Məhkəmə qərarları › İş №3(034)-121/2024

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-121/2024

10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-121/2024 10.12.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Zəngilan rayon X5 Təhlükəsizlik Bölməsinin polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakları ilə, xx.xx.1987-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Tikinti Abadlıq Şirkətində elektrik işləyən, Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsi 142-də qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Zəngilan rayon X5 Təhlükəsizlik Bölməsinin sahə rəisi X4 tərəfindən tərtib edilmiş 10 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoladan görünur ki, Şəxs 28 noyabr 2024-cü il tarixində Zəngilan rayonu ərazisində üzərində 1.08 qram qurudulmuş marixuana aşkar edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş orqanın nümayəndəsi X4 izahatında bildirmişdir ki, Şəxs üzərində şəxsi axtarış və götürmə həyata keçirilərkən əynində qara rəngli gödəkcənin sol döş cibindən 01 ədəd bükümün içərisində yaşıl rəngli marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür. Araşdırma zamanı Şəxs izahatında bildirmişdir ki, şirkət ərazisində gəzərkən yerdə 01 ədəd büküm görmüş, həmin bükümün içərisinə baxdıqda həqiqətən içərisində narkotik vasitə olduğunu görmüş, narkotik istifadəçisi olduğu üçün bükümü bağlayaraq gödəkcəsinin sol döş cibinə qoymuşdur. Şəxs dediyinə görə narkotik vasitəni yerdən tapmışdır. Şəxs saxlanılarkən onun üzərində narkotik vasitəsinin olmasını özü deyərək təqdim etmişdir. Şəxs polis orqanına gətirilərkən ona qarşı heç bir fiziki zor, təyziq olmamışdır. Təqsirləndirilən şəxs əməlindən peşmandır və güman edir ki, bu sonuncudur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, etdiyi əməldən peşmandır. 15 ildir ki, narkotik istifadəçisidir. Şirkət ərazisində gəzərkən yerdə 01 ədəd büküm görmüş, həmin bükümün içərisində narkotik vasitə olma ehtimalından şübhələndiyi üçün həmin bükümü götürmüşdür. Bükümün içərisinə baxdıqda narkotik vasitə olduğunu görmüş, narkotik istifadəçisi olduğu üçün bükümü bağlayaraq gödəkçəsinin sol döş cibinə qoymuşdur. Marixuananı yerdən tapmışdır. Zəngilan rayonu, Ağalı kəndində olarkən polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edərək onu polis şöbəsinə dəvət etmişlər. Üzərində narkotik vasitəsinin olmasını özü demişdir və polisə təqdim etmişdir. Sonda məhkəmədən törətdiyi əməldən səmimi olaraq peşman olmasını nəzərə alaraq, həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə Zəngilan rayon Polis Şöbəsi tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli, ******* nömrəli qərardadından görünür ki, Şəxs şəxsi istehlak miqdarında qurudulmuş marixuana istifadə etmişdir. İş materiallarına əlavə edilmiş Zəngilan rayon X3 Qrupunun təhqiqatçısı, polis baş leytenantı X1 06 dekabr 2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın açılması üçün qərarın surəti Zəngilan rayon X5 Təhlükəsizlik Bölməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə ilə bağlı xx.xx.2024-cü il tarixli A/3126 nömrəli protokol üzrə verilən rəydən görünür ki, Şəxs alkoqol-sərxoşluq vəziyyətində olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin qeyd hissəində deyilir ki, satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Həmin Məcllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrıayrı növlərinə görə üç gündən üç ay müddətinədəkhakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinin tələbinə görə hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Eyni Məcəllənin 30.3-cü maddəsinin tələbinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə axil edilir. Bundan başqa «şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təstiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa əlavə edilmiş 1 saylı cədvəldən görünür ki, çəkisi 5 qramdan 500 qramadək olan narkotik vasitə olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma və ya satma cinayət məsuliyyəti yaradır. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarını dinləyib, hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Belə ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunan sübutlarla, o, cümlədən tərəflərin izahatları, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, özünün etiraf edici izahıtını, səmimi peşman olmasını nəzərə alıb hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 12-13, 31,32- 33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək, barəsində 350 (üç yüz əlli) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest («Elektron məhkəmə» informasya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar