Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-108/2024 24.10.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zəngilan rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X1 iştirakları ilə, xx.xx.1986-cı ildə Xankəndi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, “X9» MMC-də direktor vəzifəsində işləyən, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsi, ev 42C-də yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Zəngilan rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta ilə bağlı xx.xx.2024-cü il tarixli qərar üzrə inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün Zəngilan rayon prokurorluğu məhkəməyə müraciət etmişdir. Zəngilan rayon prokurorluğu inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərarını onunla əsaslandırmışdır ki, vəzifəli şəxs-"xxxx" şirkətinin direktoru vəzifəsində işləyən Şəxs tərəfindən “Elektrik əl maşınları. Ümumi təhlükəsizlik tələbləri” 12.2.013.0-91 saylı DST-nin 1 saylı Əlavəsinin 1-ci bəndinin tələbləri pozularaq, elektrik əl maşınlarının istismarına dair istehsalat təlimi keçməmiş və təhlükəsizlik texnikası üzrə ixtisas dərəcəsi olmayan həmin şirkətdə qəlibçi-dəmirçi kimi işləyən Zərərçəkmiş şəxs həmin avadanlıqdan istifadə etməklə işlərin görülməsinə cəlb edilməsi, sonuncunun xx.xx.2024-cü il tarixdə Zəngilan rayonu, Ağalı kəndi ərazisində işləyərkən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət almasına səbəb olmuş, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd olunanlar Zərərçəkmiş şəxs, Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şəxs izahatları, Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 Füzuli Regional Məhkəmə X5 xx.xx.2024-cü il tarixli, 1477 nömrəli və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7260 nömrəli ekspert rəyləri ilə təsdiq edilir. Araşdırma zamanı Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 2024-cü ilin iyun ayından etibarən Zəngilan rayonu, Ağalı kəndində "xxxx" MMC ilə bağlanmış subpodrat müqaviləsi əsasında Zəngilan rayonu ərazisində fəaliyyət göstərən "xxxx" MMC-də qəlibçi-dəmirçi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə o, iş zamanı 16:30 radələrində Zəngilan rayonu, İİ-ci Ağalı kəndində tikinti ərazisində elektrik mişarla işləyərkən elektrik mişar işlək vəziyyətdə olduğu zaman sağ əlinə dəymiş və nəticədə sağ əl və bilək nahiyəsi kəsilmişdir. Hadisə baş verəndən sonra Ağalı Ailə Sağlamlıq Mərkəzinə və daha sonra Füzuli rayon Mərkəzi Xəstəxanasına getmişdir. Onun elektrik mişarla işləməsi üçün hər hansı təlimat keçirilməmişdir. İşçilərdən elektrik mişarla işləmələrinə icazə verən diplom, sertifikat və s. sənədlər tələb edilmir və onun da belə diplom və s. sənədi olmamışdır. "xxxx" MMC-nin direktoru Şəxs rayon prokurorluğuna verdiyi izahatdan görünür ki, o, 2017-ci ildən etibarən "xxxx" MMC-nin təsisçi direktoru kimi fəaliyyət göstərir. xx.xx.2024-cü il tarixdə həmin şirkətdə SƏTƏM üzrə mühəndis kimi işləyən Şahid2 ona mobil telefon vasitəsilə zəng edərək qəlibçi-dəmirçi kimi işləyən Zərərçəkmiş şəxs işləyərkən xəsarət alması ilə bağlı məlumat vermişdir. O, Zərərçəkmiş şəxs təhlükəsizlik texnikası üzrə ixtisas dərəcəsinin olmaması barədə məlumatı olmadığı üçün sonuncunu qəlibçi-dəmirçi kimi işlərin görülməsinə cəlb etmişdir. Şahid1, Şahid2, Şahid3 və Şahid4 rayon prokurorluğuna Zərərçəkmiş şəxs ilə eyni məzmunlu izahatlar təqdim etmişlər. xx.xx.2024-cü il tarixdə rayon prokurorluğuna daxil olmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7260 nömrəli məhkəmə-texniki təhlükəsizlik ekspertizası rəyində qeyd edilmişdir ki, elektrik əl maşınlarının istismarına dair istehsalat təlimi keçməmiş və təhlükəsizlik texnikası üzrə ixtisas dərəcəsi olmayan Zərərçəkmiş şəxs həmin avadanlıqdan istifadə etməklə işlərin görülməsinə cəlb edildiyinə görə, “Elektrik əl maşınları. Ümumi təhlükəsizlik tələbləri” 12.2.013.0-91 saylı DSTnin 1 saylı Əlavəsinin 1-ci bəndinin tələbləri həmin işin görülməsinə göstəriş vermiş şəxs(lər) tərəfindən pozulmuşdur.xx.xx.2024-cü il tarixdə rayon prokurorluğuna daxil olmuş Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 Füzuli Regional Məhkəmə X6 xx.xx.2024-cü il tarixli, 1477 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs aldığı xəsarətin qərarın təsviri hissəsində qeyd olunan şəraitdə və müddətdə yarana biləcəyinin inkar olunmaması və dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid olması göstərilmişdir.İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların rayon prokurorluğu tərəfindən 66-C-24 nömrəli material üzrə aparılmış araşdırma nəticəsində aşkar edilməsidir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İXM-nin 198.2 maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olması və inzibati icraatı rədd edən halların olmamasıdır. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən əməyin mühafizəsi qaydalarının pozulması inzibati xətasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 ay keçənədək verilə bilər. Eyni zamanda, Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci 3 ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə görə, həmin Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxır. 66-C-24 nömrəli araşdırma materialı üzrə qəbul edilən cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs aldığı xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər qrupundan olmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaratmır. Odur ki, "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmalı və baxılması üçün aidiyyəti üzrə Zəngilan rayon məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən Zəngilan rayon prokurorunun böyük köməkçisi X3 izahatında qərarı müdafiə edərək bildirmişdir ki, xx.xx.2024-cü ildə Zərərçəkmiş şəxs çay fasiləsindən qayıtdıqdan sonra iş zamanı 16:30 radələrində Zəngilan rayonu İİ Ağalı kəndində tikinti ərazisində elektrik mişarla işləyərkən elektrik mişar işlək vəziyyətdə olduğu zaman sağ əlinə dəymiş və nəticədə sağ əl bilək nahiyəsi kəsilmişdir. Vəzifəli şəxs "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən “Elektrik əl maşınları ümumi təhlükəsizlik tələbləri” pozularaq elektrik əl maşınlarının istismarına dair istehsalat təlimi keçməmiş və təhlükəsizlik texnikası üzrə ixtisas dərəcəsi olmayan, həmin şirkətdə qəlibçi-dəmirçi kimi işləyən Zərərçəkmiş şəxs həmin avadanlıqdan istifadə etməklə işlərin görülməsinə cəlb edilməsi, xx.xx.2024-cü il tarixində Zəngilan rayonu, Ağalı kəndi ərazisində işləyərkən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, bununla da şirkətin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Sonda isə məhkəmədən inzibati xəta törətmiş şəxs Şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu maddə ilə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 2017-ci ildən etibarən "xxxx" MMC-nin təsisçi direktoru kimi fəaliyyət göstərir. xx.xx.2024-cü il tarixdə həmin şirkətdə SƏTƏM üzrə mühəndis kimi işləyən Şahid2 ona mobil telefon vasitəsilə zəng edərək qəlibçi-dəmirçi kimi işləyən Zərərçəkmiş şəxs işləyərkən xəsarət alması ilə bağlı məlumat vermişdir. Zərərçəkmiş şəxs əmək müqaviləsi əsasında 2024-cü ilin iyun ayından fəaliyyət göstərmişdir. O, Zərərçəkmiş şəxs təhlükəsizlik texnikası üzrə ixtisas dərəcəsi olmasa da işə götürmüşdür. Zərərçəkmiş şəxs tərəfindən görülən işlərə nəzarət "xxxx" MMC ilə "xxxx" şirkəti briqada nəzarətçisi kimi işləyən Şahid1 və Sahil Muradov tərəfindən həyata keçirilmiş, sonuncu işlə bağlı göstərişləridə həmin şəxslərdən almışdır. Bundan əlavə "xxxx" şirkətində iş icraçısı kimi işləyən X4 vəzifə səlahiyyətlərinə uyğun olaraq Zərərçəkmiş şəxs tərəfindən görülən işlərə bilavasitə nəzarəti həyata keçirmiş və müvafiq göstərişlər vermişdir. Zərərçəkmiş şəxs xəsarət alması ilə nəticələnən işlərin görülməsi ilə bağlı göstəriş briqada nəzarətçiləri Şahid1 və Sahil Muradov tərəfindən verilmişdir. Zərərçəkmiş şəxs hal-hazırda şirkətdə işləyir. Sonda isə məsələnin həllini məhkəmənin mülahizəsinə verdiyini bildirmişdir. Məhkəmə iclasında iştirakı mümkün olmayan Zərərçəkmiş şəxs Zəngilan rayon prokurorluğunda verdiyi izahatı elan edilmiş və izahatında bildirmişdir ki, o, hal-hazırda müvəqqəti olaraq işlə əlaqədar Zəngilan rayonu, Ağalı kəndində yerləşən AS İnşaat işçiləri üçün ayrılmış yaşayış düşərgəsində yaşayır. 2024-cü ilin iyun ayından etibarən Zəngilan rayonu, Ağalı kəndində “AS İnşaat" MMC ilə bağlanmış subpodrat müqaviləsi əsasında Zəngilan rayonu ərazisində fəaliyyət göstərən "xxxx" MMC-də qəlibçi-dəmirçi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə çay fasiləsindən qayıtdıqdan sonra iş zamanı 16:30 radələrində Zəngilan rayonu, İİ Ağalı kəndində tikinti ərazisində elektrik mişarla işləyərkən elektrik mişar işlək vəziyyətdə olduğu zaman sağ əlinə dəymiş və nəticədə sağ əl və bilək nahiyəsi kəsilmiş, yara əmələ gəlmişdir. Hadisə baş verəndən sonra Ağalı Ailə Sağlamlıq Mərkəzinə və daha sonra Füzuli rayon Mərkəzi Xəstəxanasına getmişdir. Onlar əmək müqaviləsi əsasında fəaliyyət göstərirlər. Onun fəaliyyətinə nəzarət edən və işlə bağlı göstərişlər verən şəxslər briqadirlər Pərviz Farəcov və Muradov Sahil olmuşlar. "xxxx" MMCdə əməyin mühafizəsinə dair qaydalarla bağlı normalar mövcuddur və bu normalarla o və digər işçilər hər gün səhər saat 08:00-da "xxxx" MMC-də SƏTƏM vəzifəsində işləyən Şahid2 tərəfindən məlumatlandırılır və bununla bağlı jurnallara imza çəkirlər. xx.xx.2024-cü il tarixdə o, Şahid2 tərəfindən təlimatlandırılmış və dəftərə imza çəkmişdir. Hündürlükdə iş zamanı təhükəsizliyə riayət edilməsi, dəmirçi işlərinin görülməsi zamanı kəmərdən, eynkdən, əlcəkdən istifadə edilməsi, iş ərazisinin ətrafında ipin salınmasının, tam bərpa olunmamış naqillərindən istifadə edilməməsinin zəruriliyi onlara Şahid2 tərəfindən izah edilmişdir. "Energy Service Group” MMC tərəfindən işçilər eynək, dəbilqə, əlcək, iş ayaqqabısı, geyim forması ilə təmin edilir. xx.xx.2024-cü il tarixdə baş vermiş hadisə zamanı o, eynək, dəbilqə, əlcək, iş ayaqqabısndan istifadə etmiş, lakin iş formasını yuduğundan iş zamanı öz şəxsi mülki geyimlərini geyinmişdir. xx.xx.2024-cü il tarixdə xəsarət aldığı zaman yanında Orxan adlı dəmirçi olmuşdur. Hadisə zamanı Şahid1 iş sahəsinin başqa ərazisində olmuş, başqa işçilərə nəzarəti həyata keçirmişdir. Sahil Muradov şirkətin başqa tikinti sahəsində olmuşdur. Onlara görülən işlərlə bağlı konkret olaraq göstərişlər verilmir. Belə ki, onlar hər gün işə başlamazdan əvvəl işçilər arasında işlər müvafiq qaydada şifahi təlimatlar əsasında bölüşdürülür və müvafiq sahələrə təyin edilirlər. xx.xx.2024-cü ildə işlə bağlı təlimatlar ona işə başlamazdan əvvəl Şahid1 və Sahil Muradov tərəfindən verilmişdir. xx.xx.2024-cü il baş vermiş hadisənin səbəbi onun diqqətsizliyi və ehtiyatsızlığı olmuşdur. Belə ki, sağ əli ilə taxtanı itələmək istəyərkən əli mişarın kəsici hissəsinə dəymiş və xəsarət almışdır. Qeyd edilən mişar hər gün işdən sonra iş sahəsində yerləşən anbara yerləşdirilir. O, həmin vaxt sol əlində tutduğu elektrik mişarla taxta kəsməklə məşğul olmuşdur. Qəlibçi-dəmirçi kimi onun elektrik mişarla işləməsi nəzərdə tutulmuşdur. Qeyd edilən məsələyə nəzarət SƏTƏM mühəndisi Şahid2 tərəfindən həyata keçirilmişdir. Bununla bağlı təlimat nəzərdə tutulmamış və ona hər-hansı təlimat keçirilməmişdir. İşşçilərdən belə diplom və s. sənədlər tələb edilmir və onun da belə diplom və s.sənədi olmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Zəngilan rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X1 xx.xx.2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, toplanmış 66-C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Zəngilan rayon prokuroru Qibləli Kərimovun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətəlar Məcəlləsinin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X2 xx.xx.2024-cü il tarixli 1477 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-biləyin və əlin açıq yarası – mişarlayıcı alətin təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən və şəxsin məhkəmə-tibbi ekspertizası zamanı özünün göstərdiyi müddətdə (xx.xx.2024) və şəraitdə yetirilmələri inkar olunmur, dərəcəsinə görə isə ümumillikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində göstərilən xəsarətlərdən əlavə gözlə görünən digər hər hansı bir xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/7260 nömrəli ekspert rəyindən görünür ki, elektrik əl maşınlarının istismarına dair istehsalat təlimi keçməmiş və təhlükəsizlik texnikası üzrə ixtisas dərəcəsi olmayan işçinin həmin avadanlıqdan istifadə etməklə kəsim işlərinin görülməsinə cəlb edilməsi hadisənin baş verməsini şərtləndirmişdir. Baş vermiş hadisə ilə əlaqədar “Elektrik əl maşınları.Ümumi təhlükəsizlik tələblər” 12.2.013.0-91 saylı DST-nin 1 saylı əlavəsinin 1-ci bəndinin tələbləri pozulmuşdur.Elektrik əl maşınlarının istismarına dair istehsalat təlimi keçməmiş və təhlükəsizlik texnikası üzrə ixtisas dərəcəsi olmayan Zərərçəkmiş şəxs həmin avadanlıqdan istifadə etməklə işlərin görülməsinə cəlb edildiyinə görə, “Elektrik əl maşınları.Ümumi təhlükəsizlik tələbləri” 12.2.013.0.91 saylı DST-nin 1 saylı əlavəsinin 1-ci bəndinin tələbləri həmin işin görülməsinə göstəriş vermiş şəxs(lər) tərəfindən pozulmuşdur. Zərərçəkmiş şəxs elektrik əl maşınlarının istismarına dair istehsalat təlim keçmədən və təhlükəsizlik texnikası üzrə ixtisas dərəcəsi olmadan işə buraxıldığını nəzərə alaraq, tərəfindən təhlükəsizlik texnikası, əməyin mühafizəsi qaydalarının və eləcə də təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vəzifəli şəxs "xxxx" şirkətinin direktoru vəzifəsində işləyən Şəxs tərəfindən “Elektrik əl maşınlarının istismarına dair istehsalat təlimi keçməmiş və təhlükəsizlik texnikası üzrə ixtisas dərəcəsi olmayan Zərərçəkmiş şəxs həmin avadanlıqdan istifadə etməklə işlərin görülməsinə cəlb etməklə “Ümumi təhlükəsizlik tələbləri” 12.2.013.0-91 saylı DST-nin 1 saylı Əlavəsinin 1-ci bəndinin tələblərinı pozmuş, xx.xx.2024-cü il tarixdə, saat 16:30 radələrində iş zamanı Zəngilan rayonu, İİ-ci Ağalı kəndində tikinti ərazisində elektrik mişarla işləyərkən elektrik mişar işlək vəziyyətdə olduğundan onun sağ əlinə dəymiş, nəticədə sağ əl və bilək nahiyəsi kəsilmiş və sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət almış, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin, şahidlərin izahatları, həmçinin ekspert rəyləri ilə tam sübut oulnmuşdur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/7260 nömrəli ekspert rəyinə əsasən elektrik əl maşınlarının istismarına dair istehsalat təlimi keçməmiş və təhlükəsizlik texnikası üzrə ixtisas dərəcəsi olmayan işçinin həmin avadanlıqdan istifadə etməklə kəsim işlərinin görülməsinə cəlb edilməsi hadisənin baş verməsini şərtləndirmiş, baş vermiş hadisə ilə əlaqədar “Elektrik əl maşınları.Ümumi təhlükəsizlik tələblər” 12.2.013.0-91 saylı DST-nin 1 saylı əlavəsinin 1-ci bəndinin tələbləri pozulmuşdur.Elektrik əl maşınlarının istismarına dair istehsalat təlimi keçməmiş və təhlükəsizlik texnikası üzrə ixtisas dərəcəsi olmayan Zərərçəkmiş şəxs həmin avadanlıqdan istifadə etməklə işlərin görülməsinə cəlb edildiyinə görə, “Elektrik əl maşınları.Ümumi təhlükəsizlik tələbləri” 12.2.013.0.91 saylı DST-nin 1 saylı əlavəsinin 1-ci bəndinin tələbləri həmin işin görülməsinə göstəriş vermiş şəxs(lər) tərəfindən pozulmuş, Zərərçəkmiş şəxs elektrik əl maşınlarının istismarına dair istehsalat təlim keçmədən və təhlükəsizlik texnikası üzrə ixtisas dərəcəsi olmadan işə buraxılmış, onun tərəfindən təhlükəsizlik texnikası, əməyin mühafizəsi qaydalarının və eləcə də təlimatların tələblərinin pozulması halı müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs rayon prokurorluğunda verdiyi izahatında hadisənin baş vermə səbəbinin onun özünün diqqətsizliyi və ehtiyatsızlığından olmasını bildirsə də, qanunvericilyin tələbləri Şəxs tərəfindən pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci madəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə-min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, özünü həmin maddə ilə təqsirli bilməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32-33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 1000 (min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və ya protest («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(034)-108/2024
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-108/2024
24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver