Məhkəmə qərarları › İş №3(033)-86/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-86/2023

22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-86/2023 22.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Ayşə İsrafil qızının katibliyi, Şikayət verən şəxs X6 və inzibati xəta haqqında protokol tərtib edən orqan Azərbaycan Respublikası X5 nümayəndəsi X10 iştirakları ilə, Şikayət verən şəxs X6 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 rəisi X23 tərəfindən qəbul edilmiş 09 mart 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X12 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, AQTA-nın Şəki - Zaqatala RB-nin rəisi X17 xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli onun cərimə olunmağına dair inzibati xəta haqqında qərarın ləğv edilməsinə və inzibati işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X12 şikayət ərizəsində göstərmişdir ki, AQTA-nın Şəki - Zaqatala RB-nin rəisi X23 xx.xx.2023-cü il tarixdə X7 MN ******* nömrəli protokol yazaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyini göstərərək, 1500 (bir min beş yüz) manat cərimə edilməyinə dair xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli “İnzibati tənbeh vermə haqqında Qərar” tərtib etmişdir. Qərarda marketdə istifadə müddəti bitmə 3 ədəd xiyar turşusu, 3 ədəd konservləşdirilmiş qarğıdalı, 1 ədəd konservləşdirilmiş qarox, 15 ədəd şəkərli vanel, 1 ədəd konservləşdirilmiş tomat aşkar edilməsi göstərilmişdir. Qərarı xx.xx.2023-cü il tarixdə almışdır. Qərarla razı deyil, qərarı qanunsuz hesab edir. Ona görə ki, tanımadığı və bilmədiyi polislər işlədiyi mağazaya daxil olaraq mağazada axtarış işləri aparmağa başladılar. Sonda onun kənara qoyduğu, yəni satışdan çıxartdığı saxlanma vaxtı ötmüş malları üstü örtülü yerdən dartıb çıxartdılar. Bundan sonra onu polis şöbəsinə apardılar. Polis şöbəsində onun hər hansı bir hüquqlarını izah etmədən, ona hər hansı bir vəkil təqdim etmədən, ona izahat yazmağını göstəriş vermişdilər. Əks halda barəsində tədbir görüləcəyini bildirmişdirlər. O isə hüquqlarını bilmədiyindən, polislərin bu hərəkətlərindən qorxduğundan, eyni zamanda polislərin bu hərəkətlərindən həyəcanlı olduğundan polislərin dediyi kimi izahat yazmışdır. Lakin izahatında da qeyd etmişdir ki, polislərin axtararaq aşkar etdikləri mallar vitrinlərin altına üstü örtülü yerə ona görə qoyulmuşdur ki, onların saxlama müddəti ötmüşdür. Həmin mallar ona görə bir kənarda saxlanılırdı ki, malları gətirən firma nümayəndələri gəldikdə həmin mallar firma nümayəndələrinə geri qaytarılır. Malları geri qaytarmadığı halda və yaxud da həmin malların müddəti ötdüyünə görə tulladığı halda həmin malların dəyərini o firmaya ödəməli idi. Buna görə də sahibkarlar məcburdur ki, saxlama müddəti ötmüş malları satışdan çıxararaq mağazanın bir küncündə üstünü örtüb saxlasınlar və firma nümayəndələrini gözləsinlər. Vəziyyətin belə olduğunu bilən bəzi polislər bu vəziyyətdən istifadə edərək mağazalarda axtarış aparır və insanları bu formada incidirlər. Onu da bildirmək istəyir ki, hər hansı bir məhkəmə qərarı olmadan polisin mağazada axtarış aparmaq səlahiyyəti yoxdur. Qeyd olunan izahatları polis ona ziyan vurmaq məqsədi ilə X5 X8 göndərmiş, həmin bölmənin rəisi X23 onun iştirakı olmadan, onun hüquqlarını ona izah etmədən, onun hüquqlarını kobud şəkildə pozaraq onun iştirakı olmadan ona İXM-nin 447.0.2-ci maddəsi ilə 1500 manat cərimə yazmışdır. Həmin qərar qanunsuzdur ona görə ki, 447.0.2-ci maddəsində qeyd olunur ki, saxlama müddəti ötmüş məhsulların satılmasına görə cərimə edilir. Hazırki inzibati işin içərisində isə onun tərəfindən hər hansı bir saxlama müddəti ötmüş məhsulların satılması halı baş verməmişdir. Məhsulların mağazadan satılması halı o halda baş verir ki, o hər hansı bir malın pulunu alaraq kassaya mədaxil edərək, kassa qəbzi təqdim edərək məhsulu şəxsə satır. Hazırki işdə isə hər hansı bir satış baş vermədiyi halda ona məhsulların satılmasına görə cərimə yazılmışdır. Ona cərimə yazan vəzifəli şəxs məhkəmə iclasında ona sübut etməlidir ki, o saxlama müddəti ötmüş məhsulları hər hansı bir şəxsə satmışdır. Satmağını təsdiq etmək üçün isə məhsulu alan şəxs və kassadan verilmiş məhsulun dəyərinin ödənilməsini təsdiq edən qəbz təqdim edilməlidir. Əks halda onun hərəkətində hər hansı bir inzibati xətadan söhbət gedə bilməz. İXM-nin 8-ci maddəsində qeyd olunur ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr isə onun xeyrinə həll olunmalıdır. Qeyd olunan maddənin tələbindən görünür ki, ona cərimə tətbiq etmiş vəzifəli şəxs olan X23 məhkəmə iclasına gəlməli və orada ona saxlama müddəti ötmüş məhsulları satdığını, nə vaxt, harada, hansı saatda, hansı dəqiqədə satdığını sübut etməlidir. Əks halda həmin qərar ləğv edilməlidir. Şikayət verən şəxs X12 şikayət ərizəsini müdafiə edərək ona uyğun izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Aktla götürülən məhsullar ona məxsus mağazanın daxilində vitrinlərin altında bir qutuda olmuşdur. Onun mağazasında müddəti bitmiş məhsullar artıq saxlanılmır, nə də ki, müddəti bitmiş məhsullar satılmamışdır. Həmçinin Zaqatala Rayon Polis Şöbəsində ona məcburi yazdırmışlar. Ona izahatı mağazada yazdırmaq istəyəndə o bundan imtina etmişdir. Son istifadə müddəti bitmiş qida məhsulları qərarda göstərlən sayda deyil, az olmuş, həmin mallar vitrində olmamış, həmin məhsulları vitrinin altında karton qutuya yığıb saxlamışdır. Polis əməkdaşları mağazaya girib vitrini axtarmışlar. Firmanın nümayəndələri gələndə geri qaytarması üçün son istifadə müddəti bitmiş qida məhsullarını qablaşdırıb saxladığını onlara bildirmişdir. Polis əməkdaşları başqa mağazalarda da belə qanunsuz yoxlamalar aparmışlar. Polis əməkdaşları ondan rüşvət tələb etmişlər, lakin pulun miqdarını bildirməmişlər. Son istifadə müddəti bitmiş qida məhsullarının yığıldığı karton qutunun üzərində rus dilində “vozvrat” sözü yazılmışdır. Polis əməkdaşları ona təsir edərək izahat yazdırmışlar. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokol tərtib edən orqan Azərbaycan Respublikası X5 nümayəndəsi X16 izahatında göstərdi ki, X6 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol qanuni, əsaslı və ədalətlidir. X12 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən qayda pozuntusunu etdiyinə görə o, inzibati qaydada 1500 manat məbləğində cərimə edilmişdir. Belə ki, 10 fevral 2023-cü il tarixdə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları Zaqatala rayonu Muxax kəndi ərazisində yerləşən “Halal” market adlı mağazada istifadə müddəti bitmiş olan ərzaq məhsullarının satıldığını müəyyən etmişlər. Həmin məhsullar, yəni 3 ədəd xiyar turşusu, 3 ədəd konservləşdirilmiş qarğıdalı, 1 ədəd konservləşdirilmiş noxud, 15 ədəd şəkər vanili, 1 ədəd konservləşdirilmiş tomat mağaza sahibi Mübariz Mollayevin iştirakı ilə tərtib edilmiş akta əsasən götürülmüşdür. Mağaza sahibi X6 izahatı Zaqatala Rayon Polis Şöbəsində alınmış, o törətdiyi əməli etiraf etmişdir. Toplanmış materiallar Zaqatala Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli müşayiət məktubu ilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X4 göndərilmişdir. Bu materiallar əsasında vəzifəli şəxs X12 barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X9 tərəfindən 24 fevral 2023-cü il tarixdə MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. 09 mart 2023-cü il tarixdə X6 iştirakı olmadan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X3 inzibati xəta haqqında işə baxılmış və nəticədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 rəisi X23 tərəfindən X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə təqsirli bilinənək 1500 manat inzibati cərimə edilməsinə dair 09 mart 2023-cü il tarixdə MN1311777 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə şikayət verən şəxs X6 şikayətini, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, X6 şikayəti qismən təmin edilməli, yəni 09 mart 2023-ci il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 24 fevral 2023-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, saxlama müddəti ötmüş məhsulları satmaqla istehlakçıların hüquqlarını pozmuşdur. O, qeyd olunan inzibati xətanın törətməməsini əsas gətirərək inzibati xəta haqqında 09 mart 2023-ci il tarixdə tərtib edilmiş MN ******* saylı qərarın ləğv edilməsini və inzibati işin icraatına xitam verilməsini xahiş edir. X1 məhkəmə iclasında qeyd etmişdir ki, aktla götürülən məhsullar ona məxsus mağazanın daxilində vitrinlərin altında bir qutuda olmuşdur. Həmçinin polis şöbəsində izahat verərkən onu məcbur edib belə bir izahat yazdırıblar. Belə ki, iş materiallarında olan X6 Zaqatala Rayon Polis Şöbəsində verdiyi izahatından görünür ki, qəbul etdiyi ərzaq məhsullarının saxlama müddətlərinin başlama və bitmə tarixlərinə özü nəzarət edir. Məhsulları satarkən o saxlama müddətinə baxdıqdan sonra həmin məhsulları müştəriyə satır. Ona məxsus Halal mağazasında polis əməkdaşları tərəfindən keçirilmiş reyddə istifadə müddəti keçmiş məhsullar müəyyən edilmişdir. Həmin məhsullar ona məxsusdur və bir daha belə hərəkətə yol verməyəcəyini qeyd etmişdir. AQTA-nın X25 tərəfindən X7 ünvanlanmış 22 fevral 2023-cü il tarixli 3-44-11/2-M-207Ş/2023 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlanılması bildirişdən görünür ki, X12 barəsində inzibati xəta haqqında iş üzrə icraata baxılması 24 fevral 2023-cü il tarixə saat 11:00-a təyin edilmişdir. İnzibati xətaya dair işə baxılması yeri və iştirakının zəruriliyi barədə Mübariz Mollayevə məlumatlandırılmışdır. AQTA-nın X25 tərəfindən X7 ünvanlanmış 24 fevral 2023-cü il tarixli 3-44-11/2-M-218B/2023 nömrəli inzibati xətalar haqqında işlər üzrə bildirişdən görünür ki, X12 barəsində 24 fevral 2023-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xətaya baxılması 09 mart 2023-cü il tarixə saat 16:00-a təyin edilmişdir. İnzibati xətaya dair işə baxılması yeri və iştirakının zəruriliyi barədə Mübariz Mollayevə məlumatlandırılmışdır. AQTA-nın Şəki RB-nin rəisi X23 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli 09 mart 2023-cü il tarixli qərardan görünür ki, X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş aktın surətindən görünür ki, X7 məxsus Zaqatala rayonu Muxax kəndində yerləşən “Halal” marketdə 3 ədəd xiyar turşusu, 3 ədəd konservləşdirilmiş qarğıdalı, 1 ədəd konservləşdirilmiş noxud, 15 ədəd şəkər vanili, 1 ədəd konservləşdirilmiş tomat Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Zaqatala Rayon Məhkəməsinin 3(033)-86/2023 nömrəli 04 aprel 2023-cü il tarixli qərarı ilə X6 “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən barəsində 09 mart 2023-cü il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi” tələbinə dair şikayəti təmin edilməmişdir. Şəki Apelyasiya Məhkəməsinin 3(107)-111/2023 nömrəli 04 may 2023-cü il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X12 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli 3(033)-86/2023 nömrəli qərarı ləğv edilmiş inzibati xəta haqqında iş yenidən baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. X21 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə tərəfindən şübhələri və ziddiyyətli məqamları barəsində protokol tərtib edilmiş şəxsin xeyrinə həll olunması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. Həmin Məcəllənin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddısinə əssən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İnzibati xətanın anlayışından bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X12 barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X3 aparılan inzibati iş üzrə icraat Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər baxımından işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur.Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət” Qaydalarının 4.8-ci bəndinə əsasən yararlılıq müddəti ötmüş, qablaşdırılması və markalanması texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən mallar satışda olan mallarla bir yerdə saxlanılmamalıdır. Belə mallar mal sahibi (satıcı) tərəfindən satış dövriyyəsindən çıxarılaraq, ticarət zalında və ya anbar sahəsində xüsusi ayrılmış yerdə saxlanılmalıdır. Yararlılıq müddəti ötmüş mallar mal sahibi (satıcı) tərəfindən xüsusi vasitələrin köməyi ilə istifadə üçün tam yararsız vəziyyətə gətirilməlidir. İşin hallarından görünür ki, protokol fərdi sahibkar tərəfindən yazılmış izahata və polis orqanı tərəfindən tərtib olunmuş akta əsasən yazılmışdır. Belə ki, vətəndaş izahatında özü təsdiq etmişdir ki, həmin qida məhsullarını son istifadə müddəti bitmişdir. Dəqiqləşdirmə aparmalı olsalar da, sahibkarın izahatında göstərdiklərinə əsasən dəqiqləşdirmə aparmağa ehtiyac görməmişlər. Həmin vaxtı keçmiş məhsulların ordan aşkar olunub götürülən zaman hər hansı xüsusi bir çəkilişdən istifadə olunmamış, bununla bağlı foto şəkillər və görüntüsü yoxdur. Vaxtı keçmiş məhsulların satışda olması iş materialları ilə təsdiq olunmur. Polis əməkdaşlarının səlahiyyətləri olmamasına baxmayaraq fərdi sahibkarları yoxlama aparmış və bununla bağlı araşdırma aparmışlar. Göründüyü kimi, səlahiyyətli orqan tərəfindən son istifadə müddəti bitmiş qida məhsullarının saxlandığı qutunu görmədən, fərdi sahibkar tərəfindən yazılmış izahata və polis orqanı tərəfindən tərtib olunmuş akta əsasən protokol yazılmışdır. Belə ki, vətəndaş izahatında özü təsdiq etmişdir ki, həmin qida məhsullarını son istifadə müddəti bitmişdir. Həmin məhsulların harada aşkar edilməsinə dair dəqiqləşdirmə aparmalı olsalar da, sahibkarın izahatında göstərdiklərinə əsasən dəqiqləşdirmə aparmağa ehtiyac bilməmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs isə öz növbəsində izahatını təzyiq altında yazdığını, son istifadə müddəti bitmiş qida məhsullarının yığıldığı karton qutunun üzərində rus dilində “vozvrat” sözünün yazıldığını bildirmişdir. Eyni zamanda, Mübariz Molallayevin polis şöbəsində verdiyi izahatına protokolun tərtib edilməsi üçün əsas kimi istinad edilsə də, həmin izahatda son istifadə müddəti ötmüş qida məhsullarının aşkar edildiyi yer dəqiq göstərilməmiş, onların qablaşdırıldığı halda üzərində bəyanedici yazıların olubolmaması qeyd edilməmişdir. Həmçinin, polis əməkdaşları tərəfindən təqdim edilmiş akta buna dair hər hansı şəkil, videogörüntü, aşkar olunma yeri barədə və ya digər sübut əlavə edilməmiş, bundan başqa iş materiallarına polis əməkdaşlarının izahatları əlavə edilməmişdir. Bu da, barəsində protokol tərtib edilən şəxsin haqlı narazılığına səbəb olmuşdur. Beləliklə də, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X2 rəisi X23 tərəfindən 09 mart 2023-ci il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması», «bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Şəki Apelyasiya Məhkəməsinin 3(107)-111/2023 nömrəli 04 may 2023-cü il tarixli qərarında qeyd edilən xüsusatlar üzrə məhkəmədə araşdırma aparılmış, məhkəmə belə nəticəyə gəlmişdir ki, iş materiallarında olan Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilən aktdandan göründüyü kimi, həmin məhsulların haradan götürüldüyü, satış üçün nəzərdə tutulan yerdən aşkar edilərək götürülməsini təsdiq edən hər hansı bir qeyd və ya sübut əlavə olunmadığından, eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsinə əsasən saxlama müddəti ötmüş məhsulların yalnız “satılmasına” görə şəxs məsuliyyətə cəlb edildiyindən şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X2 rəisi X23 tərəfindən qəbul edilmiş 09 mart 2023-ci il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün və qeyd edilən məsələlərin tam obyektiv şəkildə araşdırılması üçün inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqana göndərilməli, şikayət qalan hissədə təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-131 və 135-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X2 rəisi X23 tərəfindən qəbul edilmiş 09 mart 2023-ci il tarixdə tərtib edilmiş MN ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün səlahiyyətli orqana, yəni Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X4 göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Vüqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar