Məhkəmə qərarları › İş №3(035)-180/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-180/2025

20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-180/2025 20.06.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X3 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Körpü Bina tikinti MMC-də təkər təmirçisi vəzifəsində işləyən, İmişli rayonunu Çinar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2 və 333.3-cü maddələri ilə inzibati xətanıı törətməsinə dair Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala 20 iyun 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin əməkdaşı polis mayoru X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Zərdab rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşı polis mayoru X1 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə idarə etdiyi özünə məxsus “Mercedes Benz 240” markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Kürdəmir Zərdab yolunun Şıxbağı kəndi ərazisində “Mercedes Benz C 200” markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı hər iki tərəfə maddi ziyanlıq dəymişdir. Bununla bağlı Zərdab RPŞ-nin İstintaq qrupunun müstəntiqi polis leytenantı X4 tərəfindən araşdırılma aparılmış və 28 aprel 2025-ci il tarixli Cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul olunmuşdur. Araşdırma zamanı Şəxs əməlində İXM-nin 328.2 və 328.3-cü maddələrinin tərkibi olduğundan qərarın surəti Zərdab RPŞ-nin X8 Bölməsinə göndərilmişdir. Buna əsasən onun tərəfindən Şəxs İXP ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbiq olunmasını xahiş edir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Zərdab rayon Polis Şöbəsinin istintaq qrupunun müstəntiqi polis leytenantı X4 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə idarə etdiyi özünə məxsus “Mercedes Benz 240” markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Kürdəmir Zərdab yolunun Şıxbağı kəndi ərazisində ötmə əməliyyatı icra edən zaman qarşıdan gələn “Mercedes Benz C 200” markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobillin hərəkət zolağına çıxmış və ara məsafəsi az olduğundan nəqliyyat hadisəsi baş vermişdir. Nəqliyyat hadisəsi zamanı avtomobilin qırıntıları arxadan gələn Mercedes Benz C230” markalı ** EX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək onada maddi ziyanlıq vurmuşdur. Zərdab RPŞ-də izahatı alınmış Şəxs sürət həddini aşdığını və sərxoş şəkildə avtomobil idarə etdiyini etiraf etmişdir. Eyni zamanda şəxsin sərxoşluq dərəcəsi xüsusi texniki vasitənin (Alkotestr) köməkliyi ilə müəyyən olunmuşdur. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbiq olunmasını xahiş edir. Məhkəmənin əvvəlki iclasında iştirak edən zərər çəkən Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə 6085 manat miqdarında maddi ziyanlıq dəymiş və həmin ziyanlığın 4501 manatı sığorta şirkəti tərəfindən ona ödənilmişdir. Eyni zamanda qalıq 1584 manat pulun Şəxs alınaraq ona verilməsinə köməklik olunmasını xahiş edir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Zərərçəkmiş şəxs2 izahatında göstərmişdir ki,yol nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi avtomobilə dəymiş maddi ziyanlıq tam şəkildə ödənildiyindən heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə yazılı etiraz təqdim edən Şəxs tibbi müayinədən keçirilməməsi və alkotestrin nəticələrinin protokolda əks olunmaması səbəbi ilə barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına iştirak edən Şəxs izahatında göstərmişdir ki, özünü iXM-nin 328.2ci maddəsi ilə təqsirli bilsədə lakin 333.3-cü maddə ilə təqsirli hesab etmir. Belə ki, xx.xx.2025-ci il tarixdə Zərdab Kürdəmir yolu ilə Kürdəmir rayonu istiqamətdə hərəkətdə olan zaman ötmə əməliyyatı icra etmək üçün əks istiqamətli hərəkət zolağına çıxmış və nəticədə Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilə toqquşmuşdur. Hadisə nəticəsində hər iki avtomobilə maddi ziyanlıq dəymişdir. Nəqliyyat hadisəsindən sonra arxadan gələn digər avtomobilədə maddi ziyanlıq dəydiyini bilmişdir. Hadisədən sonra YPX əməkdaşı alkotestr vasitəsilə onun içkili olub olmadığını müayinə etmişdir. Müayinə 3 dəfə aparılmışdır. Belə ki, alkotestrə 2 dəfə üfürsədə hər dəfəsində fərqli rəqəmlər göstərmişdir. Sonradan təkidi əsasında YPX əməkdaşı alkotestrin başlığını dəyişmişdir. 3-cü dəfə üfürdükdən sonra nəticəyə etirazını bildirmiş və rəyin bir nüsxəsinin ona verilməsini xahiş etmişdir. Eyni zamanda nəticə ilə razılaşmadığından israrla həkim müayinəsindən keçirilməsini tələb etmişdir. Lakin YPX əməkdaşı onu heç bir tibbi müayinədən keçirməmişdir. Hadisədən sonra uzun müddət Zərdab RPŞ-də saxlanıldığı üçün isə özü müstəqil şəkildə müayinə üçün həkimə yaxınlaşa bilməmişdir. Ümumilikdə isə qeyd edir ki,hadisədən təxminən bir gün öncə bir rumka spirtli içki qəbul etmişdir. Zərdab RPŞ-də verdiyi izahatı hadisənin təsiri altında vermişdir. Buna əsasən məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 333.3-cü maddəsi hissəsində xitam verilməsini xahiş edir. İş materiallarında olan 28 aprel 2025-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki,toplanmış materiallarda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd olunmuş və X2 əməlində İnzibati Xətalar Məcəlləsinin 328.2 və 333.3-cü maddələrinin tərkibi olduğundan onun barəsində inzibati icraat açılması üçün qərarın surəti Zərdab RPŞ-nin X8 Bölməsinə göndərilmişdir. İş materiallarında olan İXP ******* saylı İnzibati Tənbeh vermə haqqında protokoldan müəyyən olunur ki,Şəxs barəsində İXM-nin 328.2 və 333.3-cü maddələri ilə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarının 3.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 saylı Qərarı ilə təsdiq edilmiş nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalarına görə sərxoşluğun müəyyən edilməsinin iki fərqli proseduru mövcuddur ki, birinci halda sərxoşluğun DYP əməkdaşları tərəfindən yerində müəyyən edilməsi; ikinci halda sərxoşluğun tibb müəssisəsində müəyyən edilməsi. DYP əməkdaşı qaydalarda göstərilən üç əlamətdən biri və ya bir neçəsi olduqda alkotesterdən və ya narkotesterdən istifadə etməklə sürücünün sərxoşluğunu müəyyən edə bilər. Həmin əlamətlərdən birincisi sürücünün nəfəsindən alkoqollu içki qoxusu gəlməsi; ikincisi sürücünün ayaq üstə sərbəst dayana bilməməsi və üçüncüsü sürücünün özünü idarə edə bilməməsi. Alkotester və narkotesterin tətbiqi, habelə onların göstəricilərinin qəbul edilməsi sürücünün iradəsindən asılıdır. Yəni sürücü bu vasitələrlə sərxoşluğun müayinəsindən imtina edərsə, yaxud həmin vasitələrin sərxoşluğun olmasına dair göstəricilərini qəbul etməzsə, sərxoş sayıla bilməz və mütləq tibbi müayinədən keçirilməlidir. Sərxoşluğun tibbi müayinəsi də sərxoşluğun növündən asılı olaraq həyata keçirilir. Tibb müəssisəsində alkoqol sərxoşluğu qanın analizi yolu ilə, narkoloji sərxoşluq isə qanın, tüpürcəyin, sidiyin və s. müvafiq tibbi metodlarla analiz edilməsi yolu ilə müəyyən edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz,başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. Həmin Məcəllənin 100.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. Həmin Məcəllənin 328.2-ci maddəsinə əsasən Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə-əlli manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarına araşdıraraq belə qərara gəlir ki, Şəxs barəsində tərtib olunmuş İXP ******* saylı İnzibati Tənbeh vermə haqqında protokola İXM-nin 333.3-cü maddəsi hissəsində xitam verilməli və şəxsə İXM-nin 328.2-ci maddəsi ilə inzibati tənbeh verilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, məhkəmə iclasında izahat verən Şəxs sərxoşluğu müayinə edən xüsusi texniki vasitənin (alkotestrin) nasaz olması və 3 dəfə üfürməsini və hər dəfə fərqli nəticə göstərməsi səbəbi ilə həkim müayinəsi olunmasını tələb etdiyini bildirmiş, lakin Zərdab RPİ-nin DYPB əməkdaşları tərəfindən sürücünün həkim müayinəsindən keçirilməsi üçün heç bir tədbir görülməmişdir. Hansı ki, şəxsin alkotester müayinəsinin nəticəsilə razılaşmaması sonuncunun mütləq şəkildə həkim yoxlanışından keçirilməklə sürücünün qanında alkoqolun olub-olmamasının müəyyən edilməsilə daha dəqiq nəticəyə gəlmək olardı. Yəni mübahisənin mövcudluğunun müəyyən edilməsi halında mütləq şəkildə “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarına uyğun araşdırma aparılmalıdır. Bu məsələyə dair protokolu tərtib edən şəxslərin mülahizəsinə münasibətdə isə məhkəmə bildirir ki, hətta nəzərə alınsa ki, alkotester yoxlamasının nəticəsilə razılaşaraq həkim müayinəsinə getməyə zərurətin olmaması barədə sürücünün müvafiq alkotester müayinəsi qəbzinə imza etməsi (hansı ki,imza yoxdur) alkotester nəticəsilə razılaşma kimi qəbul edilə bilməzdi ona görə ki, həmin sənədləşdirmə aparıldıqdan sonra şəxsin həmin hissəni mübahisələndirməsi artıq mübahisənin mövcud olmasına dəlalət edir. Digər tərəfdən Zərdab RPİ-in DYPB-nin əməkdaşı tərəfindən sürücünün verdiyi izahat əsasında həkim müayinəsindən keçməsini təmin etməməsi sonuncunun ədalətli araşdırma hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Əlavə olaraq məhkəmə qeyd edir ki, inzibati orqan Şəxs tibbi müayinədən imtina etməsi və yaxud tibbi müayinə istəməməsi ilə bağlı məsələyə münasibətdə əsaslandırılmış mötəbər sübut (yazılı imtina,video görüntü və s) təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs müayinədən keçirilərkən istifadə olunmuş xüsusi texniki vasitənin göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməli olduğu halda iş materialları ilə həmin halları müəyyən etmək mümkün deyildir. Hansı ki, Şəxs məhkəməyə təqdim etdiyi yazılı etirazında və izahatında həmin hissəni xüsusi mübahisələndirmişdir. Buna əsasən məhkəmə hesab edir ki, şəxsin sərxoş olması faktı hətda təsdiqini tapsa belə qanunu pozmaqla əldə olunmuş sübutlardan istifadə oluna bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, İXM-nin 96.3-cü maddəsi imperativ normadan çıxış edərək bildirir ki, Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Lakin inzibati orqan iş materiallarna xüsusi texniki vasitənin tədbiq olunması barədə hər hansısa bir protokol əlavə etməmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə barəsində aparılan iş üzrə icraata xitam verilməsini eyni zamanda Şəxs Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə təqsirli bilib cərimə növündə inzibati tənbeh tətbiq edilməsini mümkün hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43,114,115,128,130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə aparılan iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Zərərçəkmiş şəxs1 dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar