Məhkəmə qərarları › İş №3(034)-40/2024

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-40/2024

23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-40/2024 23.05.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Zəngilan Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2005-ci ildə Sabirabad rayonu, Kovlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, «GM Constructnon» şirkətində fəhlə işləyən, Sabirabad rayonu, Kovlar kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozması ilə əlaqədar olaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Zəngilan rayonu, 1-ci stasionar postda aktiv portal icazəsi olmadan rayon ərazisinə daxil olmağa çalışmış, polisin xəbərdarlığına baxmayaraq, qanun tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Zəngilan Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X5 izahatında bildirmişir ki, xx.xx.2005-ci təvəllüdlü Şəxs xx.xx.2024-cü ildə Zəngilan rayonu 1ci stasionar postda aktiv portal icazəsi olmadan rayon ərazisinə daxil olmağa çalışımış, polisin xıbərdarlığına baxmayaraq qanuni tələbinə məhəl qoymamışdır. Belə ki, postda “Mersedes Benz” markalı nəqliyyat vasitəsi yaxınlaşmış və orada olan 5 nəfər şəxsdən 3 nəfər aktiv portal icazəsi olmadıqları üçün geriyə qaytarılmışdır. Daha sonra qeyd edilən nəqliyyat vasitəsi yenidən geri qayıdaraq artıq portal icazələrinin aktiv olduğunu demiş və bu zaman yoxlama üçün nəqliyyat vasitəsinin sürücüsü X2 5 ədəd deyil, 4 ədəd şəxsiyyət vəsiqəsi təqdim etmiş və aktiv portal icazəsi olmayan vətəndaş Şəxs şəxsiyyət vəsiqəsini təqdim etməmişdir. Sonda inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmədən şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, bir iki ay olar ki, Cəbrayıl rayonunda fəhlə işləyir, Babək adlı iş yoldaşı ona Laçın rayonunda iş olmasını və birlikdə gedib orada işləyə biləcəklərini demişdir. O, da Babəklə razılaşmış, portal açılması üçün şəxsiyyət vəsiqəsinin şəklini Babəkə göndərmişdir. xx.xx.2024-cü il tarixdə, saat 12:30-da Cəbrayıl rayonundan çıxaraq Laçın istiqamətində getmişlər. Zəngilan rayonu ərazisində yerləşən polis postunda sənədləri yoxlanmaq üçün onları saxlamışlar. Sənədləri yoxlanılan zaman onun, Babəkin və onlarla birlikdə gələn Elbrus adlı şəxsin portalları olmaması müəyyən edilmiş və onlar portal açılmayacağını düşünüb yaşadıqları Sabirabad rayonuna geri qayıtmaq üçün Cəbrayıl rayonuna qayıdarkən yolda Babəkə zəng gəlmiş və portallarının açılmasını onlara demişlr. Polis postunda onun portal icazəsi olmadığını bildiklərinə görə şəxsiyyət vəsiqəsini yoxlamaq üçün polislərə verməmiş və o, bilə -bilə postdan keçərək postdan 30-35 metr məsafədə olan marketdən su almaq üçün ora getmiş, digər iş yoldaşlarına portal açılması müəyyən edilmişdir. Lakin onun portalı olmadan polis əməkdaşının yoxlanan maşınların sayının çoxluğuna görə başının qarışdığından istifadə edib iş yoldaşı Rusifin maşınına əyləşərək Laçın rayonuna doğru hərəkət etmişlər. O, portal icazəsi olmadan işğaldan azad olunmuş ərazilərə daxil olmağın qadağan olunduğunu bilmiş, lakin inzibati məsuliyyətə səbəb olacağından məlumatı olmamışdır. Sonda barəsində inzibati xəta üzrə iş aparılan şəxs törətdiyi əməldən səmimi peşman olmasını nəzərə alaraq, ona həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarını dinləyib, hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunan sübutlarla, o, cümlədən inzibati xəta törətmiş şəxsin izahatı, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, işin hallarını və Şəxs şəxsiyyətini, ilk dəfə olaraq inzibati xəta törətməsini, törətdiyi əməldən səmimi olaraq peşman olmasını nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32-33,40,43.1,48-50-ci və 106-115-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar