Məhkəmə qərarları › İş №3(033)-71/2022

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-71/2022

14.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-71/2022 14.02.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx xxxxxx 1994-cü il tarixdə Zaqatala rayonu Çobankol kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, eyni inzibati xətanı il ərzində təkrar törətməmiş, Zaqatala rayonu Çobankol kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 339.1-1-ci maddələri ilə DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində V Tağım Yol patrul xidməti baş inspektoru, polis leytenantı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 339.1-1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 23 yanvar 2022-ci il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 23 yanvar 2022ci il tarixdə saat 01:10 radələrində nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 339.1-1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayı tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş materialları 14 fevral 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Zaqatala Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli 3(033)-71/2022 nömrəli qərardadına əsasən Azərbaycan Respublikasının vətəndaşı Şəxs Аzərbаycаn Respublikаsı İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar barəsindəki inzibati xəta haqqında materiala məhkəmə iclasında baxılması 14.02.2022-ci il tаrixə, sааt 17:40-a Zaqatala Rayon Məhkəməsinin inzibati binasına təyin edilmiş, inzibati xəta haqqında iş üzrə iştirakçılarının məhkəmə iclasında iştirak etmələri üçün çağırılması, işin düzgün və vaxtında həll edilməsinə yönəlmiş digər hərəkətlərin edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun baxılması üçün DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayına qaytarılması qərara alınmışdır. Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu halda iş üzrə toplanmış materialın kifayət olması qənaətinə gələrək, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında özünü təqsirli bilərək göstərdi ki, o, protokolda göstərilən inzibati xətaları törətmişdir. 23 yanvar 2022-ci il tarixdə onun idarə etdiyi nəqliyyat vasitəsi saxladılmış, sənədləri yoxlanılan zaman onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi müəyyən edilmişdir. Həmçinin o bildirmişdir ki, o, spirtli içki də qəbul etmişdir. Onun sürücülük vəsiqəsi yoxdur. O, nəqliyyat vasitəsini sərxoş vəziyyətdə, idarə etmək hüququ olmadan idarə etmişdir. O, inzibati xətanı törətdiyini etiraf edərək, əməlindən səmimi peşman olduğunu, ilk dəfə inzibati xəta hadisəsi törətdiyini, səhvini etiraf etdiyini, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokola əlavə “sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə” 24 yanvar 2022-ci il tarixli 35 nömrəli aktdan görünür ki, tibbi müayinə zamanı 1994-cü il təvəllüdlü Şəxs alkoqol sərxoşluğunun olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafından başqa, həm də iş üzrə toplanmış materiallarla tam sübuta yetirilmişdir. Ona görə də o, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməsə də, məhkəmə araşdırması zamanı onun əməlini etiraf etməsi, əməlindən səmimi peşmançılıq çəkməsi və inzibati xətanı sərxoş halda törətməsi müəyyən edildi. Şəxs əməlini etiraf etməsi və əməlindən səmimi peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci və 32.1.1-ci maddələrinə görə inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Lakin həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Ona görə də hesab edirəm ki, “inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi” Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin tərkib əlaməti kimi nəzərdə tutulduğundan onun inzibati xətanı sərxoş halda törətməsi inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətini ağırlaşdıran hər hansı hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən amilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmamasını, əksinə məsuliyyəti yüngülləşdirən halların olmasını, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini, həmçinin inzibati həbsin tətbiq edilməsi üçün hər hansı müstəsna halın olmamasını nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişindən azad ediləcəyi hüququnun olduğu, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilməlidir. Qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 128-130-cu maddələrinə əsaslanaraq, Q Ə R A R A A L D İ M: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişindən azad ediləcəyi hüququnun olduğu, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və DİNnin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayına təqdim edilsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar