Məhkəmə qərarları › İş №3(033)-7/2025

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-7/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-7/2025 02.04.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Zaqatala Rayon Vəkil Bürosunun vəkili X4, inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X1 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Zaqatala rayonu, Bazar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, rəsmi işləməyən, Zaqatala rayonu, Bazar kəndində qeydiyyatda olan və orada yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Zaqatala Rayon Məhkəməsinin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Əhmədov X8 Rayon Məhkəməsinin 2(033)-623/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, Zaqatala Rayon Məhkəməsinin 2(033)-1120/2023 nömrəli xx.xx.2023-cü il tarixli, Zaqatala Rayon Məhkəməsinin 2(033)-494/2024 nömrəli xx.xx.2024-cü il tarixli, Zaqatala Rayon Məhkəməsinin 2(033)-550/2024 nömrəli xx.xx.2024-cü il tarixli, Zaqatala rayon 2 saylı notariat ofisinin 8İ-16779 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrası üzrə yaranmış borcunun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, onun barəsində 18 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala rayon İcra və X3 Rayon Məhkəməsinə göndərilmişdir. Zaqatala Rayon Məhkəməsinin 3(033)-7/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilmişdir. Zaqatala Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli, 3(033)-7/2025 nömrəli qərarından zərərçəkmiş şəxs “ABC-Telecom MMC”-nin etibarnamə üzrə nümayəndəsi X5 tərəfindən şikayət verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 3(107)-44/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs “ABC-Telecom MMC”-nin etibarnamə üzrə nümayəndəsi X2 şikayəti şikayəti qismən təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli, 3(033)-7/2025 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, Apellyasiya instansiyası məhkəməsində çıxış edən zərərçəkmiş şəxs “ABCTelecom MMC”-nin etibarnamə üzrə nümayəndəsi X5 bildirdi ki, borclu icra sənədi üzrə heç bir ödəniş etməməklə yanaşı ona təklif edilmişdir ki, ona tərəfimizdən təqdim edilmiş əşyaları geri qaytarsın, həmin əşyalar müvafiq qaydada qiymətləndirilərək onun borcundan çıxılsın, lakin borclu həmin təklifimizi də nəzərə almamışdır. Borcu isə sədrlik edənin sualına cavab olaraq zərərçəkmiş şəxs “ABCTelecom MMC”-dən aldığı əşyaları başqa şəxslərə satdığını qeyd etmişdir. Digər tərəfdən həm birinci instansiya məhkəməsində, həm də hazırkı məhkəmə iclasında dindirilən borclu bildirmişdir ki, ona bir müddət vaxt verilərsə borclarını tam şəkildə ödəyəcəyinə söz verir. Hansıki, həmin tarixdən də kifayət qədər müddət keçməsinə baxmayaraq, sonuncu icra sənədləri üzrə hər hansı bir ödəniş etməmişdir. Bir neçə icra sənədi üzrə cəmi 120 manat məbləğində ödənişi isə yalnız barəsində protokol tərtib edildikdən sonra ödəməsi isə onun inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıdığını təsdiq edir. Bu hal isə faktiki olaraq borclunun izahatının qeyri səmimiliyinə dəlalət edir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına laqeyd münasibət bəsləməklə bu qərarı icra etməmiş və bununla da Azərbaycan Respublikasının adından çıxarılmış və icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan məhkəmə aktı icra edilməyərək kağız üzərində qalmışdır. Məhkəmə iclası zamanı protokol tərtib etmiş şəxs Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X6 izahatında göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-623/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, Zaqatala Rayon Məhkəməsinin 2(033)-1120/2023 nömrəli xx.xx.2023-cü il tarixli, Zaqatala Rayon Məhkəməsinin 2(033)-494/2024 nömrəli xx.xx.2024-cü il tarixli Zaqatala Rayon Məhkəməsinin 2(033)-550/2024 nömrəli xx.xx.2024-cü il tarixli, Zaqatala rayon 2 saylı notariat ofisinin 8İ-16779 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədlərinin əsasən cavabdeh Şəxs müvafiq məbləğində borc tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə, “X9 Açıq Səhdar Cəmiyyətinə, Zərərçəkmiş şəxsnə və Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İcra sənədlərinin icrası ilə əlaqədar müəyyən icra hərəkətlər edilmiş, sorğular verilmiş, cavablar alınmışdır. Tərəfindən borclu Şəxs «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələbləri izah edilmiş və icra sənədlərinin icrası tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Tələbkar şikayətçidir, borcunu tam şəkildə tələb edir. Buna görə də, onun həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati protokol tərtib edilmişdir. Həmçinin borclu Şəxs borcun ödənilməsi ilə bağlı vaxt verilmsəinə baxmayaraq, sonuncu tərəfindən yalnız 150 manat məbləğində ödəniş edilmişdir, qeyd edilənlərə əsasən onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, icra sənədlərindən məlumatlıdır, lakin yeni işə düzəldiyindən icra sənədilərinin icrasını təmin edə bilməmişdir. O daha əvvəl də azadlıqdan məhrumetmə növündə cəza çəkmiş və cəzaçəkmə müəssisəsində olmuşdur. Onun qərəzli mövqeyi olmadığını bildirmiş, qeyd etdiklərinin nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X7 çıxış edərək Şəxs borcunu ödəməkdən boyun qaçırmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün, icra məmurunun və Zaqatala rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materialla tam təsdiq olundu. İş materiallarından, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri fiziki şəxslər üçün məcburi olmasına baxmayaraq, Zaqatala Rayon Məhkəməsinin 2(033)-623/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, Zaqatala Rayon Məhkəməsinin 2(033)-1120/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, Zaqatala Rayon Məhkəməsinin 2(033)-494/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, Zaqatala Rayon Məhkəməsinin 2(033)-550/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, Zaqatala rayon 2 saylı notariat ofisinin 8İ-16779 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədləri iş üzrə borclu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədən qaçıb gizləndiyinə görə Zaqatala Rayon Məhkəməsinin 3(033)-7/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə inzibati xəta haqqında protokola əsasən başlanmış icraat dayandırılmış və Şəxs barəsində axtarış elan edilmiş və inzibati qaydada tutularaq Zaqatala Rayon Məhkəməsinə gətirilməsi qərara alınmışdır. Zaqatala Rayon Məhkəməsinin 3(033)-26/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə inzibati xəta haqqında protokola əsasən başlanmış icraat təzələnmişdir. Apellyasiya məhkəməsinin hazırki iş üzrə hüquqi mövqeyinə əsasən məhkəmə Şəxs izahatına hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, onun məhkəmə iclasında verdiyi izahatı, yəni maddi imkanının olmaması və işsiz olması əsası ilə borcunu ödəyə bilməməsi ilə bağlı verdiyi izahatı özünü müdafiə xarakteri daşıyır, məsuliyyətdən və tənbeh tədbirindən yayınmaq məqsədi güdür. Məhkəmə bu hala qiymət verərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdiyi xüsusat heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Həmçinin apellyasiya məhkəməsinin müvaifq qərarında qeyd edildiyi kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən bir neçə icra sənədi üzrə cəmi 120 manat məbləğində ödənişi isə yalnız barəsində protokol tərtib edildikdən sonra ödəməsi onun inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıdığını təsdiq edir. Bu hal isə faktiki olaraq borclunun izahatının qeyri səmimiliyinə dəlalət edir. İş materiallarında olan sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunsuz və əsassız olaraq icra sənədinin icra edilməsi barədə hərəkətsizlik etməklə, icra məmurunun qanuni tələbinin yerinə yetirilməməsi kimi qanun pozuntusu etmişdir. O, təqsirsiz deyil və onun əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanuni qüvvəyə minmiş qərarın icrasına laqeyd münasibət bəsləməklə bu qərarı uzun müddətdir ki, icra etməmiş və bununla da icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan aktı icra edilməyərək kağız üzərində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Şəxs həmin icra sənədində göstərilən borcunu üzürsüz səbəbdən, yəni qəsdən icra etməmişdir. Borclu Şəxs həmin icra sənədləri üzrə öhdəliklərini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırmış, icra məmuru və məhkəmə tərəfindən borcunu ödəməsi üçün ona vaxt verilsə də, borcun tam şəkildə ödənilməmişdir. İşin qeyd edilən halları protokol tərtib etmiş şəxsin məhkəmə iclası zamanı verdiyi izahatı ilə yanaşı, məhkəməyə təqdim edilmiş sənədlərlə də öz təsdiqini tapır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə hesab edir ki, Şəxs uzun müddət icra tədbirlərindən qərəzli surətdə yayınması onun barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiqinə zərurət yaratmışdır. Digər tərəfdən, Şəxs icra sənədləri üzrə borcu ödəyə bilmədiyi halda onun barəsində inzibati cərimə tənbehinin tətbiqi, yəni üzərinə əlavə maddi məsuliyyət qoyulması məntiqsiz və nəticə etibarilə səmərəsiz olar. Belə vəziyyətdə məhkəmə Şəxs inzibati həbs tənbehinin tətbiqini qaçılmaz sayır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, eyni zamanda onun əmlak vəziyyətini, borcunun məbləğinin kifayət qədər yüksək olmasını, həmçinin tələbkarlara olan borcunu ödəyə bilmədiyi halda onun barəsində inzibati cərimə tənbehinin tətbiqi, yəni üzərinə əlavə maddi məsuliyyət qoyulmasının məntiqsiz və nəticə etibarilə səmərəsiz olmasını nəzərə alaraq onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati həbs edilməsinin əvvəli 02 aprel 2025-ci il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati qaydada məhkəmə iclası zalından həbs edilsin. Həbs etmənin əvvəli onun həbsə alındığı 02 aprel 2025-ci il tarixdən saat 11:00-dan hesablansın. Qərarın icrası Zaqatala Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Qərarın surəti proses iştirakçilarına təqdim edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar