Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-8/2025 17.01.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi Cəlilova Nuridə Əli qızının katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, Şikayət verən şəxs X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən barəsində xx.xx.2024-cü il tarixdə tərtib edilmiş EQ 24715202 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş EQ seriyalı 24715202 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv olunması və barəsində başlanmış inzibati xəta haqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X3 şikayət ərizəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə etibarnamə əsasında istifadəsində olan «Toyota Camry» minik markalı 50EB302 dövlət qeydiyyat nişanlı avtomobilin sürücülük hüququ olmadan idarə edilməsinə görə İXM-nin 332.3-cü maddəsi ilə EQ 24715202 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və eyni tarixli, eyni nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmin avtomobil onun istifadəsində olsa da, avtomobil oğlu X2 tərəfindən idarə olunmuşdur. O, ümumiyyətlə 2024-cü ilin avqust-noyabr aylarında ölkə ərazisində olmadığından avtomobil oğlu tərəfindən idarə olunmuşdur. Oğlunun isə nəqliyyat vasitələrini idarə etmək hüququ verən AE 713186 nömrəli sürücülük vəsiqəsi vardır.Barəsində qəbul edilmiş hazırki inzibati tənbeh vermə haqqmda qərar tamamilə qanunsuz və əsassız qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində qeyd edilir ki, yalnız Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalanna malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə real vaxt rejimində, "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır. Halbuki, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə qəbul edilmişdir, hansı ki, İXM-nin 122.1-ci maddəsində həmin inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi nəzərdə tutulmamışdır və buna görə də tamamilə qanunsuzdur. Çünki real vaxt rejimində xüsusi texniki vasitələrin köməyi ilə nəqliyyat vasitələrinin kim tərəfindən idarə olunmasını, idarə edən şəxsin sürücülük hüququnun olub-olmadığını müəyyən etmək mümkün deyildir. Şikayət verən şəxs X3 şikayət ərizəsini müdafiə edərək ona uyğun izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. İnzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin nümayəndəsinin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət verən şəxs X1 şikayətini, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, yəni xx.xx.2024-cü il tarixli, EQ 24715202 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, EQ24715202 nömrəli xx.xx.2024-cü il tarixli protokola əsasən eyni tarixdə İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirli bilinərək 400 manat inzibati cərimə edilmişdir. İnzibati xətanın törədilmə yeri kimi Yevlax-Zaqatala-Gürcüstan yolunun 125.5-ci kilometrində Zaqatala şəhərinin çıxışı qeyd edilmişdir. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə ünvanlanmış məktubdan görünür ki, EQ24715202 nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın tərtib edilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Məhkəmə hesab edir ki, təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə tərəfindən şübhələri və ziddiyyətli məqamları barəsində protokol tərtib edilmiş şəxsin xeyrinə həll olunması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. Həmin Məcəllənin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əssən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni, həmin əməllə İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İnzibati xətanın anlayışından bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən X3 barəsində EQ 24715202 nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş halların məhkəmə tərəfindən müəyyən edilməsi, Zaqatala Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli sorğu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən cavablandırılmadığından, mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, EQ24715202 nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmasını müəyyən etmək mümkün olmadığından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət qismən təmin edilməli, inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş səlahiyyətli orqana qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən barəsində xx.xx.2024-cü il tarixdə tərtib edilmiş EQ 24715202 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana göndərilməli, şikayət qalan hissədə təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-131 və 135-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən barəsində xx.xx.2024-cü il tarixdə tərtib edilmiş EQ 24715202 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün səlahiyyətli orqana, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №3(033)-8/2025
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-8/2025
17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver