Məhkəmə qərarları › İş №3(033)-96/2024

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-96/2024

29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-96/2024 29.02.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun vəkili X5 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx.xx.2001-ci il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, Zaqatala şəhəri Sülh küçəsi 3 mənzil 39-da qeydiyyatında olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 29 fevral 2024-cü il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 28 fevral 2024cü il tarixdə Zaqatala şəhəri H.Əliyev prospektində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala rayon polis şöbəsinin İTBnin polis sahə rəisi, polis kapitanı X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə polis əməkdaşları Elçin Kərimov və Fuad Əliyev patrul avtomobili ilə xidmətdə olarkən Zaqatala şəhəri H.Əliyev prospektində xidmət apardıqları zaman təxminən saat 20:30 radələrində Mercedess Benz markalı ** OJ *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü manevr etmə qaydalarını pozduğuna görə həmin polis əməkdaşları tərəfindən saxlanılmış, Fuad Əliyev sürücünün sənədlərini yoxlayarkən sürücünün etibarnamə olmadan avtomobili idarə etməsi aşkar olunmuşdur. Sürücüyə polis əməkdaşları tərəfindən etibarnaməsiz idarə etdiyinə görə avtomobilin cərimə meydançasına yerləşdirilməli olduğu bildirilmiş, lakin o polisin qanuni tələbinə tabe olmayaraq “heç kim mənim maşınımı cərimə meydançasına apara bilməz” deyərək avtomobilin qapılarını bağlamış və qaçmağa çalışmışdır. Bundan sonra polis əməkdaşları sürücünü tutaraq nizam intizama dəvət etmiş, lakin sürücü polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaqdan boyun qaçırmış, polis əməkdaşlarına qarşı qeyri etik ifadələr işlətmiş, polis əməkdaşlarının iş rejiminin pozulmasına səbəb olduğundan o Zaqatala Rayon Polis Şöbəsinə gətirilmiş və barəsində inzibati qaydada tutma tətbiq edilmişdir. Bundan sonra onun izahatı alınmış, bunun əsasında Şəxs haqqında 29 fevral 2024-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o, polis şöbəsində verdiyi izahatını təsdiq edir. Mercedes Benz markalı ** OJ *** dövlət nömrə nişanlı avtomobil atası X6 adınadır. xx.xx.2024-cü il tarixdə atasına məxsus həmin avtomobili etibarnamə olmadan idarə etmişdir. Təxminən saat 21:00 radələrində Zaqatala şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən Zaqatala RPŞ-nin DYP-nin əməkdaşları ona saxla əmri vermiş və o da avtomobili kənara çəkərək saxlamışdır. Polis əməkdaşı ona qaydanı pozduğunu və avtomobilin duracağa yerləşdirilməli olduğunu bildirmişdir. Polis əməkdaşları ona avtomobili etibarnamə olmadan idarə etdiyini bildirmiş, daha sonra polis əməkdaşları ilə arasında mübahisə yaranmış və o Polis Şöbəsinə gətirilmişdir. O, avtomobili idarə edərək Polis Şöbəsinin qarşısına gətirmiş, lakin avtomobili meydançaya qoymaqdan imtina etmişdir. O, hesab etmişdir ki, hər hansı qaydanı pozmayıb. Daha sonra o, şöbənin qarşısından qaçıb getmişdir. Qaçıb getməsinə səbəb ona üçüncü şəxsin pul verməli olması olmuşdur. O, həmin şəxsdən pulu aldıqdan sonra yenidən şöbəyə qayıtmışdır. Onun polis şöbəsinin qarşısından qaçıb getməsinin məsuliyyətə səbəb olmasını bilməmişdir. O, əsəbi olduğundan polisin tələblərinə tabe olmamışdır. O, polis əməkdaşlarından üzr istəyir və etdiyi hərəkətə görə peşmandır. Özü müharibə iştirakçısıdır. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X8 çıxış edərək hüquqlarını müdafiə etdiyi şəxsin əməlindən peşman olmasını nəzərə alaraq onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X7 və X4 inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin verdiyi izahata uyğun izahat verdilər və onun qeyd etdiyi xüsusatları təsdiq etmişlər. İnzibati xəta materiallarına əlavə edilmiş 28 fevral 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 28 fevral 2024-cü il tarixdə saat 00:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə Şəxsnın izahatına hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, onun hər hansı qanun pozuntusu etməməsi ilə bağlı izahatı iş materiallarında olan sübutlarla (onun özünün, şahidlərin izahatları) təkzib olunur, onun hazırki izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və bu səpkidə izahatı işin faktiki hallarını əks etdirmir. Məhkəmə isə bu hala qiymət verərək qeyd edir ki, onun qeyd olunan hərəkətlərin inzibati məsuliyyətə səbəb olmasını bilməməsi, heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, protokol tərtib edən şəxsin, şahidlərin izahatı və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Bundan başqa Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmalıdır. Zaqatala RPŞ-dən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməsə də, məhkəmə araşdırması zamanı Şəxs hərəkətindən peşman olması müəyyən edildi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs peşmançılıq çəkməsini məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilir. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, həmçinin barəsində inzibati həbs tətbiq edilməsi üçün müstəsna halın olmamasını nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti proses iştirakçılarına təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar