Məhkəmə qərarları › İş №3(033)-702/2025

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-702/2025

28.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-702/2025 28.01.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X16 qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X8 və şikayət verən şəxs X5 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin rəisi X17 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 10 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarının ləğv edilməsi barədə X5 şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X13 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməyi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Şəki- Zaqatala regional Şöbəsinin "İnzibati tənbeh vermə haqqında" 10 dekabr 2025-ci il tarixli, MN-1808814 nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Şəki-Zaqatala regional Şöbəsinin əməkdaşları tərəfindən 10 dekabr 2025-ci il tarixli, MN-1808814 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, həmin protokola əsasən güya ki o, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu obyektdə işçi ilə əmək müqavilə bağlamamışdır. Halbu ki, şikayətə əlavə etdiyi Zaqatala rayon prokurorluğunun müstəntiqi X6 "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" 13 oktyabr 2025-ci il tarixli qərarından da göründüyü kimi, Esmira Babayeva ilə onların arasındakı münasibətlər şifahi qaydada podrat müqaviləsi üzrə işləri yerinə yetirilməsi ilə bağlı olmuşdur ki, bu da faktiki münasibətlərin münasibətlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə deyil, Mülki Məcəlləsi ilə tənzimlənməsi zərurəti yaradır.Zaqatala rayon prokurorluğunun müstəntiqi X6 "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" 13 oktyabr 2025-ci il tarixli qərarın qeyd edilir ki, "....Bundan başqa, Esmira Babayeva göstərdiyi xidmətlə, yəni "Ayxan" adlı ailəvi restoanının mətbəxində çirkli qabların yuyulması ilə bağlı X13 ilə aralarında xidmət, yəni podrat müqaviləsi bağlanmamışdır.Göründüyü kimi şifahi qaydada podrat müqaviləsi üzrə işləri yerinə yetirən Esmira Babayeva ilə Rahilə Kələşova arasında olan münasibətlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə deyil, Mülki Məcəlləsi ilə tənzimlənir. Həmçinin qeyd olunmalıdır ki, Esmira Babayeva "Ayxan" adlı ailəvi restoranın mətbəxində çirkli qabların yuyulması işinə ayrılsa da, o, Rahilə Kələşova ilə aralarında olan xidmətlə bağlı şifahi razılaşmanı bitirdikdən sonra orada öz istəyi ilə gürcü xəngəli bişirmək qərarına gəlmişdir. Yəni, Esmira Babayevanın xəsarət alması xidmət müqaviləsinin şərtləri başa çatdıqdan sonra baş vermişdir."Göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Şəki-Zaqatala regional şöbəsi 10 dekabr 2025-ci il tarixli, MN-1808814 nömrəli inzibati tənbeh vermə haqqında qərar tam olaraq qanunsuz və əsassızıdır. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X13 şikayət şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X2 izahatında göstərdi ki, iş materialları Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuşdur. Polis şöbəsində verilən izahatlardan da görünür ki, X9 əmək müqaviləsi bağlanmadan xadimə kimi işə cəlb edilmişdir. "Ayxan" adlı ailəvi restoranında hadisə baş verib və bu zaman bu fakt ortaya çıxıb. Şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə şikayət verən şəxs X5 şikayətini, iş materiallarını araşdıraraq, proses iştirakçısını dinləyib, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, X3 X14 Xidmətinə verdiyi izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə o "Ayxan" adlı ailəvi restorana qab yumaq üçün getmiş və ona başqa işlə məşğul olmaması deyilsə də qab yuduqdan sonra xəmir yoğurmaq fikrinə düşmüşdür. Xəmir yoğurarkən fikirli olduğundan sağ əli xəmir maşınında qalaraq əzilmişdir. Rahilə xanıma 10 manat borcu olduğu üçün borc qarşılığında qabları yumuşdur. X10 X14 Xidmətinə verdiyi izahatından görünür ki, X20 restoranını müqavilə əsasında icarəyə götürmüşdür.xx.xx.2025-ci ildə o sahədə fındıq toplayıb. Həmin tarixdə Esmira xanımı o olmadığı üçün qab yumağa çağırmışdır. Tapşırığı ancaq qab yuması olmuşdur. Aralarında 10 manat borc məsələsi olduğundan Esmira özü xəmir hazırlamaq istəyib. Zaqatala rayon prokurorluğunun müstəntiqi X6 xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X11 xx.xx.2025-ci il tarixdə Zaqatala rayonunun Yuxarı Tala kəndində fəaliyyət göstərən “Ayxan” adlı ailəvi restoranın mətbəxində çirkli qabları yumaq üçün müəyyən məbləğdə zəhmət haqqı qarşılığında ayrılmış, tapşırılmadığı halda gürcü xəngəli bişirmək istəmiş, bundan ötrü mətbəxdə olan xəmir presləmək üçün nəzərdə tutulmuş aparatdan istifadə edən zaman sağ əlinin xəmirlə birlikdə aparatın silindrlərinin arasına keçməsi nəticəsində öz ehtiyatsızlığından “Bilək və əlin çoxsaylı açıq yaraları diaqnozlu, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər almışdır. Həmin xəsarətlərin alınmasında hər hansı şəxsin və ya şəxslərin qəsd və ya ehtiyatsızlıq formasında təqsiri olmamışdır. Göründüyü kimi, X13 inkar etsə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Şəki-Zaqatala Regional şöbəsi tərəfindən təqdim edilmiş inzibati xəta materiallarına əlavə edilmiş izahatlardan görünür ki, X11 əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsinə, yəni ofisiant işinə cəlb edilmişdir. Göründüyü kimi, şikayətin dəlilləri özünümüdafiə xarakterlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 3-cü maddəsinin 3-cü bəndinə əsasən işəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 7-ci maddəsinin 2-3 və 2-3.4-cü bəndlərinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinin tələbinə uyğun olaraq işəgötürən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirməlidir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. X1 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilmədi. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, X7 şikayətində göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır. Onun izahatı iş materiallarında olan sübutlarla təkzib olunur, onun izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, X5 və protokol tərtib edən orqanın nümayəndəsinin izahatları və işdə sənədlərlə yanaşı, məhkəmə iclası zamanı da X5 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X4 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edildi. Göstərilən əsaslarla məhkəmə X1nın şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Şəki-Zaqatala Regional şöbəsinin 10 dekabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar