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş X28 İdarəsinin Yol-Patrul Xidməti alayının V Tağım Baş yol patrul xidmətinin inspektoru, polis serjantı X19 izahat verərək bildirdi ki hadisə baş verəndə şikayətçi hadisə yerində olmayıb və sonradan ora yaxınlaşıb. İşdə olan xx.xx.2025-ci il tarixli TP7636453 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, qərarı xx.xx.2025-ci il tarixli İXP7585358 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş və X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1,469.3,327.1-ci maddəsində nəzərdə tutulduğu inzibati xətanı törətdiyinə görə barəsində 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Məhkəmə şikayət verən şəxs X14 şikayətini, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İş materiallarına əlavə edilmiş sənədlərdən və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixli İXP7585358 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7636453 nömrəli inzibati tənbeh vermə haqqında qərarda qeyd edilən inzibati xətaların X9 və ya başqa şəxs tərəfindən törədilməsini sübut edəcək kifayət qədər əsas müəyyən edilməmişdir. Şərh edilənlərə hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının Daxili İşlər Zaqatala Rayon X21 Yol Polisi bölməsi polis leytenantı X8 xx.xx.2025-ci il tarixli TP7636453 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün səlahiyyətli orqana, yəni Azərbaycan Respublikasının Daxili İşlər Zaqatala Rayon X21 Yol Polisi bölməsinə geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129,130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Zaqatala Rayon X21 Yol Polisi bölməsi polis leytenantı X8 xx.xx.2025-ci il tarixli TP7636453 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün səlahiyyətli orqana, yəni Azərbaycan Respublikasının Daxili İşlər Zaqatala Rayon X21 Yol Polisi bölməsinə geri qaytarılsın. Qərardan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar