Məhkəmə qərarları › İş №3(033)-87/2022

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-87/2022

09.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-87/2022 09.03.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 katibliyi, Şikayət verən şəxs X5 və Zaqatala RPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X8 iştirakları ilə, Şikayət verən şəxs X5 “barəsində qəbul edilən 01 fevral 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi” barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala RPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X12 tərəfindən tərtib edilmiş 01 fevral 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət verən şəxs X9 şikayət ərizəsində göstərmişdir ki, 01 fevral 2022-ci il tarixdə TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə ona Zaqatala Rayon Polis X16 Xidməti İnspektoru polis serjantı X12 tərəfindən xx.xx.2021-ci il tarixdə İXP ******* nömrəli protokola əsasən ona xx.xx.2021-ci il tarixdə baş vermiş avto nəqliyyat hadisəsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsinə əsasən 40 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Belə ki, hadisənin baş vermə səbəbi “İSUZU” NPR yük markalı **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 xx.xx.2021-ci il tarixdə idarə etməni itirməsi nəticəsində ona məxsus iki baş iribuynuzlu heyvanı vurması olmuşdur. Həmin qərardan narazıdır. Belə ki, X7 “İSUZU” NPR yük markalı **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobili yüksək sürətlə idarə etmişdir. Həmin ərazidə mal-qaranın keçidi üçün yol nişanı vardır. Həmçinin sürət həddi 60 km/saat müəyyən edilmişdir. İnzibati xəta hadisəsi araşdırılarkən sürücünün hansı sürətlə gəlməsi və yaxud sürət həddini aşması yoxlanılmamışdır. Eyni zamanda sürücü X1 vəziyyəti yoxlanılmamışdır. Düşünür ki, avtomobil 60 km/saat sürətlə hərəkət etsə idi, qəza baş verməyəcəkdi. Eyni zamanda sürət həddi aşağı olsaydı qəzanın baş vermə anı olsa belə, maddi ziyan vurulmadan (xəsarət almadan) qarşısını almaq mümkün olardı. Bundan başqa hadisə yerini göstərən sxem formal tərtib olunub. Həmçinin sxemdə hal şahidlərinin iştirakı qeyd edilməyib, imzaları yoxdur. Hadisə yerində “İSUZU” NPR yük markalı **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təkər izi yoxdur. Görünür ki, sürət həddi yuxarı olduğundan avtomobilin aşma ehtimalı olduğu üçün sürücü əyləcə toxunmamışdır. Qeyd etmək istəyir ki, kənd ərazisindən keçən magistral yol Gözbarax kəndini ikiyə bölür. İstər istəməz mal-qaranın örüşə aparılması gətirilməsi həmin yoldan gedib gəlməklə mümkün olur. Yol-nəqliyyat hadisələrinin olmaması üçün Gözbarax kənd ərazisindən keçən yola sürət həddini göstərən nişanı qoyulmuşdur. Bundan başqa Zaqatala RPŞ-nə verdiyi izahatda oğlu Emin Əliyevin mal-qaranı evə gətirərkən hadisənin baş verməsini göstərmişdir. Lakin, adından yazılmış izahatda əksinə oğlunun heyvanların yanında olmadığını, örüşdən gətirməyə gedərkən “İSUZU” NPR yük markalı **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 tərəfindən vurulması göstərilmişdir. Ümumiyyətlə toplanmış material üzrə araşdırmadan görünür ki, sürücü inzibati məsuliyyətə cəlb olunmamışdır. Nəticədə ona məxsus iki baş iribuynuzlu heyvan tələf olmuşdur. Hal-hazırda iki baş iribuynuzlu heyvanın real bazar dəyəri 2500-3000 manat təşkil edir. Onun hərəkətlərində heç bir inzibati xəta tərkibi yoxdur. İnzibati xətanın törədilməsini sübuta yetirmək vəzifəsi vəzifəli şəxsin üzərinə düşür. Məhkəmə iclası zamanı şikayət verən şəxs X9 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. X9 əlavə olaraq göstərdi ki, polis şöbəsində izahat vermiş, həmin izahatı təsdiq edir. Bildirir ki, həqiqətən vurulan mallar ona məxsus olmuşdur. Onun oğlu Emin Əliyev həmin malları otlamaq üçün aparmış, malları axşam gətirərkən bu hadisə baş vermişdir. Onun əsas narazılığı dəymiş zərərlə bağlıdır. O, iki baş iribuynuzlu heyvanın real bazar dəyəri 2500-3000 manat olan zərəri tələb edir. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala RPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X12 izahatında göstərdi ki, X5 barəsində tərtib edilmiş inzibati xəta haqqında qərar qanuni, əsaslı və ədalətlidir. X9 barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən qayda pozuntusunu etdiyinə görə o, inzibati qaydada 40 manat məbləğində cərimə edilmişdir. Belə ki, X9 12 noyabr 2022-ci il tarixdə axşam saatlarında əsas yolun hərəkət hissəsində özünə məxsus mal-qaranı nəzarətsiz qoymuş, nəticədə “İSUZU” NPR yük markalı **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 idarə etməni itirməsi nəticəsində Zalxa Mahmudovaya məxsus iki baş iribuynuzlu heyvanı vurmuş, sürücüyə maddi zərər dəymişdir. Hesab edir ki, onun şikayəti əsassızdır və şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, o, Zaqatala şəhərindən xəstəxanadan Qax şəhəri istiqamətində gedirdi. Qarşısında isə “İSUZU” NPR yük markalı **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət edirdi. Həmin yük avtomobilinin qarşıda dayandığını görmüşdür, yaxınlaşdıqda görmüşdür ki, həmin yük avtomobili iki baş iribuynuzlu malı vurmuşdur. Həmin vaxt o, dayanmış, lakin malların yanında malın sahibi və ya mala sahib çıxan heç kim olmamışdır. O, həmin vaxt bacardığı üçün mal tələf olmasın deyə malı kəsmişdir. Bundan sonra çıxıb getmişdir. O, gedənə kimi malın sahibi qismində kimisə görməmişdir. Məhkəmə iclası zamanı anası X5 iştirakı ilə şahid qismində dindirilmiş X13 izahatında göstərdi ki, o, hər gün özlərinə məxsus iki baş iribuynuzlu mal-qaranı otarmaq üçün çöl əraziyə aparır. Hadisə olan gün də səhər saatlarında malları aparmışdır, lakin axşam malları evə gətirərkən ayağı ağrıdığı üçün mallardan 5-6 km. aralıda olmuşdur. O, yola çatanda hadisəni görmüşdür. Görmüşdür ki, mallarını yük avtomobili vurmuşdur. Tez evə qaçaraq əmisinə zəng etmişdir. Düzdür malı 5-6 km aralıda olmaqla nəzarətsiz qoymuşdur. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, inzibati tənbeh vermə haqqında qərarın qanuniliyi və əsaslılığını işdə olan materiallar əsasında yoxlayıb hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, X9 12 noyabr 2021-ci il tarixdə saat 18 radələrində əsas yolun hərəkət hissəsində özünə məxsus mal-qaranı nəzarətsiz qoymaqla yol hərəkəti qaydalarının pozduğuna görə onun barəsində Zaqatala RPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X12 tərəfindən İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsi ilə 01 fevral 2022-ci il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. X9 inzibati xəta törətməməsini əsas göstərərək 01 fevral 2022-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmiş və məhkəmə icraatı zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə X2nın şikayətinin “İnzibati xəta hadisəsi araşdırılarkən sürücünün hansı sürətlə gəlməsi və yaxud sürət həddini aşması yoxlanılmamışdır. Eyni zamanda sürücü X1 vəziyyəti yoxlanılmamışdır.” dəlili ilə bağlı qeyd edir ki, işə əlavə edilmiş 12 noyabr 2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, X7 “Ayıq” olmuşdur. Eyni zamanda toplanmış materiallarda onun sürət həddini aşması sübuta yetirilməmişdir. Bundan başqa, X5 şikayətinin “mal-qaranın nəzarətsiz qoyulmaması” dəlili ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 oğlu-X13 izahat verərək malları evə gətirərkən ayağı ağrıdığı üçün mallardan 5-6 km. aralıda olduğunu bildirmişdir. Bununla da, mal-qaranın nəzarətsiz olduğu bir daha öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 338.5.1-ci maddəsinə əsasən mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: mal-qaranın yolda nəzarətsiz qoyulmasına görə qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu”nun 11-ci maddəsinin dördüncü bəndinin altıncı yarımbəndində göstərilir ki, avtomobil yollarında və təhkim zolağında avtomobil yollarının torpaq sahələrində mal-qaranın otarılması, respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qaranın aparılması, habelə avtomobil yollarının sahiblərinin razılığı olmadan müəyyən edilən yerlərdən kənar avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar mal-qaranın keçirilməsi qadağandır. Həmin Qanunun 39-cu maddəsində göstərilir ki, mal-qara ötürənlər: 1) malqaranı asfalt və sement-beton örtüklü yollarla ötürməməlidirlər; 2) sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, dəmir yollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən mal-qaranı ötürməməlidirlər; 3) mal-qara sürüsünü yoldan son dərəcə diqqətli nəzarət etməklə ötürməlidirlər. Həmin Qanunun 47-ci maddəsinin dördüncü bəndində göstərilir ki, mal-qaranı yolda sutkanın işıqlı vaxtı və nəzarət etməklə ötürmək lazımdır. Mal-qara ötürənlər malqaranı yolun mümkün qədər sağ kənarı ilə ötürməlidirlər. V. Mal-qara dəmiryol xətlərinin və yolun hərəkət hissəsinin üstündən keçirildikdə, sürü mal-qaranı ötürənlərin sayı nəzərə alınmaqla elə sayda dəstələrə bölünməlidir ki, mal-qaranın təhlükəsiz keçirilməsini təmin etmək mümkün olsun. Vİ. At arabası nəqliyyatının (kirşəsinin) sürücüsünə, yük və minik heyvanlarını sürənlərə, mal-qaranı ötürənlərə: 1) mal-qaranı yolda nəzarətsiz qoymaq; 2) mal-qaranı dəmiryol xətlərinin və yolların üstündən xüsusi olaraq bu məqsəd üçün ayrılmış yerlərdən kənarda, habelə sutkanın qaranlıq vaxtında və məhdud görünmə şəraitində keçirmək (müxtəlif səviyyələrdə mal-qaranı ötürmə yerlərindən başqa); 3) mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürmək qadağandır. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, X5 şikayətində göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, tədqiq edilmiş iş materiallarından X5 12 noyabr 2021-ci il tarixdə saat 18:15 radələrində əsas yolun hərəkət hissəsində özünə məxsus mal-qaranı nəzarətsiz qoymaqla yol hərəkəti qaydalarını pozması müəyyən edildi. Göstərilən əsaslarla məhkəmə X2nın şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 “barəsində qəbul edilən 01 fevral 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar