Məhkəmə qərarları › İş №3(034)-22/2022

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-22/2022

05.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-22/2022 05.05.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi ilə, Zəngilan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakı ilə, xx.xx.1977-ci ildə Qubadlı rayonu, Başarat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, «Amazon» şirkətində operator işləyən, Qubadlı rayonu, Başarat kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri 15-ci məhəllə, 5 nömrəli yataqxanada məskunlaşan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 03.05.2022-ci il tarixdə təxminən saat 21:40 radələrində spirtli içkinin təsiri altında şəxsiyyəti təsdiq edən sənədin təqdim edilməsindən imtina etmiş, polis əməkdaşı ilə mübahisə etmş, nalayiq küçə söyüşləri işlədərək tabeçilik göstərməmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Zəngilan rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X2 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Zəngilan rayon Polis şöbəsinin konvoy hissəsinin polis nəfəri, polis leytenantı Emin Məmmədovun raportuna əsasən 05.05.2022-ci il tarixdə təxminən saat 21:40 radələrində Zəngilan rayonu, Məmmədbəyli kəndində yerləşən 1 nömrəli stasionar postda xidmət aparkən VAZ 2107 markalı qırmızı rəngli ** CN *** dövlət nömrə nişanlı avtomobliln posta yaxınlaşdığını görüb içərisində olan vətəndaşların icazələrinin yoxlanılması üçün avtomobili saxlamışdır. Həmin şəxslərin portal məlumatlarının yoxlanılması məqsədi ilə onların şəxsiyyətini təsdiq edən sənədi tələb etmişdir. Şəxslərdən 3 nəfər sənədləri təqdim etsə də, sərnişinlərdən biri aqressiv şəkildə sənədi verməkdən imtina etmiş və «mən sizə şəxsiyyət vəsiqəsi verməyəcəm” deyib onlarnın qanuni tələblərinə tabe olmayaraq mübahisə etməyə başlamışdır. Onlara «siz kimsiniz ki, mən sizə şəxsiyyət vəsiqəsini təqdim edim” demişdir. Dəfələrlə onu polisin qanuni tələblərinə tabe olması barədə xəbardar etsə də, şəxs özünün intizamsız hərəkətlərini davam etdirmiş, nalayiq küçə söyüşləri söyərək polisin qanuni tələblərinə tabe olmamışdır. Uzun sürən mübahisədən sonra o, polis idarəsinə aparılmış, idarədə həmin şəxsin xx.xx.1977-ci il təvəllüdlü Şəxs olması müəyyən edilmişdir. Həmin şəxs həkim müayinəsindən keçirilən zaman onun spirtli içki qəbul etməsi aşkar edilmişdir. Sonda protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmədən inzibati xəta törətmiş şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında həmin inzibati xətanı törətdiyini etiraf edərək izahatında bildirmişdir ki, 2021-ci ilin oktyabr ayından Zəngilan rayonunda fəaliyyət göstərən «Amazon» şirkətində operator işləyir. 03.05.2022-ci il tarixdə saat 21 radələrində sərxoş vəziyyətdə Zəngilan rayonuna daxil olan zaman rayonun giriş postunda polis əməkdaşları ondan sənəd tələb etmişlər. O, sərxoş olduğu üçün polislərin sənəd tələb etməsi ona xoş gəlməmiş və nalayiq ifadə işlədərək ondan heç kim sənəd tələb edə bilməz demişdir. Polis əməkdaşları ona sənədi təqdim etməyəcəyi halda rayon ərazisinə buraxılmayacağı bildirilmişdir. Sərxoş olduğu üçün polis əməkdaşlarının sözü onu əsəbləşdirmiş və polis əməkdaşlarına sənəd təqdim etməmişdir. Sonra onun sərxoş olub-olmaması yoxlanılmış və müayinə zamanı sərxoş olması aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahatına əlavə olaraq əslində o alkoqol içkilərini içmədiyini, uşağının ad günü olduğuna görə içki içdiyini, özündə olmadığından polislərin tələbini yerinə yetirməmişdir, uşaqlarına görə bağışlanmasını, içkili olduğundan səhv etməsini, həbs olunduğu təqdirdə işini itirəcəyini, üç azyaşlı uşağının olmasını, ailədə ondan başqa işləyən olmadığını, ona görədə işdən çıxmaq istəmədiyini, törətdiyi əməldan peşman olmasını, polislərdən üzr istədiyini bildirirək, barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarını dinləyib, hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunan sübutlarla, o, cümlədən inzibati xəta törətmiş şəxsin izahatı, 05.05.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, işin hallarını və Şəxs şəxsiyyətini, ilk dəfə olaraq inzibati xəta törətməsini, törətdiyi əməldən səmimi olaraq peşman olmasını nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 12-13, 31,32- 33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar