Məhkəmə qərarları › İş №3(033)-80/2024

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-80/2024

21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-80/2024 21.02.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi- Zaqatala rayon Vəkil Bürosunun vəkili X6 və Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs -xx xxxxxx 1982-ci il tarixdə Oğuz rayonu Qarabulax kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, bir uşağı olan, natamam orta təhsilli, işləməyən, ünvan 1i ünvanında qeydiyyatında olan və yaşаyan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Zaqatala rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İmanova X8 Rayon Məhkəməsinin 2(033)-782/2022 saylı 11 yanvar 2023-cü il tarixli və 2(033)-271/2023 saylı 08 avqust 2023-cü il tarixli icra sənədləri üzrə icra məmurunun qanuni tələblərinə əməl etməkdən qərəzli olaraq boyun qaçırdığına görə onun barəsində 21 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala rayon İcra və X3 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 izahatında göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-782/2022 saylı 11 yanvar 2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 19100 manat borc və ödənilmiş 393 manat dövlət rüsumu alınaraq iddiaçı X7 verilməlidir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-271/2023 saylı 08 avqust 2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 83000 manat məbləğində pul vəsaiti və 339 manat dövlət rüsumu tutularaq X4 ödənilməlidir. İcra sənədlərinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri edilmiş, sorğular verilmiş, cavablar alınmışdır. Tərəfindən borclu Şəxs «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələbləri izah edilmiş və icra sənədlərinin icrası tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin edilən xəbərdarlıqlara baxmayaraq Şəxs borcunu ödəməyərək icra sənədini icra etməkdən imtina etmişdir. Tələbkarlar şikayətçidir, borcu tam şəkildə tələb edirlər. Buna görə də, onun həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati protokol tərtib edilmişdir. Şəxs avtoqəza keçirdiyindən hazırda ikinci bir şəxsin köməkliyi ilə icra şöbəsinə gətirilmişdir. Onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, həqiqətən də, Zaqatala Rayon Məhkəməsinin 2(033)- 782/2022 saylı 11 yanvar 2023-cü il tarixli icra vərəqəsinə əsasən ondan 19100 manat borc və ödənilmiş 393 manat dövlət rüsumu alınaraq iddiaçı X7 verilməlidir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-271/2023 saylı 08 avqust 2023-cü il tarixli icra vərəqəsinə əsasən ondan 83000 manat məbləğində pul vəsaiti və 339 manat dövlət rüsumu tutularaq X4 ödənilməlidir. O, məhkəmə qərarlarından xəbərdardır. Zaqatala rayon İcra və probasiya şöbəsi tərəfindən göndərilən tələbin könüllü icrası barədə bildirişləri almışdır. Lakin o, borcların heç birini qəbul etmir. Tələbkarlar ona faizə borc pul vermişdir. O, isə borclarını qaytarmışdır. O, məhkəmə qərarlarından da narazıdır. Onun tələbkarlara borcu yoxdur. Onun ancaq Ceyran Vəliyevaya 7000 manata yaxın borcu var, tələbkar isə ondan 19000 manat tələb edir. Eyni zamanda onu da qeyd edir ki, o, avto qəza nəticəsində ağır xəsarət almışdır. Uzun müddət yataq xəstəsi olmuşdur. Hazırda da həmin xəsarətlərdən əziyyət çəkir. Daima ikinci şəxsin köməkliyi ilə hərəkət edir. Göstərilənlərin nəzərə alınmasını və protokola xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X9 çıxış edərək hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün, icra məmurunun izahatları və Zaqatala rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materialla tam təsdiq olundu. İş materiallarından, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri fiziki şəxslər üçün məcburi olmasına baxmayaraq, Zaqatala Rayon Məhkəməsinin 2(033)-782/2022 saylı 11 yanvar 2023-cü il tarixli və 2(033)- 271/2023 saylı 08 avqust 2023-cü il tarixli icra sənədləri üzrə borclu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə Şəxs izahatına hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, onun məhkəmə iclasında verdiyi izahatı, yəni icra vərəqələrinin verilməsinə əsas olmuş məhkəmə qətnamələrindən narazı olması, həmin borcları qəbul etməməsi və ümumiyyətlə onun tələbkarlara borcunun olmaması ilə bağlı verdiyi izahatı özünü müdafiə xarakteri daşıyır, məsuliyyətdən və tənbeh tədbirindən yayınmaq məqsədi güdür. Eyni zamanda, icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcun əhəmiyyətli hissəsini ödəyərək qətnaməni icra etməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq o, qətnaməni icra etməmişdir. Onun göstərdiyi xüsusatlar ümumilikdə heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. İş materiallarında olan sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunsuz və əsassız olaraq icra sənədinin icra edilməsi barədə hərəkətsizlik etməklə, icra məmurunun qanuni tələbinin yerinə yetirilməməsi kimi qanun pozuntusu etmişdir. O, təqsirsiz deyil və onun əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanuni qüvvəyə minmiş qərarın icrasına laqeyd münasibət bəsləməklə bu qərarı icra etməmiş və bununla da icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan aktları icra edilməyərək kağız üzərində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir...Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Şəxs həmin icra sənədində göstərilən tələbi üzürsüz səbəbdən, yəni qəsdən icra etməmişdir. Belə ki, onun qanuni qüvvəyə minmiş qətnamələrdən narazı olması, ümumiyyətlə borcunun olmaması ilə bağlı verdiyi izahatları onun icra sənədlərini qəsdən icra etməməsinə dəlalət edir. Beləliklə, borclu Şəxs həmin icra sənədi üzrə öhdəliklərini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırmış, ümumiyyətlə icra sənədlərində göstərilən borclarının olmadığını bildirmiş, icra sənədində göstərilən tələbləri icra etməmişdir. İşin qeyd edilən halları Zaqatala Rayon İcra və probasiya Şöbəsinin icra məmurunun və tərəflərin məhkəmə iclası zamanı verdiyi izahatları ilə yanaşı, məhkəməyə təqdim edilmiş sənədlərlə də öz təsdiqini tapır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən ağırlaşdıran halın olmamasını, inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyətini, qadın olmasını, həmçinin avtoqəza nəticəsində ağır xəsarət almaqla hazırda hərəkət etmə məhdudiyyətinin olmasını, digər şəxsin köməkliyi hərəkət etməsini, inzibati həbs tətbiq edilməsi üçün müstəsna halın olmamasını nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti proses iştirakçılarına təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar