Məhkəmə qərarları › İş №3(033)-83/2021

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-83/2021

01.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-83/2021 01.03.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib edən şəxs Zaqatala RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X5 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs-xx xxxxxxxx 1973-cü il tarixdə Zaqatala rayonu Muxax kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, öz deməsinə görə il ərzində inzibati məsuliyyətə cəlb olunmamış, Zaqatala rayonu Muxax kəndində pasport qeydiyyatında olan, orada da yaşаyan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə Zaqatala rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 03 fevral 2021-ci il tarixdə, təxminən gecə saat 03 radələrində Zaqatala rayonu, Muxax kəndində ərzaq mağazasının qarşısında həmkəndlisi Elşən Mahmudov ilə kartla qumar oyunu oynamışlar, qumar oyununda iştirak etmələri Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən aşkar edildiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala RPŞ tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən şəxs Zaqatala RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X8 izahatında göstərdi ki, 03 fevral 2021-ci il tarixdə, təxminən gecə saat 03 radələrində Zaqatala rayonu, Muxax kəndində ərzaq mağazasının qarşısında PPXB-nin polis əməkdaşları xidmətdə olan zaman Şəxs və X4 pul müqabilində kartla qumar oynadıqlarını aşkar etmişlər. Bu hal çəkiliş vasitəsilə də qeydə alınmışdır. Onları şöbəyə gətirmişlər. Onların izahatı alınmış və bunun əsasında Şəxs haqqında 03 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Ona qanuna müvafiq qaydada inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, 02 fevral 2021-ci il tarixdə axşam saat 23 radələrində özünə məxsus “Opel” markalı avtomobillə Muxax kəndi ərazisində yanacaq doldurma məntəqəsinin yanında ərzaq mağazasının qarşısında mağazanın sahibi Elşənlə birlikdə çöldə soyuducunun üstündə kart oyunu oynamışlar. Lakin, onlar həmin oyunu pul müqabilində oynamamışlar. Həmin vaxt ora polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları soyuducunun üzərində olan kartları götürmüşlər. Bundan sonra polis əməkdaşı ona pulları cibinə qoyduğunu demişdir. Sonra cibindən ona məxsus olan 5 ədəd bir manatlıq pul əskinaslarını çıxarmışlar. Həmin pul ona məxsus olmuş, həmin pulu kart oyunu zamanı istifadə etməmişdir. Əvvəllər də bir dəfə qumar oynadığı üçün məsuliyyətə cəlb edilmişdir. Sonra onları polis şöbəsinə aparmışlar. Onların izahatı alınmışdır. Bununla bağlı polis şöbəsində hər birinin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Zaqatala RPŞ-nin PPXB-nin polis nəfəri, X3 izahatında göstərdi ki, 03 fevral 2021-ci il tarixdə gecə saat 03 radələrində Zaqatala rayonu Muxax kəndi ərazisində xidmətdə olduqları zaman tanımadıqları şəxslərin Muxax kəndi ərazisində yanacaq doldurma məntəqəsinin yanında ərzaq mağazasının qarşısında dondurma soyuducusunun üstündə kartla qumar oynadıqlarını aşkar etmişlər. Onlara yaxınlaşdıqda Musa adlı şəxs onları görən kimi soyuducunun üstündə olan kartın bir hissəsini və pulu gizlətmişdir. Onlar Musa adlı şəxsə yaxınlaşıb cibindən kartın bir hissəsini və 5 ədəd 1 manatlıq əskinasları çıxarmışlar. Kartın qalan hissəsi isə soyuducunun üstündə qalmışdır. Həmin vaxt Elşən Mahmudov onlara yaxınlaşaraq işi yerində həll edilməsini onlardan xahiş etmişdir. Lakin, onlar həmin şəxsləri polis şöbəsinə gətirmişlər. Əlavə olaraq qeyd etdi ki, bu hadisəni telefon vasitəsi ilə də qeydə almışdır. Həmin videoçəkilişdən də açıq aşkar görünür ki, Şəxs və X6 pul müqabilində kartla qumar oynamışlar. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Zaqatala RPŞ-nin PPXB-nin polis nəfəri, X9 digər şahid X1 izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Şəxs izahatına hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, onun pul müqabilində qumar oyunu oynamaması ilə bağlı izahatı iş materiallarında olan sübutlarla (onun özünün, şahidlərin izahatları və video çəkilişlə) təkzib olunur, onun hazırki izahatı məsuliyyətdən və barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasından yayınmaq məqsədi güdür və bu səpkidə izahatı işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, protokol tərtib edən şəxsin və şahidin izahatları, videoçəkilişlə, Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə-oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525ci maddəsi ilə tövsif olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 26.1 və 26.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1 və 151.2-ci maddələrinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Predmetin müsadirəsi haqqında qərarın icrası başa çatdıqda, bu barədə müvafiq qeyd aparılmaqla həmin qərar onu qəbul etmiş hakimə qaytarılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halların olmasını, onun şəxsiyyətini və əmlak vəziyyətini nəzərə alaraq, məhkəmə onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olmuş predmeti müsadirə edilməklə inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinib, Zaqatala RPŞdə saxlanılan 29 ədəd kart və 5 manat pul müsadirə edilməklə 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar