Məhkəmə qərarları › İş №3(033)-84/2022

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-84/2022

15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-84/2022 15.03.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyi protokol tərtib etmiş orqan, Azərbaycan Respublikası Dövlət X13 Regional Reklam İdarəsinin nümayəndələri X1, X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin qanuni təmsilçisi X4 və Cəmiyyətin nümayəndəsi X6 iştirakları ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Dövlət X13 Regional Reklam İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə olan inzibati xətaya dair iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvan 1ində ona məxsus Cəmiyyətin fasadında 1,3m x 1,30m x 1 ədəd = 1,69 kv.m, 0,50m x 4,50m x 1 ədəd = 2,25 kv.m, 0,95m x 0,95m x1 ədəd = 0,90 kv.m, 0,60m x 3,50m x 1 ədəd = 2,10 kv.m, cəmi 4 sayda 6,94 kv.m ölçüdə fasad reklamlarının açıq məkana ünvanlanmaqla müvafiq icazə sənədləri olmadan yerləşdirilmişdir. Buna görə də, onun barəsində Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsinin Estetik Nəzarət şöbəsinin böyük müfəttişi X11 tərəfindən 15 fevral 2022-ci il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Azərbaycan Respublikası Dövlət X13 Regional Reklam İdarəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı protokol tərtib etmiş orqan, Azərbaycan Respublikası Dövlət X13 Regional Reklam İdarəsinin nümayəndəsi X5 izahatında göstərdi ki, ünvan 1ində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus obyektin fasadında açıq məkanda icazəsiz reklam yerləşdirilməsi və yayımı faktı aşkar edilmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət X13 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair İRY 001790 nömrəli, 02 fevral 2022-ci il tarixli akt tərtib edilmiş və həmin aktda göstərilmişdir ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin tələbləri pozulmaqla açıq məkanda ünvan 1ində Cəmiyyətin binasının fasadında 1,3m x 1,30m x 1 ədəd = 1,69 kv.m, 0,50m x 4,50m x 1 ədəd = 2,25 kv.m, 0,95m x 0,95m x1 ədəd = 0,90 kv.m, 0,60m x 3,50m x 1 ədəd = 2,10 kv.m, cəmi 4 sayda 6,94 kv.m ölçüdə "xxxx" MMC-yə məxsus fasad reklamları müvafiq icazə sənədləri olmadan yerləşdirilmişdir və yayımlanmaqdadır. Bundan sonra, 02 fevral 2022-ci il tarixdə İMG 001790 nömrəli İcrası Məcburi olan Göstəriş tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-yə göstəriş göndərilmiş, sonuncu tərəfindən isə xəbərnaməyə imza edilməklə təhvil alınmışdır. Bundan sonra 15 fevral 2022-ci il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə göndərilmiş, sonuncu tərəfindən də xəbərnaməyə imza edilməklə təhvil alınmışdır. Onun həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin tərkibi olduğundan barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclası zamanı protokol tərtib etmiş orqan, Azərbaycan Respublikası Dövlət X13 Regional Reklam İdarəsinin nümayəndəsi X8 digər nümayəndənin izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdi və əlavə olaraq göstərdi ki, 02.02.2022-ci il tarixdə reklam yayıcısı olan hüquqi şəxsin qanuni təmsilçisinin iştirakı olmadan açıq məkanda icazəsiz reklam yerləşdirilməsinə dair İRY 001790 nömrəli akt və həmin tarixli İMG 001790 nömrəli icrası məcburi olan Göstəriş tərtib edilmişdir. Həmin akt və göstəriş Rİ-5/01-02/-89 nömrəli 03.02.2022-ci il tarixli məktubla reklam yayıcısı olan hüquqi şəxsin ünvanına göndərilmişdir. İş üzrə materiallara əlavə edilən xəbərnamədən görünür ki, akt və göstərişin göndərilməsinə dair Rİ-5/01-02/-89 nömrəli 03.02.2022-ci il tarixli məktub 07.02.2022-ci il tarixdə reklam yayıcısı olan hüquqi şəxsin qanuni təmsilçisi Cəfər Əliyev tərəfindən təhvil alınmışdır. Göstərişdə qeyd olunan müddət ərzində (5 gün) reklam yayıcısı tərəfindən icazəsiz reklam yayımı dayandırılmadığı üçün onun barəsində 15.02.2021-ci il tarixdə X16 İdarəsinin Estetik nəzarət şöbəsinin böyük müfəttişi X11 tərəfindən İXM-nin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsi haqqında MN ******* nömrəli protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolun tərtib ediləcəyi yer və vaxt barədə əvvəlcədən, yəni 14.02.2022-ci il tarixdə hüquqi şəxsin qanuni təmsilçisi X4 istifadəsində olan ********** nömrəli mobil telefonuna idarənin ********** nömrəli korporativ telefonu vasitəsi ilə telefonoqram vurularaq məlumat verilmişdir. İnzibati xəta haqqında protokolun tərtib ediləcəyi yer və vaxt barədə məlumat verilməsinə baxmayaraq, protokol onun iştirakı olmadan tərtib edilmiş və İXM-nin 100.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında protokolun surəti Rİ-5/01-02/-179 nömrəli 16.02.2022-ci il tarixli məktubla onun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Eyni zamanda inzibati xəta haqqında protokol İXM-nin 103.1-ci maddəsinin tələbinə əsasən aidiyyatı üzrə baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Müvafiq akt və protokol tərtib edilərkən çəkilmiş fotoşəkillər maddi sübut olaraq iş materiallarına əlavə edilmişdir. Həmçinin Şəxs MMC-nin hüquqi şəxs kimi vergi ödəyicisi olması barədə Vergilər Nazirliyinin internet Vergi idarəsinin çıxarışı iş materillarına əlavə edilmişdir. Odur ki, İXM-nin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi, reklam yayıcısı tərəfindən qanunvericilikdə göstərilən müddət ərzində həmin hallar aradan qaldırılmadığı üçün bundan sonra X16 idarəsi tərəfindən reklam yayıcısı olan hüquqi şəxsin barəsində “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3.7-ci bəndinə (inzibati xəta əlamətləri aşkar etdikdə) uyğun olaraq barəsində inzibati Xətalar Məcəlləsinin 428.7.1 -ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC barəsində İXM-in 18-ci maddəsi nəzərə alınmaqla inzibati tənbeh edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X7 izahat verərək göstərdi ki, X16 İdarəsi tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş 001790 nömrəli, 02.02.2022-ci il tarixli Akta əsasən açıq məkanda Şəxs MMC-yə məxsus ünvan 1i ünvanında yerləşən obyektdə cəmi 4 sayda 6.94 kv.m. ölçüdə fasad reklamları müvafiq icazə sənədi alınmadan yerləşdirilməsi və yayımlanması qeyd edilmişdir. Bundan başqa 001790 nömrəli, 02.02.2022-ci il tarixli icrası məcburi olan Göstəriş tərtib edilmiş, həmin Göstərişə əsasən Aktda qeyd olunan qanun pozuntuları 5 gün ərzində aradan qaldırılması tələb olunur. Bu tələblə bağlı X16 İdarəsi tərəfindən Rİ-5/01-03/89 nömrəli, 03.02.2022-ci il tarixli məktub göndərilmişdir. Həmin tələbə 5 gün ərzində baxılmış, sözügedən tələbin qanuniliyi və əsaslılığı baxımından ona hüquqi qiymət verilməsi üçün müvafiq məhkəməyə müraciət olunması barədə ilkin olaraq, yəni, 10.02.2022-ci il tarixdə X16 İdarəsinin elektron poçt ünvanlarına, daha sonra isə kağız daşıyıcıda poçt rabitəsi vasitəsi ilə müraciət göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 19.12.2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 1.10-cu bəndinə əsasən müvafiq qurumun hərəkət və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Qanunvericiliyin qeyd olunan normasına uyğun olaraq X16 İdarəsinin hərəkətindən, yəni onun tərəfindən açıq məkanda reklamla bağlı verilmiş tələbdən Şəki İnzibati Məhkəməsinə şikayət verilmişdir. Hazırda bununla bağlı 2-1(116)-940/2022 nömrəli iş Şəki İnzibati Məhkəməsinin icraatındadır. Bundan başqa, X16 İdarəsinin açıq məkanda reklamla bağlı verdiyi tələb qanuni və əsaslı deyildir. Belə ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən reklam - reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən reklam obyekti - reklam olunan mallar, işlər və xidmətlər (bundan sonra - əmtəə), onun fərdiləşdirilmə vasitələri, həyata keçirilən kommersiya və qeyri-kommersiya xarakterli tədbirlərdir. Göründüyü kimi, reklam obyektinə şirkətin (müəssisənin) adı, loqosu aid edilməmişdir. Buna görə də, qeyd olunan qanunda verilmiş reklam anlayışına görə şirkətin (müəssisənin) adı, loqosu reklam hesab oluna bilməz. Ancaq, X16 İdarəsi tərəfindən Şəxs MMC-yə məxsus ünvan 1i ünvanında yerləşən obyektdə açıq məkanda reklam kimi aktlaşdırdığı yazı və təsvir müəssisənin həyətinə giriş hissəsindəki ofisin və həyətin içərisində yerləşən anbarın üstündə yazılmış Şəxs MMC adı və onun loqosudur. Bu da Qanunda verilmiş reklam anlayışına görə reklam hesab oluna bilməz. Hər bir halda, yayımlanan məlumat ilkin olaraq reklam kimi Qanunda verilmiş reklam anlayışına görə düzgün tövsif olunmalı, daha sonra açıq məkanda olması və icazə alınması tələb olunub-olunmaması aydınlaşdırılmalıdır. Hazırki halda isə yayımlanan məlumat, yəni, Şəxs MMC sözü və onun loqosu reklam sayıla bilməz. Uyğun olaraq da yayımlanmasına icazə alınması da tələb oluna bilməz. Buna görə də, X16 İdarəsi tərəfindən Şəxs MMC barəsində başladığı inzibati xəta haqqında icraat əsaslı və qanuni sayıla bilməz. Beləliklə, Şəxs MMC tərəfindən icrası məcburi olan Göstərişdə qeyd olunan müddət ərzində X16 İdarəsinə müraciət olunması, “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydasının 1.10-cu bəndinə uyğun olaraq məhkəməyə şikayət verilməsi, həmçinin, Şəxs MMC sözü və onun loqosu Qanunda verilmiş reklam anlayışına görə reklam hesab oluna bilməməsi kimi halları nəzərə alaraq X16 İdarəsi tərəfindən Şəxs MMC barəsində başladığı inzibati xəta haqqında icraata xitam verilməlidir. Bundan başqa, o da qeyd olunmalıdır ki, müəssisənin içərisində yerləşən binanın fasadında olan müəssisənin adının qarşısında olan ağac yarpaqlanan zaman həmin ad görünmür. Ona görə də, bu fasadda olan cəmiyyətin adı da reklam hesab oluna bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq X16 İdarəsi tərəfindən Şəxs MMC barəsində başladığı inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin qanuni təmsilçisi X9 nümayəndənin izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdi və inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə "xxxx" MMC-nin nümayəndəsinin izahatında qeyd etdiklərinə hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, nümayəndənin izahatında göstərdiyi ilk dəlili ondan ibarətdir ki, reklam obyektinə şirkətin (müəssisənin) adı, loqosu aid edilməmişdir. Buna görə də, qeyd olunan qanunda verilmiş reklam anlayışına görə şirkətin (müəssisənin) adı, loqosu reklam hesab oluna bilməz. Ancaq, X16 İdarəsi tərəfindən Şəxs MMC-yə məxsus ünvan 1i ünvanında yerləşən obyektdə açıq məkanda reklam kimi aktlaşdırdığı yazı və təsvir müəssisənin həyətinə giriş hissəsindəki ofisin və həyətin içərisində yerləşən anbarın üstündə yazılmış Şəxs MMC adı və onun loqosudur. Bu da Qanunda verilmiş reklam anlayışına görə reklam hesab oluna bilməz. Məhkəmə isə bu hala qiymət verərək qeyd edir ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Həmin Qanunun 26.8-ci maddəsinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyrikommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Həmçinin “Reklam haqqında” Qanunun 4.8-ci maddəsində göstərilmişdir ki, Reklam qurğuları insanların rahatlığını pozmamalı, nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaratmamalı, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş texniki tələblərə cavab verməlidir. Reklam qurğusundan yalnız reklamın yayımlanması məqsədi ilə istifadə oluna bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 499 nömrəli qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki Tələblər”-in 1.1-ci bəndinə əsasən bu Texniki Tələblər “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 4.8-ci maddəsinə uyğun olaraq hazırlanmışdır. “Reklam qurğularına Texniki Tələblər”-in 3.15-ci bəndinə əsasən binaların damında hərflər və loqotiplər şəklində yerləşdirilən reklam qurğuları reklam səthi (hərflər, simvollar, rəqəmlər), bədii elementlər (loqotip, nişanlar və s.) və dayaq elementlərindən ibarət, yalnız daxili işıqlandırmaya malik reklam qurğularıdır. Binaların damında yerləşdirilən reklam qurğularının hündürlüyü 1-3 mərtəbəli binalar üçün 1,80 metrdən, 4-7 mərtəbəli binalar üçün 3,00 metrdən, 8-12 mərtəbəli binalar üçün 4,00 metrdən, 13-17 mərtəbəli binalar üçün 5,00 metrdən, 18 və daha çox mərtəbəsi olan binalar üçün 6,00 metrdən çox olmamalıdır. Reklam qurğularının uzunluğu fasadın uzunluğu 35,00 metrədək olduqda, onun uzunluğunun 80 faizindən, 35,00 metrdən çox olduqda, onun uzunluğunun 50 faizindən çox olmamalıdır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını göstərən yazılar ölçüləri nəzərə alınmaqla reklam hesab edilir. Bundan başqa, "xxxx" MMC-nin nümayəndəsinin daha sonra göstərdiyi dəlili ondan ibarətdir ki, 001790 nömrəli, 02.02.2022-ci il tarixli icrası məcburi olan Göstəriş tərtib edilmiş, həmin Göstərişə əsasən Aktda qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması tələb olunmuş, onlar tərəfindən həmin tələbə 5 gün ərzində baxılmış, sözügedən tələbin qanuniliyi və əsaslılığı baxımından ona hüquqi qiymət verilməsi üçün müvafiq məhkəməyə müraciət olunmuşdur. Məhkəmə isə bu hala qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3.5.1-ci bəndinə əsasən - Müvafiq qurum (Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi) açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); Həmin “Qayda”nın 3.5.2-ci bəndinə əsasən bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. Göründüyü kimi, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etmiş, reklam yayıcısına, yəni "xxxx" MMC barəsində pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi Cəmiyyətə təqdim etmişdir. Cəmiyyətin isə 001790 nömrəli, 02.02.2022-ci il tarixli icrası məcburi olan Göstərişin ləğv edilməsi barədə məhkəməyə müraciət etməsi həmin göstərişin icrasının dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsas ola bilməz. Həmçinin nümayəndənin dəlil kimi göstərdiyi müəssisənin içərisində yerləşən binanın fasadında əks olunan müəssisənin adının qarşısında olan ağacın yarpaqlanan zaman həmin adın görünməməsi ilə bağlı dəlili də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsas ola bilməz. Belə ki, məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, hüquqi şəxsin nümayəndəsinin göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur, onun göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi proses iştirakçılarının izahatı və sübutlarla, eləcə də Azərbaycan Respublikası Dövlət X13 Regional Reklam İdarəsindən daxil olmuş materialla tam təsdiq olundu. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə-olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə-fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, reklam haqqında qanunvericiliyin qeyd edilən normasına görə birbaşa aid olduğu obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü ifadə edən lövhə yalnız onun ümumi ölçüsü 1 kvadratmetrdən, sayı isə 1-dən artıq olmadıqda reklam daşıyıcıları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. İş materiallarına əlavə edilmiş İRY 001790 nömrəli, 02 fevral 2022-ci il tarixli aktda və akt tərtib edilən zaman və protokol tərtib edilən zaman çəkilmiş fotoşəkillərdə isə obyektin üzərindəki lövhələr ayrıayrılıqda 2 ədəd olmaqla ümumi ölçüsünün 1 kv.m.-dən böyük olduğu aydın şəkildə müşahidə edilir. Bu sonuncu hal Cəmiyyətin nümayəndəsi tərəfindən də təsdiq edilir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-3-cü maddəsinə əsasən reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir. Həmin Qanunun 35.3-cü maddəsinə əsasən açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci cümləsinin tələbi nəzərə alınmaqla, açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısına bu Qanunun 26.2-ci maddəsinə uyğun olaraq verilən icazədə müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Dövlət X13 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməməsinə baxmayaraq, məhkəmə araşdırması zamanı da onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, eyni zamanda onun əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib, 5000 (beş min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə və Azərbaycan Respublikası Dövlət X13 Regional Reklam İdarəsinə təqdim edilsin (poçtla göndərilsin). Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar