Məhkəmə qərarları › İş №3(033)-88/2022

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-88/2022

25.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-88/2022 25.02.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Zaqatala Rayon Vəkil Bürosunun vəkili X4 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin İTB-nin sahə rəisi X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- 30 avqust 1990-cı il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Zaqatala Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 3(033)-136/2021 nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 339.1-1, 332.2 və 511.1-ci maddələri ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilmiş, Zaqatala rayonu Yuxarı Tala kəndində qeydiyyatında olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 24 fevral 2022-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 24 fevral 2022-ci il tarixdə saat 18 radələrində Zaqatala Rayon Polis Şöbəsinin həyətində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 24 fevral 2022-ci il tarixdə Zaqatala şəhəri F.Əmirov küçəsində Zaqatala RPŞ-nin DYP-nin YPX polis nəfəri X9 Xəlilov xidmətdə olduğu zaman VAZ-2107 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilini konstruksiyada dəyişiklik olduğu üçün saxlanılmışdır. Avtomobili saxlanılan vaxt məlum olmuşdur ki, avtomobilin sürücüsü Şəxs srücülük vəsiqəsi yoxdur. Ona görə avtomobili sürücü Şəxslə birlikdə Zaqatala RPŞ-nin DYP-nin müvəqəti duracağına gətirmişlər. Avtomobili təhvil təslim aktı tərtib olunan zaman Şəxs avtomobili təhvil verməkdən imtina edərək ucadan səs-küy salmış, özünü doğruyacağını və onların başına oyun açacağını demişdir. Polis əməkdaşları onu nizam intizama dəvət etsə də Şəxs qanuni tələbə qəsdən tabe olmayaraq qərəzli şəkildə öz hərəkətlərini davam etdirmişdir. Onun və şahidlərin izahatları alınmış, onun haqqında 24 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, Zaqatala rayonu Yuxarı Tala kəndində yaşayır. 24 fevral 2022-ci il tarixdə saat 18 radələrində özünə məxsus VAZ2107 markalı ** BE *** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu vaxt göstəriş verilmədən F.Əmirov küçəsində svetoforda dayanarkən, polis əməkdaşı qapını açaraq qəflətən əyləşərək “Sür şöbəyə” sözünü hündür səslə demişdir. Şöbəyə sürmüş, onu həmin maşından düşürərək polis əməkdaşları ona məxsus avtomobili polis şöbəsinə gətirmişlər. Onu polis şöbəsində təhqiredici ifadələrlə təhqir etmiş, sifətini şillələmiş və yerə yıxmışlar. Bir neçə dəfə bu hərəkətləri törətmişlər. Bu hadisələr Zaqatala Rayon Polis Şöbəsinin DYPB-nin rəisi və onun bir neçə əməkdaşları tərəfindən təkrar olunmuşdur. O, polisə tabesizlik etmədiyini və dedikləri hər şeyə əməl etdiyini bildirmişdir. O, bu hərəkətləri ilə inzibati xəta törətməmişdir. Barəsində tərtib edilmiş inzibati protokola xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X6 çıxış edərək Şəxs hərəkətlərində polisin qanuni tələbinə tabe olmaması kimi bir hal olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 izahat verərək göstərdi ki, Zaqatala RPŞ-nin DYP-nin YPX inspektoru vəzifəsində işləyir. 24.02.2022-ci il tarixdə saat 18 radələrində Zaqatala şəhəri F.Əmirov küçəsində Zaqatala RPŞ-nin DYP-nin YPX inspektoru polis baş serjantı Mahama Xəlilovla birlikdə xidmətdə olduqları zaman VAZ- 2107 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilini konstruksiyada dəyişiklik olduğu üçün saxlamışdırlar. Avtomobil saxlanılan vaxt məlum olmuşdur ki, avtomobilin sürücüsü Şəxs sürücülük vəsiqəsi yoxdur. Ona görə avtomobili sürücü Şəxslə birlikdə Zaqatala RPŞ-nin DYP-nin müvəqqəti duracağına gətirmişlər. Avtomobili təhvil təslim aktı tərtib olunan zaman Şəxs avtomobili təhvil verməkdən imtina edərək ucadan səs-küy salmış, özünü doğruyacağını və onların başlarına oyun açacağını demişdir. Onu nizam intizama dəvət etsələr də Şəxs qanuni tələblərinə qəsdən tabe olmayaraq qərəzli şəkildə öz hərəkətlərini davam etdirmişdir. İş materiallarında olan Zaqatala Rayon Polis Şöbəsinin DYPB-nə məxsus polis avtomobilinin kamerası vasitəsi ilə aparılmış video görüntülərdən görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs polis nəfəri tərəfindən avtomobildə olan qızıl əşyalarının, sənədlərin götürülməsi təklif olunur və ona avtomobilin duracağa yerləşdirilməsi haqqında akta imza etməsi tələb olunur. O, həmin aktı imzalamaqdan imtina edir. Ona maşını təhvil verməsi tələb olunduqda o avtomobilə məxsus açarları götürərək duracaq ərazisini tərk etməyə çalışır. Video görüntülərdə Şəxs qarşı polis nəfəri tərəfindən hər hansı fiziki güc tətbiq edilməsi və başqa qeyri qanuni hərəkətlər müşahidə edilmir. İş materiallarında olan AZA seriyalı 013325 nömrəli 24.02.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 24 fevral 2022-ci il tarixdə 18:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatına hüquqi qiymət verərək belə qənaətə gəlir ki, onun məhkəmə iclasında verdiyi izahatı iş materiallarında olan sübutlarla (onun özünün, şahidlərin izahatları və hadisənin qeydə alınmasına dair videogörüntü ilə) təkzib olunur. Onun “polisin qanuni tələbinə tabe olmaması” ilə bağlı izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və bu səpkidə izahatı işin faktiki hallarını əks etdirmir. Məhkəmə isə bu hala qiymət verərək qeyd edir ki, onun qeyd olunan hərəkətlərin inzibati məsuliyyətə səbəb olmasını bilməməsi, heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Bundan başqa Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, protokol tərtib edən şəxsin, şahidin izahatları, video görüntülərlə və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini və əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, eyni zamanda inzibati xəta törədən şəxsi tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib inzibati həbs edilməsinin əvvəli 24 fevral 2022-ci il tarixdən, saat 18:30-dan hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclası zalında həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 24 fevral 2022-ci il tarixdən, saat 18:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Zaqatala RPŞ-nə həvalə edilsin. Qərarın surəti proses iştirakçılarına təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar