Məhkəmə qərarları › İş №3(034)-6/2022

Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-6/2022

16.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-6/2022 16.03.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 04 avqust 2021-ci il tarixli 00100\1493 nömrəli qərarından verdiyi şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 şikayət ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Bakı Baş Gömrük İdarəsnin 04 avqust 2021-ci il tarixli 00100\1493 İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci madəsinə əsasən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Baş Gömrük İdarəsi (BBGİ) tərəfindən barəsində 04.08.2021-ci il tarixdə 00100/1493 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, İnzibati Xətalar Məcəlləsinin (İXM) 483-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 10.000,00 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, sözügedən qərar qəbul edilərkən İXM-nin maddi və prosessual normaları kobud şəkildə pozulmuşdur ki, bu da sonda qanunsuz və əsassız qərarın çıxarılması ilə nəticələnmişdir. BBGİ tərəfindən barəsində İXM-nin 483-cü maddəsi üzrə icraatın başlanılmasına səbəb onun 22.08.2019-cu il tarixdə xaricə 73.718,00 ABŞ dolları dəyərində malları ixrac etməsi ilə bağlı olmuşdur. İxrac etdiyi mallara görə mənə ödənişlər tam şəkildə həyata keçirilmişdir. Bu ödənişlərin bir qismi həmin şirkətin nümayəndələri Bakıda olarkən ona nağd şəkildə verilmiş, digər qismini isə o, özü Gürcüstanda olarkən onlardan nağd şəkildə almışdır. Şikayətin hüquqi əsasına gəlincə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 24.06.1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarına (Qaydalar) əsasən hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər (Qaydaların 12.1 və 12.2-ci bəndləri). İXM-nin 483-cü maddəsi isə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd edilməlidir ki, əvvəllər qanunvericilikdə bu kimi hərəkətsizliklə törədilmiş inzibati xətalar zamanı xətanın törədildiyi günün müəyyən edilməsi mövzusunda müxtəlif yanaşmalar mövcud olmuşdur. Belə ki, birinci yanaşmaya görə inzibati xəta-əgər qanunvericiliklə hər hansı hərəkətin məcburi qaydada icra edilməsi üçün son müddət müəyyən edilibsə və bu müddət ərzində hərəkətsizlik nümayiş etdirilibsə, ertəsi günü inzibati xətanın törətdildiyi gün kimi qəbul edilirdi (oxşar mövqedən hər zaman Bakı Apellyasiya Məhkəməsi çıxış etmişdir). İkinci yanaşmaya görə isə bu qəbul olan hərəkətsizliklə törədilmiş inzibati xətalar uzanan inzibati xətalardır və onlar onların konkret törədildiyi günü müəyyən etmək mümkün olmur və ya prosessual tələb baxımından buna ehtiyac da qalmır (BBGİ məhz bu yanaşmanın əsas götürür). Göstərilən bu iki yanaşma qanunvericilikdə inzibati xətaya görə şəxsin inzibati məsuliyyətə cəlb etmə müddətinin hesablanması üçün vacib rol oynayır. Sadalanan bu iki yanaşmanın həlli '‘Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17.05.2021-ci il tarixli qərarında həllini tapmışdır.Belə ki, həmin qərarda göstərilmişdir ki, malların (işlərin, xidmətlərin) ixracı zamanı İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas ixrac edilən malların müqabilində məcburi qaydada köçürülməli olan az miqdarda vəsaitin həmin malların bəyan olunduğu gündən Qaydaların 12.2-ci bəndində müəyyən edilmiş müddətdə xaricdən qaytarılmaması ilə şərtləndirilmişdir. Bu halda mallar (işlər, xidmətlər) bəyan edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Bu məqamda isə qeyd edilməlidir ki, İXM-nin 38.1-ci maddəsinə görə gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Qanunvericiliyin yuxarıda göstərilən normalarına əsasən hazırkı iş üzrə müəyyən edilir ki, tərəfindən 22.08.2019-cu il tarixdə xaricə mal ixrac edildiyindən həmin malın müqabilində valyuta vəsaitinin ölkədəki bank hesabına köçürülməsi ən geci 180 gün ərzində, yəni 18.02.2020-ci il tarixədək icra edilməli idi. Bu müddət ərzində vəsaitin ölkəyə idxal edilməməsi növbəti gün İXM-nin 483-cü maddəsi üzrə inzibati xətanın törədilməsi deməkdir. Başqa sözlə, formal olaraq tərəfindən inzibati xəta 19.02.2020-ci il tarixində törədilmiş idi. İXM-nin 38.1-ci maddəsinin tələbləri nəzərə alındığı təqdirdə isə onu qeyd edilən xətaya görə inzibati məsuliyyətə cəlb edilməsi üçün son müddət 19.02.2021-ci il ola bilərdi. Belə ki, İXM-nin 53.1.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü kimi, 19.02.2021-ci il tarixində məsuliyyətə cəlbetmə müddəti bitsə də, BBGİ tərəfindən 16.06.2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilməklə barəsində icraata başlanılmışdır. İcraatın başlanılmasına əsas kimi isə BBGİ-nin Əməliyyat və Təhqiqat idarəsinin rəis müavini Vilayət Mehrəliyev həmin idarənin digər şöbəsi-Tranzit daşımalarında gömrük əməliyyatları şöbəsi tərəfindən daxil olmuş 18.05.2021-ci il tarixli raportu nəzərə almışdır. Nəzərə alınmalıdır ki, BBGİ 180 gün bitdikdən sonra qısa müddət ərzində həmin qurumun sərəncamında olan elektron informasiya sistemindən istifadə etməklə və ya müvafiq banklara sorğu verməklə tərəfindən vəsaitin ölkəyə gətirilib-gətirilmədiyi vaxtında öyrənə bilərdi. Lakin həmin qurumun səhlənkarlığı və işlərinə laqeyd yanaşması nəticəsində guya bu fakt onlara yalnız 2021-ci ilin aprel ayında, yəni onun məsuliyyətə cəlb edilməsi üçün son müddət bitdikdən 2 ay sonra bəlli olmuşdur. Halbuki, BBGİ-nin iddiasına görə o, artıq inzibati xətanı 19.02.2020-ci il tarixdə törətmişdir. Göründüyü kimi, inzibati xətalar qanunvericiliyinin qeyd edilən normaları düzgün tətbiq edilmədiyindən və ya qərəzli şəkildə tətbiq olunmadığından sonra barəsində qanunsuz və əsassız olaraq tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Sonda məhkəmədən Bakı Baş Gömrük İdarəsinin 04 avqust 2021-ci il tarixli 00100\1493 İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 şikayəti müdafiə edib, şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən şikayətin təmin edilərək qərarın ləğv edilməsi və icraata xitam verilməsini xahiş etdi. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Göstərilənlərə əsasən, məhkəmə şikayətə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Bakı Baş Gömrük İdarəsnin 04 avqust 2021-ci il tarixli 00100\1493 nömrəli qərarının surətindən görünür ki, vəzifəli şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulumş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və Konstitutsiya Məhkəməsinin Plenumunun 25.12.2020-ci il tarixli qərarının tələbərinə uyğun olaraq həmin maddənin «Qeyd» hisəsinin tələbləri nəzərə alınmaqla iyirmi min manatın 50% həddində, yəni 10.000 (on min) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin X3 ünvanladığı 3 fevral 2022-ci il tarixli № 1400-013/006-26/ 000783 saylı məktubun məzmunundan görünür ki, inzibati araşdırma aparılarkən ona dəfələrlə inzibati xəta haqqında faktla bağlı izahat vermək və sənədlərlə tanış olmaq üçün dəvət məktubları göndərilmiş, istifadəsində olan mobil nömrə ilə əlaqə saxlanılmış, ünvanına dəfələrlə çağırış və sənədlərin surətlərinin göndərilməsi barədə məktublar ünvanlanmış (məktubların çatması sənədlərlə təsdiq edilir) lakin, onun tərəfindən icraatda iştirak etməkdən imtina edilmiş və müvafiq qərar verilməsi bildirilmişdir. Barəsində Bakı Baş Gömrük idarəsində İXM-nin 483-cü maddəsi ilə qəbul edilmiş 04 avqust 2021-ci il tarixli 00100/1493 nömrəli İnzibati tənbeh vermə haqqında qərar 04.08.2021-ci il tarixli 1400- 013/004-26/005174 saylı məktubla ünvanına göndərilmişdir. Həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq yaşadığı ərazi üzrə qeyd olunan qərarın surəti aidiyyəti üzrə Abşeron rayon Saray Bələdiyyəsinə də verilmişdir. Sözügedən qərar təkrar olaraq göndərildiyi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş çatdırılma vərəqəsinin surətindən görünür ki, məktub X3 poçt vasitəsi ilə 09.02.2022-ci il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikası İXM-nin 57.1-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələbinə görə Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinin tələbinə görə buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şikayətçi X4 barəsində Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında 04.08.2021-ci il tarixli 00100/1493 saylı qərardan şikayət vermə müddətini ötürmüşdür. Belə ki, qərar 04.08.2021-ci il tarixdə qəbul edilmiş, inzibati xəta haqqında qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə hansı müddətə şikayət vermə hüququ izah edilmişdir. X1 04.08.2021-ci il tarixli 00100/1493 saylı qərardan şikayəti 23.02.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş materiallarında olan və Bakı Baş Gömrük İdarəsi tərəfindən X3 ünvanlanmış məktubun məzmunundan da aydın olur ki, barəsində İXM-nin 483-cü maddəsi ilə qəbul edilmiş 04 avqust 2021-ci il tarixli 00100/1493 nömrəli İnzibati tənbeh vermə haqqında qərar 04.08.2021-ci il tarixli 1400-013/004-26/005174 saylı məktubla şikayətçinin yaşadığı ünvana göndərilmiş, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq yaşadığı ərazi üzrə Abşeron rayon Saray Bələdiyyəsinədə verilmişdir. Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin qərarın surətini rəsmi olaraq ona verilməsi ilə bağlı Bakı Baş Gömrük İdarəsinə 28.01.2022-ci il tarixdə ünvanladığı məktubdan sonra müvafiq qərarın surəti təkrar olaraq 03.02.2022-ci il tarixdə onun yaşadığı ünvana göndərilmişdir. Məhkəmə araşdırması zamanı şikayətçi X4 məhkəmənin sorğu sualına cavab olaraq, özü də qərarın sürətini təkrar olaraq aldığını etiraf edərək qərardan Zəngilan rayon Məhkəməsinə şikayət ərizəsi ilə 27 dekabr 2021-ci il tarixdə müraciət etdiyini, Zəngilan rayon Məhkəməsinin 27.12.2021-ci il tarixli qərardadı ilə şikayətçi X2 Bakı Baş Gömrük İdarəsinin 04 avqust 2021-ci il tarixli 00100/1493 nömrəli qərarından verilmiş şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığını, qərarın sürətinin aldığı vaxtı bilmədiyinə görə təkrar olaraq Gömrük İdarəsinə müraciət edərək qərarın sürətini 9 fevral 2022-ci il tarixində poçt vasitəsi ilə aldığını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, şikayətçi qərardan şikayət vermə müddətini ötürmüşdür və müddətin bərpasına dair vəsatət verməmişdir. Bundan əlavə şikayətçi X4 şikayət ərizəsində göstərdiyi dəlillərə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 04 avqust 2021-ci il tarixli 00100\1493 nömrəli qərarından verdiyi şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 04 avqust 2021-ci il tarixli 00100\1493 nömrəli qərarından verdiyi şikayəti təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar