Məhkəmə qərarları › İş №3(035)-210/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-210/2025

03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-210/2025 03.07.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X3 Elxan oğunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi ilə Müdafiəçi Vəkil Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi X1 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1993-cü il tarixdə Zərdab şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Zərdab şəhəri, Zərdabi küçəsi ev 71-də yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 03 iyul 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi X4 19 may 2025-ci il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi X4 izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2619/2025 saylı xx.xx.2025ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 800000 (səkkiz yüz min) manat pul tutulub tələbkar X2 verilməsi qət edilmişdir. İcra sənədi müvafiq olaraq Zərdab rayon icra şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclu xx.xx.2025-ci il tarixdə Zərdab rayon İcra və Probasiya şöbəsinə dəvət edilmiş, izahatı alınmış, tələb üzrə daşıdığı hüquqları, vəzifələri və məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Lakin, borclu tələbi icra etməmişdir. Borclunun əmlak və gəlirləri Elektron İcra İnformasiya Sistemi vasitəsilə sorğulanmış, ona məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri aşkar edilməmişdir. Borclu yenidən xx.xx.2025-ci il tarixdə Zərdab rayon İcra və Probasiya şöbəsinə dəvət edilmiş, izahatı alınmış və izahatında tələbkara heç bir borcunun olmadığını bildirərək icra sənədi üzrə tələbi icra etməkdən yayınmışdır. Bununlada o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Ona görə də, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, iş üzrə tələbkar bacısının əridir. Aralarında pul mübahisələri olmuş və bu da ailə münasibətlərini pisləşdirmişdir. Hətta tələbkarın təzyiqləri əsasında anası özünü öldürmə həddinə çatmışdır. Bu barədə prokurorluqda araşdırma aparılarkən işi bağlamaq üçün onlardan səbəb istənildiyindən aralarında mediasiyada 800000 manat borcla bağlı razılaşma imzalanmışdır. Halbu ki aralarında 800000 manat borc olmamışdır. Təxminən aralarında 200000 manat borc olmuşdur. Müdafiəçi Vəkil məhkəmə iclasında bildirmişdir ki, Şəxs özünü təqsirli bilmir və onun əməli öz təsdiqini tapmır. Ona görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə icra məmurunun, inzibati xəta törətmiş şəxsin və onun müdafiəçisinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Belə ki, işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2619/2025 saylı, xx.xx.2025ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs 800000 (səkkiz yüz min) manat pul tutulub tələbkar X2 verilməsi qət edilmişdir. İşdə olan icraata başlama haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2619/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İş materiallarından görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən xx.xx.2025ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolun bir surəti imza etdirilməklə inzibati xətanı törətmiş şəxsə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət yaranır. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı icra məmurunun, inzibati xəta törətmiş şəxsin və onun müdafiəçisinin izahatlarından, tədqiq edilən iş materiallarından müəyyən olundu ki, borclu Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2619/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi üzrə icra məmurunun tələblərini qərəzli olaraq yerinə yetirməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2619/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmrunun qanuni tələblərini yerinə yetirmədiyi üçün onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibini yaratmışdır. O, həmin maddə ilə təqsirli bilinməli və ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi və qadın olması nəzərə alınaraq barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növü olan cərimə tətbiq edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar