Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 3(033)-82/2022 21.02.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X5 və Zaqatala rayonu Yol patrul xidməti inspektoru, polis serjantı X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- 26 iyul 1996-cı il tarixdə Zaqatala rayonu Göyəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, öz deməsinə görə eyni xətaya görə il ərzində inzibati məsuliyyətə cəlb olunmamış, Zaqatala rayonu Göyəm kəndində pasport qeydiyyatında olan və orada da yaşаyan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə Zaqatala rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxılmağa hazırlanmasına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şəxs barəsində Zaqatala rayonu Yol patrul xidməti inspektoru, polis serjantı X4 tərəfindən 21 fevral 2022-ci il tarixdə İXP ******* nömrəli protokol tərtib edilmişdir ondan ötrü ki, o, 21 fevral 2022ci il tarixdə saat 10:31-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək barəsində olan material baxılması üçün Zaqatala rayon polis şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı Zaqatala rayonu Yol patrul xidməti inspektoru, polis serjantı X4 izahat verərək göstərdi ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsini “Tik-Tok” sosial şəbəkə vasitəsilə aşkar etmişlər. Lakin həmin xətanın dəqiq törədilmə vaxtını müəyyən edə bilməmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polis şöbəsində izahat verən zaman fevral ayının əvvəllərində qeyd edilən inzibati xətanı törətdiyini bildirmişdir. Tərtib etdiyi protokolda inzibati xətanın törədilmə vaxtını və yerini göstərməmişdir. Tarixi və yeri bilmədiklərindən protokolda göstərə bilməmiş, ancaq həmin videonu sosial şəbəkə vasitəsi ilə aşkar etmişlər. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Zaqatala rayonu Göyəm kəndində yaşayır. Etibarnamə ilə ona məxsus olan VAZ 21011 markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə təxminən keçən ilin yanvarfevral aylarında Zaqatala rayonu Göyəm kəndi ərazisində avtoxuliqanlıq hərəkətləri etmişdir. Həmin hərəkətləri telefon vasitəsilə qeydə almışdır. Avtomobili iki dəfə qəflətən sürətləndirməklə avtomobili yerində fırlatmış və ziq-zaqvari hərəkətlər etmişdir. Bu ilin fevral ayında isə həmin videonu “Tik-Tok” sosial şəbəkə vasitəsilə paylaşmışdır. O, X3 fəal iştirak etmişdir, “cəsur döyüşçü” adına layiq görülmüşdür. Dəqiq yadındadır ki, avtomobillə etdiyi hərəkətləri müharibədən gəldikdən az müddət keçdikdən sonra etmişdir. Etidiyi əməldən peşmandır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X6 çıxış edərək hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işə baxılmağa hazırlanması zamanı proses iştirakçılarını dinləyib, həmin inzibati xəta ilə bağlı toplanmış materialları nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer göstərilsə də, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməmişdir. Həmçinin protokolda inzibati xətanın törədilmə vaxtı qrafasında tarix-21.02.2022ci il saat-10:31 göstərilmişdir. Hansı ki, sonuncu qeyd edilən tarix protokolun tərtib edilmə tarixidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 61.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən hakim, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakını məcburi hesab edə bilər. Həmin Məcəllənin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair qərarından görünür ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 3 may 2019-cu il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Protokolun məhkəməyə göndərilməsinə qədərki yol verilmiş yuxarıda sadalanan nöqsanları isə işin məhkəmə baxışı mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntular protokol tərtib edilənədək yol verilmiş pozuntulardır. Həmin pozuntuları işin məhkəmə mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntuları protokol tərtib etmiş səlahiyyətli orqan aradan qaldırmalıdır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göründüyü kimi Zaqatala rayonu Yol patrul xidməti inspektoru, polis serjantı X4 tərəfindən məhkəməyə təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən tamamlamaq mümkün deyildir. İş materiallarını araşdıraraq belə qənaətə gəlirəm ki, Zaqatala Rayon Məhkəməsinə göndərilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material natamam olduğundan İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən onu tərtib etmiş orqana, yəni Zaqatala rayon polis şöbəsinə qaytarılmalıdır. Məhkəmə sonda onu da qeyd edir ki, İXM-in 100.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Ancaq ciddi hesabat sənədi hesab olunan inzibati xəta haqqında 21 fevral 2022-ci il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, protokol tərtib edən şəxs qanun pozuntusuna yol vermiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın törədildiyi yeri, vaxtı və bu xətanın mahiyyətini protokolda qeyd etməmişdir Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Zaqatala Rayon Məhkəməsinə göndərilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material onu tərtib etmiş orqana, yəni Zaqatala rayon polis şöbəsinə qaytarılsın. Hakim: Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-82/2022
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №3(033)-82/2022
21.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver