Məhkəmə qərarları › İş №3(033)-89/2024

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-89/2024

27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-89/2024 27.02.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi Kərimova Şəhla Saleh qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X6 və Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxx 1983-cü il tarixdə Zaqatala rayonu Danaçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Zaqatala rayonu Danaçı kəndində pasport qeydiyyatında olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Zaqatala rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Kamalov X3 Rayon Məhkəməsinin e-2(033)-146/2023-016 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə yaranmış 4840 manat aliment borcunun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, onun barəsində 27 fevral 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala rayon İcra və X5 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı protokol tərtib etmiş şəxs, Zaqatala rayon İcra və probasiya Şöbəsinin icra məmuru X7 izahatında göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)- 146/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahından 17 mart 2011-ci ildə doğulmuş X8, 01 yanvar 2014-cü ildə doğulmuş X11 və 15 fevral 2016-cı ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 11 noyabr 2022ci il tarixdən başlayaraq, cavabdeh Şəxs hər ay hər uşaq üçün 130 (bir yüz otuz), cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində tutularaq, iddiaçı X4 ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri edilmiş, sorğular verilmiş, cavablar alınmışdır. Tərəfindən borclu Şəxs «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələbləri izah edilmiş və icra sənədinin icrası tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin edilən xəbərdarlıqlara baxmayaraq Şəxs icra sənədi üzrə tam ödəniş etməmiş, onun 4840 manat aliment borcu yaranmışdır. O, şöbəyə dəvət edilsə də gəlməkdən imtina etmişdir. Borclu bu gün saat 09:00-da polis əməkdaşı tərəfindən şöbəyə gətirilmişdir. Borclu sahə rəisi ilə gəldiyi halda borcundan ödəniş edir. İçki düşkünüdür. Dekabr ayında anası 400 manat pul ödəyib. İyul ayında isə 390 manat pul ödəyib. Fındıq yığılan vaxtlar isə heç ödəniş etməyib. Tələbkar şikayətçidir, borcunu tam şəkildə tələb edir. Buna görə də, onun həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati protokol tərtib edilmişdir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, həqiqətən də, Zaqatala Rayon Məhkəməsinin 2(033)- 146/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən birgə nikahdan 17 mart 2011-ci ildə doğulmuş X8, 01 yanvar 2014-cü ildə doğulmuş X11 və 15 fevral 2016-cı ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 11 noyabr 2022-ci il tarixdən başlayaraq, ondan hər ay hər uşaq üçün 130 (bir yüz otuz), cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməlidir. Məhkəmə qərarından xəbərdardır. Onun hazırda 4840 manat aliment borcu var. Borcunu az-az ödəyir. Uşaqlara keçmiş qaynanası və qaynatası baxır. Pulu olmadığı üçün İcra və Probasiya Şöbəsinin çağırışına gəlmir. İş yeri tapa bilmir. Anası yataq xəstəsidir, anasına baxır. Anası xəstə olduğu üçün tək qoya bilmir. X9 özü çıxıb gedib. Artıq içki içmir, içkidən əl çəkib. Qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X10 çıxış edərək Şəxs borcunu ödəməkdən boyun qaçırmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün, icra məmurunun izahatları və Zaqatala rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materialla tam təsdiq olundu. İş materiallarından, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri fiziki şəxslər üçün məcburi olmasına baxmayaraq, Zaqatala Rayon Məhkəməsinin 2(033)-146/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə Şəxs izahatına hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, onun məhkəmə iclasında verdiyi izahatı, yəni maddi imkanının olmaması, işləməməsi və gəlirinin yetərincə olmaması əsası ilə aliment borcunu ödəyə bilməməsi ilə bağlı verdiyi izahatı özünü müdafiə xarakteri daşıyır, məsuliyyətdən və tənbeh tədbirindən yayınmaq məqsədi güdür. Məhkəmə bu hala qiymət verərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdiyi xüsusat heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. İş materiallarında olan sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunsuz və əsassız olaraq icra sənədinin icra edilməsi barədə hərəkətsizlik etməklə, icra məmurunun qanuni tələbinin yerinə yetirilməməsi kimi qanun pozuntusu etmişdir. O, təqsirsiz deyil və onun əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanuni qüvvəyə minmiş qərarın icrasına laqeyd münasibət bəsləməklə bu qərarı uzun müddətdir ki, icra etməmiş və bununla da icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan aktı icra edilməyərək kağız üzərində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir...Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Şəxs həmin icra sənədində göstərilən borcunu üzürsüz səbəbdən, yəni qəsdən icra etməmişdir. Belə ki, borclu Şəxs həmin icra sənədi üzrə öhdəliklərini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırmış, icra məmuru tərəfindən qalıq qalmış aliment borcunu ödəməsi üçün ona vaxt verilsə də, qalıq qalmış aliment borcunu ödəməmişdir. İşin qeyd edilən halları protokol tərtib etmiş şəxsin məhkəmə iclası zamanı verdiyi izahatı ilə yanaşı, məhkəməyə təqdim edilmiş sənədlərlə də öz təsdiqini tapır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs uzun müddət icra tədbirlərindən qərəzli surətdə yayınması onun barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiqinə zərurət yaratmışdır. Digər tərəfdən, Şəxs icra sənədi üzrə borcu ödəyə bilmədiyi halda onun barəsində inzibati cərimə tənbehinin tətbiqi, yəni üzərinə əlavə maddi məsuliyyət qoyulması məntiqsiz və nəticə etibarilə səmərəsiz olar. Belə vəziyyətdə məhkəmə Şəxs inzibati həbs tənbehinin tətbiqini qaçılmaz sayır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, eyni zamanda onun əmlak vəziyyətini, aliment borcunun məbləğinin kifayət qədər yüksək olmasını, həmçinin tələbkara olan borcunu ödəyə bilmədiyi halda onun barəsində inzibati cərimə tənbehinin tətbiqi, yəni üzərinə əlavə maddi məsuliyyət qoyulmasının məntiqsiz və nəticə etibarilə səmərəsiz olmasını nəzərə alaraq onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati həbs edilməsinin əvvəli onun Zaqatala rayon İcra və probasiya şöbəsinə gətirildiyi vaxtdan, yəni 27 fevral 2024-cü il tarixdən, saat 09:00-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclası zalında həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 27 fevral 2024-cü il tarixdən, saat 09:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Zaqatala RPŞ-nə həvalə edilsin. Qərarın surəti proses iştirakçılarına təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar