Məhkəmə qərarları › İş №3(034)-11/2023

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-11/2023

17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-11/2023 17.04.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi ilə, Zəngilan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakı ilə, xx.xx.1966-cı ildə Zəngilan rayonu, Şəfibəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, fərdi əməklə məşğul olan, Zəngilan rayonu, Şəfibəyli kəndində qeydiyyatdadır, Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, bina 9, mənzil 22-də məskunlaşan, Zəngilan rayon Polis Şöbəsinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tərtib edildiyi inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:00-da sərxoş vəziyyətdə onu intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Zəngilan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X2 protokolu müdafiə edərək bildirmişdir ki, Rəşad Qasımovun raportundan görünür ki, Şəxs ilk öncə öz ailəsində münaqişə yaratmış, həmin münaqişəni ictimaiyyətə çıxarmış, nalayiq sözlər istifadə etmişdi. Polis əməkdaşı ona yaxınlaşaraq onu nizamintizamlı olmaya dəvət etmiş, lakin o, içkinin təsirindən həmin hərəkəti davam etdirmiş, polisin qanuni tələblərinə tabe olmamışdır. Şəxs 15 aprel 2023-cü ildə tutulmuş, müayinədən keçirilmiş, səhərisi gün izahatı alınmış və araşdırma aparılmışdır.Ərazidə xidmət aparan polis əməkdaşı X3 qarşı nalayiq sözlər işlətmişdir. Şəxs əvvəllərdə sərxoş vəziyyətdə eyni hərəkətə yol verdiyi üçün 30 gün inzibati qaydada həbs edilmişdir. Şəxs spirtli içki alüdəçisidir, içdikdən sonra bu cür əməllərini davam etdirərək ətrafdakı şəxslərə qarşı kobud surətdə ictimai qaydanı pozur. Hesab edir ki, şəxs inzzibati qaydada həbs olunarsa, bəlkə özünə nəticə çıxara bilər. Sonda protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmədən inzibati xəta törətmiş şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldə özümü təqsirli bilərək izahatında göstərmişdir ki, həmin günü evdə araq içmiş, içkili vəziyyətdə olmuşudr. Yoldaşı ilə dalaşıb evdən çıxmış, binanın qarşısında yoldaşı ilə uşağı gəlmiş və onlara evə qayıtmayacağını demişdir. İçkili vəziyyətdə olduğu üçün polis əmkdaşları onu şöbəyə aparmışlar. İçki içir, amma hər gün yox, həftədə bir gün içki içir. Özü hazırda işləyir. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs törətdiyim əməldən səmimi olaraq peşman olmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zəngilan rayon X6 saxlama yerinin mühafizəsi üzrə polis nəfəri X7 ifadəsində bildirmişdir ki, o, xidmət apardığı ərazidə səsküy eşitmiş, şəxsin səsi ərazini götürmüşdür. Qonşular səsin Şəxs evindən gəlməsini bildirmişlər. Səs küy salan şəxs şəhərcikdə yaşayan Şəxs olmuşdur. Onunla qohumluq əlaqələri yoxdur. 15 aprel 2023-cü il tarixdə şəhərcikdə xidmətdə olarkən Şəxs yaşadığı binadan söyüş söyərək düşməsini görmüş, ona yaxınlaşaraq söyüş söyməməsini bildirmişdir. Lakin vətəndaş içkili vəziyyətdə olduğu üçün özündə olmamış, nalayıq sözlərlə söyüşlər söymüş. Ona söyüş söyməməsini bildirəndə, ona da söyüşlər söyərək təhqir etmişdir. Sakitləşsin deyə şöbəyə aparmaq istəyəndə onlara qarşı müqavimət göstərmiş, söyüş söyərək ona əlini çək deyərək şöbəyə getməkdən imtina etmişdir. O, şəxsə yaxınlaşanda onu çox pis nalayiq söyüşlərlə söymüşdür. Şəxs həmin inzibati xətanı törətməsi Zəngilan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X4 tərəfindən tərtib olunmuş 17 aprel 2023-cü il tarixli MN ******* saylı İnzibati xəta haqqında protokolu, özünün izahatı və iş materiallarında olan digər materiallar ilə tam sübuta yetdiyindən o, bu maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarına əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 15 aprel 2023-cü il tarixli protokolan görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması onun özünün etirafı, iş üzrə dindirilmiş şahid ifadələri ilə tam sübuta yetirilmiş və onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini-törətdiyi əməldən səmimi olaraq peşman olmasını nəzərə alıb hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Həbsetmənin əvvəli Şəxs faktiki tutulduğu andan, yəni 17 aprel 2023-cu il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 17 aprel 2023-cü il tarixdən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayonu Pols İdarəsinin müvəqqəti saxlanma yerinə təhvil verilsin. Qərarın surəti Şəxs və onun vəkilinə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar