Məhkəmə qərarları › İş №3(034)-20/2023

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-20/2023

19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-20/2023 19.06.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Zəngilan RPŞ-nin İTB-nin sahə rəisi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 və onun vəkili X3 iştirakları ilə, xx.xx.1974-cü ildə Zəngilan rayonu, Ağalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, fərdi əməklə məşğul olan, Zəngilan rayonu, Ağalı kəndi,2-ci küçə 70 nömrəli evdə qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələri ilə toplanmış inzibati xəta haqqında materiala baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X4 ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər edərək xırda xuliqanlıq etmiş, həmçinin polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Zəngilan RPŞ-nin İTB-nin sahə rəisi X7 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, tərtib olunan raportdan görünür ki, Şəxs Abasəli oğlu xx.xx.2023-cü il tarixdə Zəngilan rayonu, Ağalı kəndində inzibati ərazisində yüksək əhəmiyyətli tədbir zamanı orda spirtli içki qəbul etdikdən sonra bəzi vətəndaşların narazılığa səbəb olmasına baxmayaraq, ictimai qaydanı pozaraq, ictimai yerdə nalayiq söz və ifadələr işlətmişdir. Sonra bu hərəkətləri davam etdirmiş və Ağalıda olan polis şöbəsində onun izahatı alınmışdır. Şahid olaraq o, orda olmamış və tərtib olunan raporta görə deyir. Vətəndaşı ictimai qaydanı pozmamağa dəvət etmişlər, lakin buna baxmayaraq o, öz hərəkətlərini davam etdirmişdir.Hadisə Zəngilan rayonunun Ağalı kəndinin şəhər ərazisində baş vermişdir. Səbəbi inzibati xəta törədən şəxsin izahatında qeyd olunmuşdur. Həmin ifadə cəmiyyətin içərsində deyilən ifadə deyildir, şəxsə qarşı yönəlsə, düşünmək olar, lakin ünvansız olaraq ümumi deməyi ictimai qaydanı pozulmasını göstərir. Sonda protokolu tərtib etmiş orqanın nümayəndəsi göstərilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati tənbehdə nə cəza nəzərdə tutulbsa, o cəzanında verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özümü təqsirli bilərək izahatında bildirmişdir ki, həmin hadisədə polisə müqavimət, tabe olmamaq olmamışdır. Atası xərçəng xəstəsidir, 11 dəfə narkoz almış, 70 yaşı var. 8 aydırkı su gəlmirdi. Atası ona zəng edərək bildirmişdir ki, bütün dirliyini su basmış, əkdiyi yeri su aparmışdır. Atası ona Aqil müəllimə zəng et suyu kəssin demişdir. Aqilə 3 dəfə zəng etmiş, birdə ona zəng etdi ki, Aqilin nömrəsini ver o da, lazım deyil demişdir. Sonra onun qulağına çatmışdır ki, guya onun atası qəsdən suyu buraxmışdır ki, cənab prezident ordan keçən də maşını suya batsın. Guya atası təxribatçıdır. O, da iki stəkan pivə içmiş, özündən aslı olmayaraq əsəbləşmişdir. Qarabağda döyüşmüş, qazidir. Əsəbi halda kafenin qarşısına gəlmiş, orda kimin oturması yadında deyildir. Amma onların kənddən 2-3 nəfər nümayəndə oturmuşdur. Bu işləridə quran öz kəndçiləridir. Mən əsəbi halda demişdir ki, hansı cındır xəstə kişini təxribatçı kimi təqdim etmişdir. Bu sözü deyib marketə getmişdir. Arxasıncada Bəkir müəllim gəlmiş, onu nəyi var danlamışdır. Bəkir müəllimdən yerlə göy qədər razıdır. Ona görə Bəkir müəllimə söz gələcəksə ona ən ağır cəza nədir onun verilsin razıdır. Bəkir müəllim onu danlamış, o da Elxan müəllimin böyrünə düşüb yuxarı çıxmışlar. 15-20 dəqiqə söhbətdən sonra Bəkir müəllim onu aşağı çağırmışdır. Aşağı gəlmiş, Bəkir müəllim ona dur ayağa burda hamıdan üzr istə demişdir. O, da Bəkir müəllimə ifadə etdiyi nalayiq ifadəyə görə onlardan əlli min dəfə üzr istiyir demişdir. Amma burda oturanlardan üzr istəmiyəcək demişdir. Kafenin qarşısında 10-15 nəfər adam olardı. Amma o, onları söyməmişdir. Bəkir müəllimdən qabaq heç bir polis gəlməmişdir. Marketlə oranın arası 5-6 metrdir, o, sözünü deyib getmiş, arxasında Bəkir müəllim gəlmişdir. Orda yazılıb ki, polisə hərbiçiyə müqavimət olunub amma olmamışdır. Polisə dəvət edəndə Elxan müəllimin böyrünə düşüb yuxarı çıxmışdır. Bəkir müəllim gəlib ona orda oturanlardan üzr istə demişdir. İzahatını o, yazmamış, qol çəkmişdir. Latın qrafikası ilə yaza bilmədiyi üçün komputerlə yazılmış, o, da qol çəkmişdir. Komputerdə yaza-yaza oxumuşlar. O, heç bir polis əməkdaşına müqavimət göstərməmişdir. O, əsəbləşəndə nə gözü görür, nədə qulağı eşidir. Hadisə olanda tədbir bitmişdir. Kafenin qarşısına gələndə polis yox idi. Orda demişdir ki, hansı cındır xəstə yaşlı atasını əsəbləşdirmişdir. Sözünü deyib marketə girmişdir. X10, onun arxasıncada Bəkir müəllim gəlmişdir. Bəkir müəllimdən qabaq ona heç bir polis əməkdaşı yaxınlaşmamışdır. Hadisə təxminən saat 3 yarısı və ya 3 arası olardı. Hadisə tədbirdən sonra olmuşdur. O, kafenin qarşısında sözü işlətmiş, kafenin qarşısında adam olmuş, tədbir bitmiş, o, sözünü deyib marketə keçmişdir. Göstərilənləri nəzərə alaraq, törətdiyi əməldən peşman olmasını, səhv etməsini boynuna almasını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid Zəngilan RPŞ-nin İTB-nin polis nəfəri X9 izahatında bildirmişdir ki, o, Ağalıda xidmət aparmış, sahə rəisinin köməkçisidir. İzahatında bildirdiyi kimi bir nömrəli tədbir idi, bütün hamı ora yığışmışdır. Şəxsə bir dəfə sakitləşməsini demişlər, sonradan şəxs özü polisə getmişdir. Müşviq elə bir pis adam deyil, sadəcə əsəbləşmişdir. Özünü saxlaya bilməmiş və ağzından nalayiq söz çıxarmışdır. İfadəsinə görə üzr istəyir "cındır” sözü işlətmişdir. Polisə müqavimət deyəndə ki, bir dəfə sakitləşməsini demişlər, ikincidə isə müqavimət göstərmədən onlarla getmişdir. Şəxs onlara əl-qol atmamışdır. Bu hadisə bir nömrəli tədbir zamanı olduğu üçün vətəndaşı məhkəməyə gətirmişlər. Həmin vaxtı tədbir bitsədə hamı ərazidə olmuşdur. Hamı posta olmuş, cənab prezident 1-2 yerə səyahət etmişdir. Cənab prezident ərazidə maşınla gəzinti etmişdir. Hadisə təqsirləndirilən şəxsin evinin qarşısında olmuşdur. Təqsirləndirilən şəxs əsəbi olduğu üçün qışqırırdı. Yaxınlaşmışlar və həyəti su basmasını demişlər. Orada dava-dalaş olmamışdır. Cənab prezident maşınla gəzdiyi üçün burdan keçə bilər demişlər. Onlar ərazidə xidmət aparırdılar.Tədbir Ağalı kəndinin girişində olmuşdur. Hadisə 10 dəqiqə çəkməmişdir. Vətəndaşı çağırmışlar, gəlmiş, tabe olmamazlıq etməmişdir. İctimai qaydanın mühafizə qaydaları cəmiyyət içərsində söyüşlə pozulmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilsə də, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi isə sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:10-da polisin qanuni tələbinə qəsdən tabe olmayaraq, ictimai qaydanı və təhlükəsizliyi nalayiq ifadələrlə pozmuş və bununla da, Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İş materiallarına əlavə edilmiş «Tibbi ərazi X2» X14 Beyləqan rayon X6 Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 6 nömrəli arayışdan görünür ki, Şəxs həkim tərəfindən müayinə olunmuş, alkoqol sərxoşluğu diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs Abasəli oğlu xx.xx.2023-cü il tarixdə Zəngilan rayonu, Ağalı kəndində inzibati ərazisində yüksək əhəmiyyətli tədbir zamanı spirtli içki qəbul etdikdən sonra bəzi vətəndaşların narazılığa səbəb olmasına baxmayaraq, ictimai qaydanı pozaraq, ictimai yerdə nalayiq söz və ifadələr işlətmiş, oraya gələn polis əməkdaşları həmin şəxsi nizam-intizama dəvət etmiş, sonuncuda polisə qarşı heç bir müqavimət göstərmədən polisin qanuni tələblərinə tabe olaraq onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Beləliklə, Şəxs Abasəli oğlunun törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün məhkəmə iclasında verdiyi ifadə və digər iş materialları ilə onun nalayiq söyüşlər söyməklə ictimai qaydanı pozması və bununla da, Azərbaycan Respublikasının Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş İnzibati xətanı törətməsi tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun polis əməkdaşlarının etdiyi tələblərə baxmayaraq öz qanunsuz hərəkətlərini davam etdirməsi və bununla da, həmin Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi isə sübuta yetirilmədiyindən həmin maddə üzrə icaata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs ailəli olmasını, törətdiyi əməldən peşman olmasını, polis əməkdaşlarından üzr istəməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən etməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və onun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32-33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Abasəli oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protesti verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar