Məhkəmə qərarları › İş №3(033)-7/2022

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-7/2022

06.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-7/2022 06.01.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun vəkili X6 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi polis mayoru X3 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxx 1988-ci il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, Zaqatala rayonu Yuxarı Tala kəndində qeydiyyatında olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 06 yanvar 2022-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 05 yanvar 2022ci il tarixdə saat 17 radələrində Zaqatala RPŞ-nin inzibati binasında səs-küy salaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala rayon polis şöbəsinin İTBnin polis sahə rəisi polis mayoru X7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Zaqatala RPŞ-nin İB-nin baş müstəntiqi, polis kapitanı Şəhriyar Abuzərli raportla şöbənin rəisinə müraciət edərək göstərmişdir ki, HK-1/07 nömrəli materialın araşdırılması zərurəti ilə əlaqədar xx xxxxxx 1988-ci il təvəllüdlü Zaqatala rayonu Yuxarı Tala kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs xidməti iş otağında izahat verməsi təklif olunan zaman izahat verməkdən imtina edərək əsassız səbəbdən səs-küy salmağa başlayaraq onun və digər polis əməkdaşlarının gündəlik iş rejimini 15 dəqiqə müddətində pozduqdan sonra Şəxs sakitləşdirmək üçün Cinayət axtarış bölməsinin əməliyyat müvəkkilləri X1, X10 və X4 xidməti iş otağına daxil olan zaman Şəxs hərəkətlərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən, qərəzli olaraq tabe olmamış, həmçinin şöbənin dəhlizində ərizəçi X8 görüb haqsız yerə ondan şikayət etməsini bəhanə gətirib səs-küy salaraq polis əməkdaşlarının gündəlik iş rejimini pozmuşdur. Polis əməkdaşları onu nizam intizama dəvət etmək istəsələr də, o, polisin qanuni tələbinə tabe olmamışdır. O, öz hərəkətlərini davam etdirmişdir. Onun izahatı alınmışdır. O, inzibati xətanı polis şöbəsinin inzibati binasında törətmişdir. Bunun əsasında Şəxs haqqında 06 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o, Zaqatala rayonu Yuxarı Tala kəndində ailəsi ilə birlikdə yaşayır. O, özünə məxsus avtomobil ilə kuryer xidməti ilə məşğul olur. O, bu səbəbdən şikayətçi X5 arvadı ilə tanış olmuşdur. Onu bir neçə dəfə getdiyi mənzilə aparmışdır. Yaxın münasibətləri olmuş, telefonla mesajlaşmışlar. Telefonda olan şəkil və videoları isə qadının uşağı çəkmişdir. Qeyd etdiklərindən başqa yaxın münasibətləri olmamışdır. Bununla bağlı onu polis şöbəsinə çağırmışlar. O da çağırışa getmişdir. Onu şöbədə bir neçə saat saxladıqdan sonra, o əsəbiləşmiş və ondan izahat alınmasını bildirmişdir. Başqa hər hansı hərəkətlər etməmişdir. Onun ancaq istəyi izahatının vaxtında alınması olmuşdur. Onu polis şöbəsində döymüşlər. Polis şöbəsinin binasında o, hər hansı qayda qanunu pozmamışdır. O, inzibati xəta törətməmişdir. Ona görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X13 çıxış edərək göstərdi ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X11 izahat verərək verərək göstərdi ki, Şəxs onun həyat yoldaşı ilə münasibətləri olduğundan, telefonda onların şəkillərini və mesajlarını gördükdən sonra polis şöbəsinə şikayət etmişdir. Polis şöbəsində olduğu zaman şöbənin 3-cü mərtəbəsində sonradan tanıdığı Şəxs qışqırdığını, polis əməkdaşlarının isə onu sakitləşdirmək istədiklərini görmüşdür. Lakin o, sakitləşmir, öz hərəkətlərini davam etdirirdi. Hətta “niyə şikayət etməsi barədə” onun üzərinə də hücum etmək istəyirdi. Polis əməkdaşları nə qədər onu sakitləşdirmək istəsələr də, narazılığını bildirirdi. Həmin şəxs onun ailəsini dağıtdı. Onun barəsində qanuni tədbir görülməlidir. İnzibati xəta materiallarına əlavə edilmiş 05.01.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 05 yanvar 2022- il tarixdə saat 21:35-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, protokol tərtib edən şəxsin, şahidin izahatları və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Zaqatala RPŞ-dən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməsə də, məhkəmə araşdırması zamanı da onun məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini və əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, eyni zamanda inzibati xəta törədən şəxsi tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmənin qənaətinə görə Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun əməlində xırda xuliqanlıq kimi bir halın olması müəyyən edilmədi. Belə ki, həm inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, həm də barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsin və şahidlərin izahatlarından müəyyən edilir ki, polis sahə rəisi protokol tərtib edərkən hər hansı bir sübuta istinad etmədən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb etmişdir. Halbuki, həmin maddənin dispozisiyası ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdən ibarətdir. Lakin, iş materiallarına Şəxs ictimai qaydanı pozması ilə bağlı hər hansı sübutlar əlavə edilməmiş, onun inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Bütün qeyd edilənlər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsini istisna edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmiş yəni, öz təqsirsizliyini sübut etməyə, borclu deyildir. Əksinə şəxsin qeyd olunan inzibati xətanı törətməsi ilə bağlı hər hansı bir inzibati xətanı törətdiyini sübut etmək vəzifəsi polis sahə rəisinin üzərinə düşür. Bundan başqa inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Şəxs xırda xuliqanlıq törətməsi, bununla da, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı bir formada sübuta yetirilmir. Məhkəmə belə vəziyyətdə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir və onun əməlində həmin inzibati xətanın tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddələrinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmənin qənaətinə görə Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə nəzərdə tutulan əməli törətməsi iş materialları ilə sübuta yetirilsə də, onun barəsində başlanmış İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, yəni xırda xuliqanlıq əməlini törətməsi iş materialları ilə sübuta yetirilmir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata həmin hissə üzrə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib inzibati həbs edilməsinin əvvəli onun tutulduğu vaxtdan, yəni 05 yanvar 2022-ci il tarixdən, saat 21:35-dən hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclası zalında həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun inzibati qaydada tutulduğu vaxtdan, yəni 05 yanvar 2022-ci il tarixdən, saat 21:35-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Zaqatala RPŞ-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində Zaqatala rayon polis şöbəsinin sahə rəisi polis mayoru X3 06 yanvar 2022-ci il tarixdə tərtib etdiyi MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata həmin hissə üzrə xitam verilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə və Zaqatala rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar