Məhkəmə qərarları › İş №3(033)-79/2025

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-79/2025

21.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-79/2025 21.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi Cəlilova Nuridə Əli qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs və Zaqatala rayon İcra və probasiya şöbəsinin rəisi X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - xx.xx.1976-cı il tarixdə Zaqatala rayonu Bazar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, Zaqatala rayonu Bazar kənd tam orta məktəbində direktor vəzifəsində işləyən, öz deməsinə görə il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb olunmamış, Zaqatala rayonu, Bazar kəndində qeydiyyatda olan və orada yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Zaqatala rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şəxs Şəki Rayon Məhkəməsinin 2(075)-645/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədini icra etmədiyinə və icra məmurunun qanuni tələblərinə əməl etməkdən qərəzli olaraq boyun qaçırdığına görə Zaqatala Rayon İcra və Probasiya Şöbəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 30 yanvar 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı Zaqatala rayon İcra və probasiya şöbəsinin rəisi X2 izahatında göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-645/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəki-Zaqatala Regional Təhsil İdarəsi Bazar Kənd Tam Orta Məktəbinin 162 №-li, 14 oktyabr 2023-cü il tarixli əmri ləğv edilsin, iddiaçı Zərərçəkmiş şəxs Bazar kənd tam orta məktəbinə işə bərpa edilsin və iddiaçı Zərərçəkmiş şəxs məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməli, Şəki-Zaqatala Regional Təhsil İdarəsi Lahıc Kənd tam orta məktəbinin xx.xx.2023-cü il tarixli, 90 №-li əmri ləğv edilsin, iddiaçı Zərərçəkmiş şəxs Lahıc Kənd tam orta məktəbinə işə bərpa edilsin və iddiaçı Zərərçəkmiş şəxs məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Tərəfindən borclu Şəxs «İcra haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələbləri izah edilmiş və icra sənədinin icrası tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin edilən xəbərdarlıqlara baxmayaraq, Şəxs icra sənədi üzrə tələbkar olan Zərərçəkmiş şəxs Bazar kənd tam orta məktəbinə işə bərpa etməmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs izahat verərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-645/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra vərəqəsinin icrasını təmin edərək Zərərçəkmiş şəxs müddətsiz olaraq işə bərpa etmək onun səlahiyyəti çərçivəsində deyil lakin tələbkar yalnız müddətsiz müqavilə ilə işə bərpa edilməsini tələb edir. O, əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclası zamanı tələbkar Zərərçəkmiş şəxs iddiasının Şəki Rayon Məhkəməsində tam təmin edildiyini və o, iddia tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərkən onun tələbinin müddətsiz əmək müqaviləsinin bağlanması ilə bağlı olduğunu qeyd etmişdir. O, icra sənədi üzrə məcburi iş buraxmaya görə hesablanmış pul vəsaitini aldığını bildirdi. Məhkəmə Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola ona əlavə edilmiş sənədlərlə birlikdə baxarkən müəyyən etdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-645/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Zərərçəkmiş şəxs Bazar kənd tam orta məktəbinə işə bərpa edilməlidir. Həmin icra sənədi üzrə Şəxs borclu qismində qoyulmuşdur. Şəki-Zaqatala Regional Təhsil İdarəsi Zaqatala Rayonu Üzrə Təhsil Sektorunun 19 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasında ümumi təhsil müəssisələrində müəllimlərin müddətsiz əmək müqaviləsi ilə işə qəbulu “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.29-cu maddəsinə əsəsən hazırlanmış, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 19 oktyabr 2023-cü il tarixli, KQ-05 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydalarına müvafiq olaraq həyata keçirilir. Sözügedən qaydalara əsasən müvafiq ixtisas üzrə ali təhsil almış şəxs “Müəllimlərin işə qəbulu və yerdəyişməsi” müsabiqəsində iştirak edərək uğur qazandığı təqdirdə ümumi, təhsil müəssisəsində ixtisası üzrə müddətsiz əmək müqaviləsi əsasında müəllim kimi əmək fəaliyyəti göstərə bilər. “Müəllimlərin işə qəbulu və yerdəyişməsi” müsabiqəsində iştirak edərək uğur qazanmasını və müvafiq vakant yerə uyğunluğunu təsdiq edən çıxarış təhsil müəssisəsinin rəhbərinin müəllim ilə müddətsiz əmək müqaviləsi bağlaması üçün əsasdır. “Müəllimlərin işə qəbulu və yerdəyişməsi” müsabiqəsi üzrə elan edilən 1-ci və növbəti turlarda tutulmayan və vakant yerlərə əsas iş yerində müddətsiz müqavilə ilə çalışan müəllimlər (əsas iş yerindəki dərs cədvəli, məsafə və digər fiziki mümkünlük məsələləri nəzərə alınmaqla) əlavə iş yeri olaraq göndəriş alırlar. Həmin məktubdan görünür ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Zərərçəkmiş şəxs ilə Zaqatala rayonu Lahıc kənd tam orta ümumtəhsil məktəbi və Zaqatala rayonu Bazar kənd tam orta ümumtəhsil məktəbində musiqi müəllimi vəzifəsi üzrə müddətli əmək müqaviləsi bağlanılarkən müəllimin əsas iş yerindəki dərs cədvəli və dərs saatlarının əlavə iş yerindəki dərs saatları ilə uyğunluğu gözlənilməmiş və bunun nəticəsində təhsil müəssisəsində pedaqoji prosesinin keyfiyyətli təşkili prinsipləri kobud şəkildə pozulmuşdur. Şəki-Zaqatala Regional Təhsil İdarəsinin 02 oktyabr 2023-cü il tarixli məktubu ilə Zərərçəkmiş şəxs adları qeyd olunan məktəblərdə əlavə iş yeri olaraq musiqi müəllimi kimi əmək fəaliyyətini davam etdirməsi məqsədəmüvafiq hesab edilməmişdir. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Zərərçəkmiş şəxs onunla müddətli əmək müqaviləsi bağlanılması ilə əlaqədar Bazar kənd tam orta ümumitəhsil məktəbinə dəvət olunmuş, lakin müddətli əmək müqaviləsinin bağlanmasından imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Şəxs Şəki Rayon Məhkəməsinin 2(075)-645/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədi üzrə öhdəliklərini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırmamış, əksinə onun icra sənədi üzrə qeyd edilən “Zərərçəkmiş şəxs Bazar kənd tam orta məktəbinə işə bərpa edilməsi” tələbi icra üzrə tələbkarın tələbi ilə müddətsiz əmək müqaviləsi bağlamaq səlahiyyətinin olmaması Şəki - Zaqatala Regional Təhsil İdarəsi Zaqatala Rayonu üzrə Təhsil Sektorunun 19 fevral 2025-ci il tarixli məktubu ilə müəyyən edilmişdir. Eyni zamanda Şəxs müddətli əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs məktəbə dəvət etmiş, lakin sonuncu onunla müddətsiz əmək müqaviləsinin bağlanması olmasını əsas gətirərək müddətli əmək müqaviləsinə etiraz etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə araşdırması zamanı Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan xətanın olması müəyyən edilmədi. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilsin. Qərardan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən : Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar