Məhkəmə qərarları › İş №3(035)-169/2024

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-169/2024

23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-169/2024 23.02.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ ( inzibati xəta haqqında iş üzrə ) Zərdab Rayon Məhkəməsi X6 Elxan oğlunun sədrliyi Həsənov Anar Məhəmməd oğlunun katibliyi Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X12 oğlunun İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Zərdab rayonunun Məmmədqasımlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Zərdab rayonunun Məmmədqasımlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 23 fevral 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X7 23 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X7 izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-245/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 22 sentyabr 2022-ci il tarixdən başlayaraq 19 iyun 2011-ci il təvəllüdlü X1, 11 avqust 2013-cü il təvəllüdlü X2 və 07 dekabr 2014-cü il təvəllüdlü X3 yetknlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün hər ay 150 manat olmaqla ümumilikdə 450 manat sabit pul məbləğində aliment tutulub tələbkar X4 verilməsi qət edilmişdir. Borclu Şəxs rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq o, icra şöbəsinə gəlmədiyi üçün onun barəsində xx.xx.2023-cü il tarixdə borclunun axtarışı haqqında qərar qəbul edilmişdir. Əlavə olaraq qeyd edir ki, borclu Şəxs alimentin ödənilməsi hesablandığı xx.xx.2022-ci il tarixdən bu günə qədər heç bir ödəniş etmədiyindən ümumilikdə 7650 manat borcu yaranmıdır. Bu səbəbdən borclu barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmiş və məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilmişdir. Həbsdən çıxdıqdan sonra yenidən borcluya icra vərəqəsinin icrasını təmin etməsi bildirilsədə borclu tələbi icra etməmişdir. Beləliklə, borclu icra vərəqəsi üzrə tələbi icra etməkdən yayınmışdır. Bununlada o, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Ona görə də, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, maddi imkanı olmadığı və tələbkar X5 ilə ailə münasibətlərini bərpa etmək istədiyi üçün icra məmurunun qeyd etdiyi icra sənədləri üzrə borcunu ödəməmişdir. Məhkəmə icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Belə ki, işdə olan ******* saylı protokola əlavədən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-245/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 22 sentyabr 2022-ci il tarixdən başlayaraq 19 iyun 2011-ci il təvəllüdlü X1, 11 avqust 2013-cü il təvəllüdlü X2 və 07 dekabr 2014-cü il təvəllüdlü X3 yetknlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün hər ay 150 manat olmaqla ümumilikdə 450 manat sabit pul məbləğində aliment tutulub tələbkar X4 verilməsi qət edilmişdir. İşdə olan icraata başlama haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından onun barəsində axtarış elan olunmuşdur. İş materiallarından görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolun bir surəti imza etdirilməklə inzibati xətanı törətmiş şəxsə təqdim edilmişdir. İşdə olan Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(035)-52/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət yaranır. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı bir hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatından, tədqiq edilən iş materiallarından müəyyən olundu ki, borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-245/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra məmurunun tələblərini qərəzli olaraq yerinə yetirməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-245/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmrunun qanuni tələblərini yerinə yetirmədiyi üçün onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1- 1-ci maddəsinin tərkibini yaratmışdır. O, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli 23 fevral 2024-cü il tarixdən saat 18:20-dən hesablansın. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar