Məhkəmə qərarları › İş №3(033)-84/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-84/2023

16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-84/2023 16.03.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun vəkili Vəkil və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi, polis kapitanı X2 iştirakları ilə, 29 avqust 1987-ci il tarixdə Zaqatala rayonu Mosul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, Zaqatala rayonu Mosul kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan – Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Zaqatala Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində xx.xx.2023-cü il tarixində saat 15:30 radələrində Zaqatala RPŞ-nin qarşısında küçədə nalayiq ünvansız söyüşlər söymüş və polis əməkdaşlarının qanuni tələbinə tabe olmamasına görə Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X4 tərəfindən xx.xx.2023-cü il tarixdə, MN №1587679 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X4 məhkəmə prosesində izahat verərkən bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində RPŞ-nin giriş qapısında Zaqatala RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantları X3 və X5 xidmətdə olarkən bir nəfər vətəndaş RPŞ-nin giriş qapısına yaxınlaşaraq rəhbərliklə görüşmək istədiyini bildirmiş onlar ona rəhbərlik hələ səyyar iclasda iştirak etməsi üçün getdiyini bildirsələrdə o bu dəqiqə məni qəbul etməlidirlər deyərək ünvansız küçə söyüşləri söyməyə başlayıb. Polis əməkdaşları onu nizam intizama dəvət etsələrdə o əməkdaşların qanuni tələblərinə qəsdən tabe olmayaraq hərəkətlərini davam etdirib. Sonradan həmin şəxsin Zaqatala rayon Mosul kənd sakini Şəxs olduğu müəyyən olunmuş və onun tərəfindən barəsində inzibati protokol tərtib edilmişdir. Eyni zamanda Şəxs dəfələrlə DİN-in “102” qaynar xəttinə əsassız zənglər etmişdir. O, Şəxs barəsində qanuni tədbir görürlməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə prosesində verdiyi izahatında göstərmişdir ki, 15 mart 2023-cü il tarixdə təxminən saat 15:05 radələrində Zaqatala RPŞ-nin qarşısında olan zaman polis əməkdaşlarına yaxınlaşaraq həbsdə olan qardaşı Əhlimanın gümüş boyunbağının harada olması barədə soruşmaq üçün rəis müavini Daşqın müəllimin qəbuluna getmək istədiyini bildirdi və Daşqın müəllim onu qəbul etdi. Daşqın müəllim boyunbağının harda olmasını bilmədiyi üçün küçəyə çıxaraq 7-8 dəfə 102 qaynar xəttinə zəng edib müraciətini bildirmişdir. O küçədə ünvansız söyüşlər işlətməmişdir. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Zaqatala RPŞ-nin PPXB-nün polis nəfəri polis serjantı X3 izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 09:00-dan 21:00-dək ZRPŞ-nin 1 saylı postunda xidmətdə olan zaman saat 15:30 radələrində bir nəfər vətəndaş RPŞ-nin giriş qapısına yaxınlaşaraq rəis müvini Daşqın müəllimlə görüşmək istədiyini bildirmiş onlar ona rəhbərlik hələ səyyar iclasda iştirak etməsi üçün getdiyini bildirsələrdə o bu dəqiqə məni qəbul etməlidir yoxsa bu dəqiqə özünə xəsarət yetirəcəyini və qanını onların üstünə tökəcəyini deyərək ünvansız küçə söyüşləri söyməyə başladı. Onlar onu nizam intizama dəvət etsələrdə o əməkdaşların qanuni tələblərinə qəsdən tabe olmayaraq hərəkətlərini davam etdirib. Sonradan həmin şəxs növbətçi hissəyə gətirərək təhvil vermişlər. Məhkəmə iclasında iştirak edən Zaqatala Rayon Vəkil Bürosunun vəkili Vəkil çıxışında bildirmişdir ki, Şəxs əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş etmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Zaqatala Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi, polis kapitanı X4 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş “İnzibati qaydada tutma haqqında” protokolundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:45-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, müdafiəçinin və inzibati protokolu tərtib etmiş şəxsin, şahidin izahatlarını və çıxışlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlirəm ki, Şəxs xx.xx.2023-cü il tarixində saat 15:30 radələrində Zaqatala RPŞ-nin qarşısında küçədə səsküy salaraq ictimai qaydanı pozması, polis əməkdaşlarının qanuni tələbinə tabe olmaması, bununla da Azərbaycan Respublikası İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli olması iş üzrə toplanmış materiallarla tam sübuta yetirilmişdir. Ona görə də o, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğundan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin xətalardan daha ciddi xəta olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, eləcə də inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm onun, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə Şəxs tənbehin, inzibati həbs növündə təyin edilməsi inzibati tənbehin məqsədlərinə uyğundur. Odur ki, Şəxs inzibati həbs təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclası zalında həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun inzibati qaydada tutulduğu vaxtdan, yəni 15 mart 2023-cü il tarixdən, saat 15:45-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Zaqatala RPŞ-nə həvalə edilsin. Qərarın surəti proses iştirakçılarına təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar