Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-34/2024 23.05.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Erhan oğlunun və onun vəkili Vəkil, Zəngilan rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X8, X1 iştirakları ilə, xx.xx.1997-ci ildə Türkiyə Respublikasının Düzcə şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, orta təhsilli, subay, «Kalyon RSY» şirkətində operator vəzifəsində işləyən, Türkiyə Respublikasının Düzcə şəhərində qeydiyyatda olan, hazırda Zəngilan rayonu, «Kalyon RSY» şirkətinin 115-ci kilometində yerəlşən yaşayış düşərgəsində yaşayan, Şəxs Erhan oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Zəngilan rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Erhan oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə barəsindət inzibati xəta ilə bağlı xx.xx.2024-cü il tarixli qərar üzrə inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün Zəngilan rayon prokurorluğu məhkəməyə müraciət etmişdir. Zəngilan rayon prokurorluğu inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərarını onunla əsaslandırmışdır ki, fiziki şəxs Şəxs Erhan xx.xx.2024-cü il tarixdə Zəngilan rayonu ərazisində idarə etdiyi "MST ST" markalı teleskopik yük qaldırma kranını arxaya verməzdən əvvəl yaxınlıqda (arxada) insanın olmadığını dəqiqləşdirmədən hərəkətə başladığına görə, onun tərəfindən "Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları" nın 17.29-cu bəndinin tələbinin pozulması “Kalyon RSY” şirkətinin işçisi, Türkiyə Respublikasının vətəndaşı, briqada nəzarətçisi vəzifəsində işləyən X5 işləyərkən dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət almasına səbəb olmuş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulması inzibati xətasını törətmişdir. Qeyd olunanlar Türkiyə Respublikası vətəndaşları Zeki Törenin, Şəxs, Bektaş Fatihin, Şahid3, Şahid1 izahatları, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, xx.xx.2024-cü il tarixli, 654 nömrəli məhkəmə-tibbi ekspertizası rəyi, xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2843 nömrəli məhkəmə-texniki təhlükəsizlik rəyi və 18-C-24 nömrəli araşdırma materialı üzrə qəbul edilən xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarla sübut olunur. Zeki Tören izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 08:15-də onun arxasından “MST ST” markalı qaldırıcı kran arxa-arxaya gələrkən arxa sağ təkəri onun sol ayağının üzərindən keçmişdir. Texnika arxaya doğru hərəkət etdiyi zaman işıq və səs siqnalları versə də, bu ani olaraq baş verdiyi, məsafə qısa olduğu üçün reaksiya verə bilməmişdir. “MST ST” qaldırıcı kranının operatoru kranın qaldırıcı hissəsi həmin vaxt sağ tərəfdə olduğundan operator (sürücü) sağdakı aynasından onu görə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "Kalyon RSY" şirkətində operator (sürücü) vəzifəsində işləyən Şəxs izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 08:15 radələrində “T1” dəmiryolu tunelində olarkən o, idarə etdiyi qaldırıcı kranla sağ və sol aynalardan arxada nə olub-olmadığını yoxladıqdan sonra özü də hər ehtimal arxa şüşədən arxaya baxaraq heç kimin olmadığını dəqiqləşdirməyə çalışmış və heç kimin olmadığını gördükdən sonra, arxa-arxaya hərəkət edərkən Zeki Törenin qışqırdığını eşitmiş və dərhal texnikanı dayandırıb bir az irəli çəkmişdir. Texnikadan aşağı düşərək texnikanın arxa sağ təkəri ilə Zeki Törenin sol ayağının üzərindən keçdiyini öyrənmişdir. Bununla bağlı dərhal sonuncuya köməklik göstərmiş və təcili tibbi yardıma məlumat vermişlər. Bundan təxminən yarım saat sonra ambulans gəlmiş və onu xəstəxanaya aparmışdır. "Kalyon RSY" şirkətində elektrik vəzifəsində işləyən Şahid3 izahatında göstərmişdir ki, xx.xx.2024-ci il tarixdə, saat 08:00 radələrində T1 dəmiryolu çıxış tunelində yolun açılması üçün tunelin partladılması həyata keçirilmiş və Zeki Tören ondan “MST ST” markalı insan və yük qaldırma kranını göndərməsini xahiş etmişdir. Zeki Tören həmin texnikanın səbətində qalxaraq tunelin tavanında yerləşən işıqların divarda yerləşən dövrə kəsicilərini tək-tək yoxlamağa başlamış, bir neçə işıqda problem aşkar edilmişdir. Daha sonra Zeki Tören tunelin partladılmış hissəsində torpağı təmizləmək üçün yükləyici (loder) texnikasını çağırmış, qeyd edilən texnika gəldikdən bir neçə dəqiqə sonra, saat təxminən 08:15 radələrində Zeki Törenin qışqırdığını eşitmiş və həmin vaxt ona məlum olmuşdur ki, qaldırıcı kran Zeki Törenin sol ayağının üzərindən keçmişdir. Bundan təxminən yarım saat sonra ambulans gəlmiş və Zeki Töreni xəstəxanaya aparmışdır. "Kalyon RSY" şirkətində operator (sürücü) vəzifəsində işləyən Şahid1 və briqada nəzarətçisi vəzifəsində işləyən Fatih Bektaş rayon prokurorluğuna Şahid3la eyni məzmunlu izahatlar təqdim etmişlər. "Kalyon RSY" şirkəti ilə Türkiyə Respublikası vətəndaşı Şəxs Erhan oğlu arasında bağlanan xx.xx.2023-cü il tarixli, 1458/23 nömrəli əmək müqaviləsinə əsasən sonuncu "0-123.5 kilometrlik Əhmədbəyli-Horadiz- Mincivan-Ağbənd layihəsində yükləyib- boşaldan maşın operatoru" vəzifəsinə təyin edilmişdir. Bu zaman "Kalyon RSY" şirkəti tərəfindən xx.xx.2022-ci il tarixli, 001-T/22 nömrəli əmrlə təsdiq edilən "yükləyib-boşaldan maşın operatorunun Vəzifə Təlimatı"nın 2.8-ci maddəsinin 1-ci bəndinə əsasən əməyin mühafizəsi üzrə yükləyib-boşaldan maşın operatorunun, yəni Şəxs Erhan oğlunun üzərinə əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi qaydalarına əməl edilməsi öhdəliyi qoyulmuşdur. Füzuli regional Məhkəmə-X11 xx.xx.2024-cü il tarixli, 617 nömrəli məhkəmətibbi ekspertizası rəyində Zeki Törenin aldığı sol aşıq-baldır oynağı bağlarının gərilməsi zədələnməsi xəsarətlərin bərk küt əşyanın (əşyaların) təsirindən törənməsi, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yetirilməsinin inkar olunmaması, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilməsi göstərilmişdir. Ədiiyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24,04.2024-cü il tarixli, 3-16-16/2-10/2843 nömrəli məhkəmə-texniki təhlükəsizlik ekspertizası rəyində qeyd edilmişdir ki, "Kalyon RSY" şirkətində operator vəzifəsində işləyən Şəxs Erhan oğlu idarə etdiyi "MST ST" markalı teleskopik yük qaldırma kranını arxaya verməzdən əvvəl yaxınlıqda (arxada) insanın olmadığını dəqiqləşdirmədən hərəkətə başladığına görə, onun tərəfindən "Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları" nın 17.29-cu bəndinin tələbi pozulmuş, bu da hadisənin baş verməsinin texniki səbəbi olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların rayon prokurorluğu tərəfindən 18-C-24 nömrəli material üzrə aparılmış araşdırma nəticəsində aşkar edilməsidir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. 18-C-24 nömrəli araşdırma materialı üzrə qəbul edilən xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X5 aldığı xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər qrupundan olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaratmadığından Şəxs Erhan oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat başlanması barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən Zəngilan rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X13 izahatında qərarı müdafiə edərək bildirmişdir ki, “Kalyon RSY” şirkətinin işçisi, Türkiyə Respublikasının vətəndaşı, briqada nəzarətçisi vəzifəsində işləyən X5 Zəngilan rayonu ərazisində işləyərkən xəsarət alması ilə bağlı xx.xx.2024-cü ildə rayon prokuorluğuna məlumat daxil olmuşdur. Məlumat xx.xx.2024-cü il tarixdə “Cinayətlər haqqında məlumatların qeydiyyatı” kitabında qeydə alınaraq rayon prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı Zeki Tören izahatında göstərmişdir ki, xx.xx.2024-cü ildə saat təxminən 08:15-də onun arxasında “MST ST” markalı qaldırıcı kran arxa-arxaya gələrkən arxa sağ təkəri onun sol ayağının üzərindən keçmişdir. Texnika arxaya doğru hərəkət etdiyi zaman işıq və səs siqnalları versə də, bu ani olaraq baş vermiş, məsafə qısa olduğu üçün reaksiya verə bilməmişdir. “MST ST” qaldırıcı kranın operatoru kranın qaldırıcı hissəsi həmin vaxt sağ tərəfdə olduğundan operator sağdakı aynasından onu görə bilməmişdir. Türkiyə Respublikasının vətəndaşı Şəxs Erhan oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar inzibati xəta ilə cəzalandırılmasını xahiş edir. Məhkəmədən inzibati xəta törətmiş şəxs Şəxs Erhan oğluna maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Erhan oğlu bu maddə ilə özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 07:30-08:00 radələrində T1 dəmiryolu çıxışı tunelində yolun açılması üçün tunelin partladılması həyata keçirilmiş və elektrik Şahid1 ondan idarə etdiyi “MST ST” markalı yük qaldırma kranı ilə oraya getməsini xahiş etmişdir. O, tunelə getdikdən sonra Zeki Tören idarə etdiyi texnikanın səbətində qalxaraq tunelin tavanında yerləşən işıqların divarda yerləşən dövrə kəsicilərini tək-tək yoxlamağa başlamışdır. Daha sonra Zeki Tören tunelin partladılmış hissəsində torpağı təmizləmək üçün yükləyici texnikasını çağırmış və həmin texnika gəldikdən sonra tunelin içərsində ondan arxada onun çıxa biləcəyi şəkildə sağ tərəfdə dayanmışdır. Qeyd edilən texnika gəldikdən bir neçə müddət sonra saat təxminən 08:15 radələrində o, idarə etdiyi qaldırıcı kranla sağ və sol aynalardan arxada nə olub-olmadığını yoxladıqdan sonra özü hər ehtimal arxa şüşədən arxaya baxıb heç kimin olmadığını dəqiqləşdirməyə çalışmış və heç kimin olmadığını gördükdən sonra arxa-arxaya hərəkət edərkən Zeki Törenin qışqırdığını eşitmiş və dərhal texnikanı dayandırıb bir az irəli çəkmişdir. Texnikadan aşağı düşüb texnikanın arxa sağ təkəri ilə onun sol ayağının üzərindən keçdiyimi öyrənmişdir. Bununla bağlı dərhal ona köməklik göstərmişlər və təcili tibbi yardıma məlumat vermişlər. Bundan təxminən yarım saat sonra ambulans gəlmiş və onu xəstəxanaya aparmışdır. İdarə etdiyi kranın iki aynası vardı. İdarə etdiyi qaldırıcı kranla sağ və sol aynalardan arxada nə olub-olmadığını yoxladıqdan sonra özü hər ehtimal arxa şüşədən arxaya baxıb heç kimin olmadığını dəqiqləşdirməyə çalışmış və heç kimin olmadığını gördükdən sonra arxa-arxaya hərəkət edərkən zərərçəkmiş şəxsin olduğu yer onun kor nöqtəsinə düşdüyü üçün onu görə bilməmiş və həmin vaxt texnikanın qaldırıcı hissəsi də onun görüşünü məhdudlaşdırmışdır. Kranın arxasında siren var, arxa-arxaya getdikdə həmin siren səs edir, arxada duran adam səsi eşidib çəkilir. Həmin günü siren işləmişdir. Həmin vaxt Zeki Törenin onun kör nöqtəsində dayanması və onun artıq tuneli tərk etdiyini düşündüyündən arxaya doğru hərəkət etmişdir. Maşından düşəndə Zeki Töreni yerə yıxılmış vəziyyətdə görmüşdür. Zeki Tören maşının sağ tərəfinə yıxılmışdır. Maşının arxa eni 4-5 metr olardı. Hadisə tuneldə baş vermişdir. İşə başlayanda baxmış, ətrafında kimsə olmamışdır. Həmin vaxt Zekin Törenin yanında yükləyicinin operatoru Şahid1, elektrik Şahid3 və o, olmuşlar. Şahid1 öz idarə etdiyi kran ilə onun arxasıda olmuş, aralarındakı məsafə 10- 15 metr olardı. Kranı arxa-arxaya verəndə Zeki Törenin ayağı təkərin altında qalır. Şahid1 kimləsə danışdığını görmüş, amma kimlə danışdığını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 İbrahim oğlu ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 08:00 radələrində T1 dəmiryolu çıxışı tunelində yolun açılması üçün tunelin partladılması həyata keçirilmişdir. Həmin partlayışla bağlı tunelin partladılmış hissəsində torpağı təmizləmək üçün Zeki Tören onun tunelə getməsini xahiş etmiş və o, idarə etdiyi yükləyici texnika ilə tunelə getmişdir. O, tunelə gəldikdən sonra Zeki Tören ondan tunelin içərisində olan digər qaldırıcı kran çıxanadək sağ tərəfdə gözləməsini xahiş etmişdir. Bundan bir neçə dəqiqə sonra o, Zeki Törenlə söhbət edən zaman saat təxminən 08:15 radələrində Şəxs idarə etdiyi “MST ST” markalı texnikanı arxa-arxaya idarə edərkən texnikanın arxa sağ təkəri ilə Zeki Törenin sol ayağının üzərindən keçmişdir. Bundan təxminən yarım saat sonra ambulans gəlmiş və onu xəstəxanaya aparmışdır. Zeki Tören onun arxasına keçmişdir. Kranın qaldırıcı hissəsi həmin vaxt sağ tərəfdə olduğundan operator Şəxs sağdakı aynasından onu görməyə bilərdi. O, Zeki Törənlə söhbət edən zaman Şəxs idarə etdiyi maşın dayanmışdır. Aralarındakı məsafə 10 metr olardı. Maşının eni 2-3 metr ola bilər. Şəxs işləyərkən o, kənarda dayanmışdır. 08:15 radələrində Şəxs idarə etdiyi “MST ST” markalı texnikanı arxa-arxaya idarə edərkən texnikanın arxa sağ təkəri ilə Zeki Törenin sol ayağının üzərindən keçmişdir. Maşın arxa-arxaya gedərkən siren işləyirdi.-Maşın işlək vəziyyətdə olanda səsi çox yüksək olur. Zeki Törenin eşitməsində və görməsində bir problem yoxdur.Onun idarə etdiyi maşın işlək vəziyyətdə deyildir. Məhkəmə iclasında şahid qismindən dindirilmiş X14 ifadəsində bildirmişdir ki, 08.03.202-cü il tarixdə saat 08:00 radələrində kim olduğunu xatırlamadığı işçilərindən biri ona bildirmişdir ki, “T1” dəmiryolu tunelində iş zamanı “MST ST” kranın operatoru Şəxs idarə etdiyi həmin texnika ilə briqada nəzarətçisi vəzifəsində işləyən Zeki Törenin ayağının üzərindən keçmişdir. Qeyd edilən bədbəxt hadisə ilə bağlı təcili tibbi yardım xidmətinə məlumat verilmiş və hadisədən təxminən yarım saat sonra Zeki Tören Bakı şəhərində yerləşən X3 aparılmışdır. O, Zeki Töreni gördüyündə açıq yara yox idi, tək əzilmə vardı. O, hadisə yerinə təxminən 10 dəqiqə sonra gəlmişdir. O, gələndə ambulans gəlmişdir. Zeki Törenlə danışanda ağrısı olduğunu bildirmişdir. Hadisədən sonra Zeki Törenlə danışdıqda özünün diqqətsizliyi üzündən hadisənin olmasını bildirmişdir. Xəsarət alan Zeki Törən iş təlimatlarını bilir və onlara hər şey izah edilmişdir. İşçilər hər ayda 2-3 dəfə olmaqla, təhlükəsizliklə bağlı qaydalarla şirkətin əməyin mühafizəsi üzrə mühəndislər tərəfindən tanış edilir. Maşındakı aynalar ilə arxanı görmək olur. Məhkəmə iclasında iştirakı mümkün olmayan iş üzrə zərərçəkmiş şəxs X6 Zəngilan rayon prokurorluğunda verdiyi izahatı elan edilmiş və o, izahatında bildirmişdir ki, xx.xx.2023cü il tarixdən “Kalyon RSY” şirkətində briqada nəzarətçisi vəzifəsində işləyir. xx.xx.2024-ci il tarixdə, saat 07:30 radələrində T1 dəmiryolu çıxış tunelində işləyən zaman tuneldə irəliləmək üçün nəzarətli şəkildə tunelin partladılması və tunelin 20 dəqiqə ərzində havalandırması həyata keçirilmişdir. O, məsul şəxs kimi tuneldə yaranmış ola biləcək problemləri aradan qaldırmaq üçün tunelin içərisinə girmiş və yoxlama zamanı tunelin bütün işıqlandırma sisteminin işləmədiyini görmüşdür. O, elektrikçiyə məlumat verərək bildirmişdir ki, “MST ST” markalı insan və yük qaldırma kranını göndərməsini xahiş etmiş və həmin texnikanı göndərmişdir. O, daha sonra həmin texnikanın səbətində qalxaraq tunelin tavanında yerləşən işıqların divarda yerləşən dövrə kəsicilərini tək-tək yoxlamağa başlamışdır.Bir neçə işıqda problem aşkar etmişdir. Daha sonra tunelin partladılmış hissəsində torpağı təmizləmək üçün yükləyici (loder) texnikasını çağırmış və ondan onun qalxmasına kömək edən digər kran çıxanadək tunelin içərisində sağ hissəsində gözləməsini xahiş etmiş və o texnikanı söndürərək dediyi yerdə saxlamışdır. Bu vaxt ‘MST ST" markalı qaldırıcı kran ondan təxminən 3-4 metr aralıda dayanmışdır. O, yükləyici (loderin) texnikanın yanına gəlmiş, tam solunda dayanmış və texnikanın sürücüsü Şahid1 ona işıqların hər partlamada xarab olmasını, buna bir çarə tapmalı olduqları ilə bağlı iradlarını bildirmişdir. Tam bu vaxtda saat təximən 08:15-də onun arxasından “MST ST" markalı qaldırıcı kran arxa-arxaya gələrkən arxa sağ təkəri onun sol ayağının üzərindən keçmişdir. Texnika arxaya doğru hərəkət etdiyi zaman işıq və səs siqnalları versə də. bu ani olaraq baş verdiyi, məsafə qısa olduğu üçün reaksiya verə bilməmiş və ‘MST ST” qaldırıcı kranının operatoru həmin vaxt onu görə bilməmişdir. Belə ki, kranın qaldırıcı hissəsi həmin vaxt sağ tərəfdə olduğundan operator (sürücü) sağdakı aynasından onu görə bilməmişdir. Dərhal digər işçilər ona köməyə gəlmiş, yarım saatdan sonra ambulans gəlmiş və onu ilk olaraq şirkətin tibb məntəqəsinə, daha sonra Bakı şəhərində yerləşən X3 aparmışlar. Onlar şirkətlə əmək müqaviləsi əsasında işləyirlər.Əmək müqaviləsinə görə briqada nəzarətçisi vəzifəsində işləyir. Onun gördüyü işlərə nəzarət Lèvent adlı mühəndis tərəfindən həyata keçirilir. Lakin həmin vaxt o, yanında deyildir.O, həmin vaxt heç kimin göstərişi olmadan tuneldəki vəziyyəti, problemləri yoxlamaq üçün tunelə daxil olmuşdur. Bunu həyata keçirmək onun işidir, buna görə ona hər-hansı göstərişin verilməsi zəruri deyildir. Onlar hər ay təxminən 2-3 dəfə təhlükəsizliklə bağlı qaydalarla şirkətin adını bilmədiyi əməyin mühafizəsi üzrə mühəndisləri tərəfindən tanış edilirlər. Hər dəfə sənədlərə imza çəkirlər. Dəbilqə, əlcək, jilet, iş forması, dəmir burunlu ayaqqabı ilə təmin olunurlar. O, xəsarət alan zaman bu mühafizə vasitələrindən istifadə etmişdir.‘MST ST” qaldırıcı kranının operatoru həmin vaxt ona görə bilməzdi. Belə ki, kranın qaldırıcı hissəsi həmin vaxt sağ tərəfdə olduğundan operator (sürücü) sağdakı aynasından onu görə bilməmişdir. Həmin vaxt onun ayağının əzilməsini yükləyicinin operatoru (sürücüsü) Şahid1 görmüşdür. Həmin vaxt orada “MST ST” markalı texnikanın sürücüsü və bir az aralıda elektrikçi Şahid3 olmuşdur. Texnika arxaya doğru hərəkət etdiyi zaman işıq və səs siqnalları versə də, bu ani olaraq baş vermiş, məsafə qısa olduğu üçün reaksiya verib kənara çəkilə bilməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Erhan oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Zəngilan rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X2 xx.xx.2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, toplanmış 18-C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Zəngilan rayon prokuroru Qibləli Kərimovun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, fiziki şəxs Şəxs Erhan oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətəlar Məcəlləsinin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi «Məhkəmə- Tibbi Ekspertiza və X4 xx.xx.2024-cü il tarixli 617 nömrəli ekspert rəyindən görünür ki, S.Z.Törenin almış olduğu xəsarət-sol aşıq-baldır oynağı bağlarının gərilməsi və zədələnməsi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və şəxsin məhkəmə-tibbi ekspertizası zamanı özünün göstərdiyi müddətdə (xx.xx.2024) və şəraitdə yetirilməsi aşkar olunur.Dərəcəsinə görə isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16\2-10\2843 nömrəli ekspert rəyindən görünür ki, “Kalyon RSY” şirkətində operator vəzifəsində işləyən Şəxs Erhan oğlunun idarə etdiyi “MST ST” markalı teleskopik yük qaldırma kranını arxaya verməzdən əvvəl yaxınlıqda (arxada) insanın olmadığını dəqiqləşdirmədən hərəkətə başlaması baş vermiş hadisənin səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları”nın 17.29-cu bəndinin və “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin “d» abzasının tələbi pozulmuşdur.“Kalyon RSY” şirkətində operator vəzifəsində işləyən Şəxs Erhan oğlunun idarə etdiyi “MST ST” markalı teleskopik yük qaldırma kranını arxaya verməzdən əvvəl yaxınlıqda (arxada) insanın olmadığını dəqiqləşdirmədən hərəkətə başladığına görə, onun tərəfindən “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları”nın 17.29-cu bəndinin tələbi pozulmuşdur. “Kalyon RSY” şirkətində briqada nəzarətçisi vəzifəsində işləyən X9 “T1” tunelində iş zamanı, “MST ST” markalı teleskopik yük qaldırma kranı tünellə hərəkət edərkən (yəni hərəkət etdiyi vaxt ona yaxınlaşarkən) öz fərdi təhlükəsizliyini qorumadığına görə, onun tərəfindən Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nən 11-ci bəndinin “d” abzasının tələbi pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, fiziki şəxs Şəxs Erhan oğlu xx.xx.2024-cü il tarixdə Zəngilan rayonu ərazisində idarə etdiyi "MST ST" markalı teleskopik yük qaldırma kranını arxaya verməzdən əvvəl yaxınlıqda (arxada) insanın olmadığını dəqiqləşdirmədən hərəkətə başladığına görə, onun tərəfindən "Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları" nın 17.29-cu bəndinin tələbinin pozulması “Kalyon RSY” şirkətinin işçisi, Türkiyə Respublikasının vətəndaşı, briqada nəzarətçisi vəzifəsində işləyən X5 işləyərkən dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət almasına səbəb olmuş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulması inzibati xətasını törətmişdir.Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Erhan oğlu törətdiyi əməli etiraf etməsə də, törətdiyi əməl zərərçəkmiş şəxsin və şahid ifadələri, eksprt rəyləri və iş üzrə digər sübutlarla tam subuta yetmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci madəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə-min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs Erhan oğlunun ilk dəfə inzibati xəta törətməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Erhan oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32-33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Erhan oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 1000 (min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(034)-34/2024
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-34/2024
23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver