Azərbaycan Respublikası adından QƏRAR Zəngilan rayonu İş № 3(034)-8/2022 05.03.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi ilə, Zəngilan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakı ilə, xx.xx.1978-ci ildə Cəlilabad rayonu Pokrovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşıdır, fərdi əməklə məşğul olur, Cəlilabad rayonu, Günəşli kəndində qeydiyyatdadır, Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, bina 6, mənzil 2-də yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 05.03.2022-ci il tarixdə təxminən saat 02:40 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, bina 6, mənzil 2-də içkili olduğu üçün mübahisə yaradaraq polis əməkdaşlarına müqavimət göstərmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Zəngilan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X2 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 05.03.2022-ci il tarixdə təxminən saat 02:40 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, bina 6, mənzil 2-də içkili olduğundan keçmiş həyat yoldaşı X4 ilə aralarında mübahisə yaranmış, X4 tərəfindən polis əməkdaşları həmin mənzilə dəvət edilmiş, mənzilə gəlmiş polis əməkdaşları Şəxs şöbəyə dəvət etsələrdə, o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Sonda protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmədən inzibati xəta törətmiş şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Şəxs məhkəmə iclasında həmin inzibati xətanı törətdiyini etiraf edərək bildirmişdir ki, hal-hazırda yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, bina 6, mənzil 2-də yemək yeyib spirtli içki qəbul etmişdir. İçkinin təsirindən keçmiş həyat yoldaşı ilə mübahisə etmiş, mübahisədən sonra keçmiş həyat yoldaşı polis əməkdaşlarını yaşadıqları mənzilə dəvət etmişdir. Mənzilə gəlmiş polis əməkdaşları onu Zəngilan rayon Polis Şöbəsinə dəvət etmişlər, lakin o, içkili olduğundan polislərin qanunu tələblərinə tabe olmamışdır. Sonda məhkəmədən barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, barəsində inzibati xəta aparılan şəxs onun keçmiş həyat yoldaşıdır, onlar 2009-cu ildə boşanmışlar lakin buna baxmayaraq onlar hazırda bir ünvanda yaşayırlar. Həyat yoldaşı mütəmadi olaraq içkili vəziyyətdə olur, dava salır. 05.03.2022-ci il tarixdə gecə saat 02 radələrində həyat yoldaşı qapını döymüş, nalayiq söyüşlər söydüyünə görə o qapını açmamışdır. Həyat yoldaşının bu hərəkətinin qarşısı almaq üçün polis çağırmışdır. Polis əməkdaşları gələndən sonra da keçmiş həyat yoldaşı onu və polis əməkdaşlarını də nalayıq sözlərlə təhqir etmişdir və polis əməkdaşları onu sakitləşdirmək istəsə də sakitləşməmiş, polis idarəsinə getməkdən imtina edərək özü polis idarəsinə gedəcəyini bildirmiş, sonra isə polis əməkdaşları onu polis bölməsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zəngilan rayon X10-patrul xidməti tağımının polis nəfəri X5 ifadəsində bildirmişdir ki, o, post patrul xidmətinin əməkdaşıdır. 05.03.2022-ci il tarixdə ərazidə xidmətdə olduqları zaman növbətçi hissədən məlumat gəlmiş və bina 6, 2 nömrəli mənzilə yaxınlaşmışlar. Yaxınlaşdıqları zaman səs-küy eşitmişlər. Aydın olmuşdur ki, vətəndaş Şəxs balkonda söyüşlər söyür, Vüsalə xanımı təhqir edir. Şəxsi polis şöbəsinə dəvət etsək də, qanuni tələbimizə tabe olmamış, müqavimət göstərmiş, söyüşlər söymüşdür. İçkinin təsiri altında özü gələcəyini demiş müqavimət göstərmiş və polis tərəfindən qolundan tutularaq polis bölməsinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zəngilan rayon Polis Şöbəsinin MSYnin mühafizəsi üzrə polis nəfəri X6 ifadəsində bildirmişdir ki, onlar hadisə yerinə gəldikdə Saməddin səs-küy salır, söyüşlər söyürdü. Çox aqressiv olaraq onların sakit olması tələblərinə məhəl qoymamışdır və polis şöbəsinə dəvət ediləndə polis şöbəsinə getməkdən imtina etmiş, aqressiv formada özü şöbəyə gedəcəyini və ondan əl çəkmələrini demişdir. Daha sonra polis əməkdaşlarına müqavimət göstərmiş əl qol hərəkətləri etmiş, polis əməkdaşları tərəfindən şöbəyə aparılmışdır. Şəxs həmin inzibati xətanı törətməsi Zəngilan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X3 tərəfindən tərtib olunmuş 05.03.2022-ci il tarixli MN ******* saylı İnzibati Xəta haqqında protokolu, özünün izahatı və iş materiallarında olan digər materiallar ilə tam sübuta yetdiyindən o, bu maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarına əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 05.03.2022-ci il tarixli 2/3439 nömrəli protokolan görünür ki, Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması onun özünün etirafı, iş üzrə dindirilmiş şahid ifadələri ilə tam sübuta yetirilmiş və onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini-törətdiyi əməldən səmimi olaraq peşman olmasını nəzərə alıb hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Həbsetmənin əvvəli Şəxs faktiki tutulduğu andan, yəni 05.03.2022-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 05 mart 2022-ci il tarixdən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayonu Pols İdarəsinin müvəqqəti saxlanma yerinə təhvil verilsin. Qərarın surəti Şəxs və onun vəkilinə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №3(034)-8/2022
Zəngilan Rayon Məhkəməsi Qərar — İş №3(034)-8/2022
05.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver