Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-16/2023 22.05.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ X5 Heydər oğlunun sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Zəngilan RPŞ-nin İTB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Salyan rayonu, Sarvan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Salyan rayonu, Sarvan kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə toplanmış inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər edərək xırda xuliqanlıq etmiş, həmçinin polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Zəngilan RPŞ-nin İTB-nin sahə rəisi N.N.Əhmədzadə tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 20 may 2023-cü il tarixdə saat 05:00 radələrində Zəngilan rayonu, Mincivan qəsəbəsində yerləşən 3 saylı stasionar polis postunda xidmətdə olan polis əməkdaşları posta doğru sürətlə yaxınlaşan yük avtomobilini yoxlamaq məqsədi ilə saxlamış, daha sonra sürücüdən sənədlərini tələb edilən zaman sürücü ünvansız söyüş söyərək və nalayiq ifadələr işlədərək əsəbi halda sənədləri verməkdən imtina etmişdir. Buna baxmayaraq, polis əməkdaşları sürücünü sakitləşdirib onu nizam-intizama dəvət etsələr də, şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq öz növbəsində dövlətin və polisin nüfuzuna xələl gətirən sözlər işlədərək əməlinə davam etmişdir. Daha sonra onlar həmin şəxsi ictimai qaydanı pozması səbəbi ilə Zəngilan RPŞnə gətirmişlər. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, təxminən 9 aydır ki,166 yükdaşıma şirkətində sürücü vəzifəsində işləyir.19 may 2023-cü il tarixdə ona 153.75 metr uzunluğunda Koroje 400 markalı turbanı Zəngilan rayonunda yerləşən Kalyon şirkətinə çatdırmaq göstərişi verilmişdir. Bundan sonra o, həmin yükü idarə etdiyi **-JM-*** nömrəli ATİKO markalı yük maşınına yükləyərək Zəngilan rayonuna yollanmışdır. 19 may 2023-cü il tarixdə təxminən saat 23:30 radələrində Füzuli rayonunda yerləşən Horadiz postuna çatmış, burda maşını saxlayaraq mağazadan aldığı kolbasa-çörəyi yemiş və bir ədəd spirtli içki olan “GO” kokteyli qəbul etmişdir. Orada bir az dincəldikdən sonra yenidən yoluna davam edərək 20 may 2023-cü il tarixdə təxminən saat 05:00 radələrində Zəngilan rayonunda Mincivan postuna çatmışdır. Postda xidmət aparan polis əməkdaşı avtomobili saxlayaraq portal icazəsini yoxlamaq üçün ondan şəxsiyyət vəsiqəsini tələb etmişdir. Həmin vaxt o, spirtli içkinin təsiri altında yorğun olduğundan özündən aslı olmayaraq şəxsiyyət vəsiqəsini əsəbi şəkildə onlara uzadaraq ünvansız söyüşlər söymüşdür. O, sənədi çəkib polisin əlindən aldığı üçün postu bağlamışlar. Bu zaman polis əməkdaşları onu sakitləşdirmək istəsələr də, o, söyüş söyməyə davam etmişdir. Etdiyi hörmətsizliyə görə həmin gün deyil, səhəri gün polis əməkdaşlarından üzr istəmişdir. Daha sonra polis əməkdaşları onu Zəngilan RPŞ-nə aparmışlar. Göstərilənləri nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid Zəngilan RPŞ-nin MSY-nin polis nəfəri X2 izahatında bildirmişdir ki, 20 may 2023-cü il tarixdə saat 05:00 radələrində Zəngilan rayonu, Mincivan qəsəbəsində yerləşən 3 saylı stasionar polis postunda polis baş serjantı Elməddin Quliyev ilə birlikdə xidmətdə olarkən posta doğru sürətlə yük avtomobilinin yaxınlaşdığını görmüş, avtomobilin sənədlərini və portalını yoxlamaq məqsədi ilə avtomobili saxlamışlar. Sürücüdən sənədləri tələb edən zaman sürücü ünvansız söyüş söyərək nalayiq söz və ifadələrlə sənədləri verməkdən imtina etmişdir. Buna baxmayaraq, onlar həmin şəxsi sakitləşdirib nizam-intizama dəvət etsələr də, sonradan adının İlham olduğunu bildiyi şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq, ictimai yerdə olmasına, ətrafda digər avtomobillərin və sürücülərin olmasına laqeyd yanaşaraq hərəkətlərini davam etdirmiş, dövlətin ünvanına nalayiq söz işlətmişdir. Buna görə də həmin şəxs tərəflərindən Zəngilan rayon Polis Şöbəsinə gətirilmiş, həkim müayinəsindən keçirilmiş, Şəxs sənədləri təqdim etməkdən imtina edərkən və polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq nalayiq söz və ifadələr işlədərkən onun 0.14% promil dərəcədə spirtli içki qəbul etməsi müəyyən edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Zəngilan RPŞ-nin Təminat hissəsinin polis nəfəri E.Quliyev tərəfindən tərtib edilmiş 20 may 2023-cü il tarixli raportdan görünür ki, o, 20 may 2023-cü il tarixdə saat 05:00 radələrində Zəngilan rayonu, Mincivan qəsəbəsində yerləşən 3 saylı stasionar polis postunda polis baş serjantı X2 ilə birgə xidmətdə olarkən posta doğru sürətlə yaxınlaşan yük avtomoblini yoxlamaq məqsədi ilə saxlamış, daha sonra sürücüdən sənədləri tələb edən zaman sürücü ünvansız söyüş söyərək və nalayiq ifadələr işlədərək əsəbi halda sənədləri verməkdən imtina etmişdir. Buna baxmayaraq, onlar sürücünü sakitləşdirib nizam-intizama dəvət etsələr də, sürücü onların qanuni tələblərinə məhəl qoymayaraq, öz növbəsində dövlətin və polisin nüfuzuna xələl gətirən sözlər işlədərək əməlini davam etdirmişdir. Daha sonra onlar həmin şəxsi ictimai qaydanı pozma səbəbi ilə Zəngilan RPŞ-nə gətirmişlər. İş materiallarında olan 22 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 05:00 radələrində Zəngilan rayonu, Mincivan qəsəbəsində yerləşən 3 saylı stasionar postda polisin qanuni tələbinə qəsdən tabe olmayaraq ictimai qaydanı və təhlükəsizliyi nalayiq ifadələrlə pozmuş və bununla da, Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 20 may 2023-cü il tarixli, 400 nömrəli aktının surətindən görünür ki, Şəxs alkaqol sərxoşluğu vəziyyətində olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 20 may 2023-cü il tarixdə, saat 05:00 radələrində Zəngilan rayonu, Mincivan qəsəbəsində yerləşən 3 saylı stasionar polis postuna doğru sürətlə yaxınlaşan zaman postda xidmət aparan polis əməkdaşları yük avtomoblini yoxlamaq məqsədi ilə onu saxlamış, sürücüdən sənədləri tələb olunan zaman sürücü ünvansız söyüş söyərək və nalayiq ifadələr işlədərək əsəbi halda sənədləri verməkdən imtina etmiş, polis əməkdaşları onu inzibati xətaya yol verməməsinə dəvət etmiş, lakin o, polisin tələbinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Həmin şəxi dəfələrlə nizam-intizama dəvət edilsə də, sonuncu buna məhəl qoymayaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə, Şəxs törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün məhkəmə iclasında verdiyi ifadə və digər iş materialları ilə onun nalayiq söyüşlər söyməklə ictimai qaydanı pozması və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi, həmçinin, polis əməkdaşlarının dəfələrlə etdiyi çağırışlara baxmayaraq öz qanunsuz hərəkətlərini davam etdirməsi və bununla da, həmin Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən həmin Məcəllənin 510 və 535.1-ci maddələri ilə tövsif edilməlidir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs ailəli olmasını, polis əməkdaşlarından üzr istəməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən etməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli şəxsin hüquqlarının faktiki məhdudlaşdırıldığı andan, yəni 22 may 2023-cü il tarixdən, saat 17:00dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən saat 17:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayonu Polis İdarəsinin müvəqqəti saxlanma yerinə təhvil verilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayonu Polis İdarəsinin Müvəqqəti Saxlanma Məntəqəsinə və Zəngilan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protesti verilə bilər. Sədrlik edən Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(034)-16/2023
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-16/2023
22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver