Məhkəmə qərarları › İş №3(035)-224/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-224/2025

02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-224/2025 02.06.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X7 Elxan oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi İnzibati xəta haqqında protokolu tərtib edən Zərdab rayon Polis Şöbəsinin İTB-nin rəisi X1 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1961-ci ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Zərdab RİHB-nin Yuxarı Seyidlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən, Zərdab rayonu Burunlu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Şəxs barəsində Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş materiala 02 iyun 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN № ******* və xx.xx.2025-ci il tarixli, MN №2270562 saylı inzibati xəta haqqında protokollardan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:54-də Zərdab rayonu 3 yol adlanan ərazidə səs-küy salaraq ucadan ünvansız nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq hərəkətləri etmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 izahatında göstərmişdir ki, Zərdab rayon Polis Şöbəsinin DYP-nin YPX-nin inspektoru Şadiman Davidov xx.xx.2025-ci il tarixdə saat 10:35 radələrində Zərdab şəhəri “Bayraq meydanı” adlanan ərazidə xidmət aparan zaman “Reno meqan” markalı, ** SA *** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün təhlükəsizlik kəmərindən istifadə etmədiyini görüb sürücüyə saxla işarəsi vermiş, sürücü avtomobili saxladıqdan sonra ona yaxınlaşaraq özünü təqdim etmiş, nə üçün təhlükəsizlik kəmərindən istifadə etmədən avtomobil idarə etməsini soruşduqda sürücü ona “gəl sənə hörmət edim çıxım gedim” demişdir. Polis əməkdaşı sürücüyə barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyini izah edərək protokol tərtib etmək istəyən zaman sürücü avtomobili sürüb getmişdir. Sürücünün arxasınca gedib ona saxla işarəsi verməsinə baxmayaraq sürücü avtomobili saxlamamışdır. Sürücü işıqforun qadağanedici işığında saxladıqda xidməti avtomobilini onun yanında saxlayaraq sürücüyə avtomobili yolun kənarında saxlamasını bildirmiş, lakin sürücü məhəl qoymayaraq avtomobilini sürüb getmişdir. Polis əməkdaşı yenidən onun arxasınca hərəkət etmiş və sürücü avtomobilini Kapital Bankın yanında saxladıqda ona yaxınlaşmış və nə üçün tabesizlik etdiyini bildirdikdə sürücü ona “sənə deyirəm get işinlə məşğul ol” deyərək yenidən avtomobilinə əyləşib sürüb getmişdir. Bu səbəbdən polis əməkdaşı Şadiman Davidov efir vasitəsilə kömək çağırmış və həmin avtomobili Zərdab rayonu “Üç yol” adlanan ərazidə digər polis əməkdaşlarının köməyi ilə saxlatmışlar. Sürücü avtomobildən düşərək polis əməkdaşı Şadiman Davidova “sənin başına oyun açacam” deyərək onunla mübahisə etməyə başlamışdır. Kömək üçün həmin əraziyə gələn polis əməkdaşları sürücünü nizam intizama dəvət etsələr də həmin şəxs onların qanuni tələblərinə tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirmiş, səs-küy salaraq ucadan ünvansız söyüşlər söymüşdür. Bu səbəbdəndə həmin şəxsi Zərdab rayon Polis Şöbəsinə gətirərək növbətçi hissəyə təhvil verərək raportla şöbə rəhbərinə məlumat vermişlər. Həmin raport əsasında Şəxs barəsəində onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Zərdab Rayon Məhkəməsinə təqdim olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə yaşadığı Zərdab rayonu Burunlu kəndindən Zərdab şəhərinə Kapital Bankdan pul çıxartmaq üçün gəlmişdir. İşi düz gəlmədiyindən, yəni kartının bağlanması səbəbindən əsəbləşmişdir. Əsəbi olduğundan təhlükəsizlik kəmərini bağlamadan avtomobilini idarə etmişdir. Bu zaman Zərdab RPŞ-nin DYP-nin əməkdaşı onu saxladaraq nə üçün təhlükəsizlik kəmərindən istifadə etmədən avtomobili idarə etməsini soruşduqda, o, özünü təqdim etmiş və cəriməsini yazmasını və yerində ödəyəcəyini bildirmişdir. Polis əməkdaşı ondan sənədlərini istədikdə, o, sənədlərinin qaydasında olduğunu, sənədlərin evdə olduğunu bildirmiş və arvadının kartından pul çıxartmaq üçün avtomobilini sürüb Kapital Bank tərəfə getmişdir. Polis əməkdaşı onun arxasınca gəlmişdir. Kapital Bankın yanında yenidən həmin polis əməkdaşı ona yaxınlaşaraq sənədlərini tələb etmiş və o, polis əməkdaşına sənədlərin evdə olduğunu deyib lazımdısa gedim evdən gətirim deyərək avtomobilinə əyləşib kəndləri istiqamətinə hərəkət etmişdir. Həmin polis əməkdaşı da xidməti avtomobili ilə onun arxasınca gəlmişdir. Zərdab rayonu “Üç yol” adlanan ərazidə digər polis əməkdaşları onu saxlatmışlar. Ağır şəkər xəstəsi olduğundan baş verən hadisədən əsəbləşmiş və polis əməkdaşları ilə ucadan danışmışdır. Lakin o, söyüş söyməmişdir. O, özünü təqdim etmiş, özünün də dövlət qulluqçusu olduğunu bildirmiş, lakin polis əməkdaşları ona məhəl qoymayaraq Polis Şöbəsinə gətirmişlər. Hazırda səhfini başa düşür, yaşını, xəstəliyini və dövlət məmuru olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru X5 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 10:35 radələrində Zərdab şəhəri “Bayraq meydanı” adlanan ərazidə xidmət aparan zaman “Reno meqan” markalı, ** SA *** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün təhlükəsizlik kəmərindən istifadə etmədiyini görüb sürücüyə saxla işarəsi vermiş, sürücü avtomobili saxladıqda ona yaxınlaşaraq özünü təqdim etmiş, nə üçün təhlükəsizlik kəmərindən istifadə etmədən avtomobil idarə etməsini soruşduqda sürücü ona “gəl sənə hörmət edim çıxın gedim” demişdir. O, sürücüyə barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyini izah edərək sənədlərini tələb etdikdə sürücü avtomobili sürüb getmişdir. Sürücünün arxasınca gedib ona saxla işarəsi verməsinə baxmayaraq sürücü avtomobili saxlamamışdır. Sürücü işıqforun qadağanedici işığında saxladıqda xidməti avtomobilini onun yanında saxlayaraq sürücüyə avtomobili yolun kənarında saxlamasını bildirmiş, lakin, sürücü məhəl qoymayaraq avtomobilini sürüb getmişdir. Yenidən onun arxasınca hərəkət etmiş və sürücü avtomobilini Kapital Bankın yanında saxladıqda ona yaxınlaşmış və nə üçün tabesizlik etdiyini bildirdikdə sürücü ona “sənə deyirəm get işinlə məşğul ol” deyərək yenidən avtomobilinə əyləşib sürüb getmişdir. Bu səbəbdən efir vasitəsilə kömək çağırmış və həmin avtomobilin arxasınca gedərək saxla işarəsi verməsinə baxmayaraq sürücü avtomobilini saxlamamışdır. Nəhayət Zərdab rayonu “Üç yol” adlanan ərazidə digər polis əməkdaşlarının köməyi ilə sürücünü saxlatmışlar. Sürücü avtomobildən düşərək onunla mübahisə edərək “sənin başına oyun açacam” demişdir. Kömək üçün həmin əraziyə gələn polis əməkdaşları sürücünü nizam intizama dəvət etsələr də həmin şəxs onların qanuni tələblərinə tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirmiş, səs-küy salaraq ucadan ünvansız söyüşlər söymüşdür. Bu səbəbdəndə həmin şəxsi Zərdab rayon Polis Şöbəsinə gətirərək növbətçi hissəyə təhvil verərək raportla şöbə rəhbərinə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru X4 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 10:35 radələrində xidmətdə olan zaman Zərdab rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru Şadiman Davidov efir vasitəsilə məlumat verərək “Reno meqan” markalı, ** SA *** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün saxlanılmasını bildirmişdir. Dərhal digər polis əməkdaşları ilə birlikdə həmin avtomobili Zərdab rayonu “Üç yol” adlanan ərazidə digər polis əməkdaşlarının köməyi ilə saxlatmışlar. Sürücü avtomobildən düşərək polis əməkdaşı Şadiman Davidova “sənin başına oyun açacam” deyərək onunla mübahisə etməyə başlamışdır. O, digər polis əməkdaşları ilə birlikdə sürücünü nizam intizama dəvət etsələr də həmin şəxs onların qanuni tələblərinə tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirmiş, səs-küy salaraq ucadan ünvansız söyüşlər söymüşdür. Bu səbəbdəndə həmin şəxsi Zərdab rayon Polis Şöbəsinə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab RPŞ-nin DYPB-nin YPX-nin inspektorları Nicat İsmayılov, Məhəmməd Rəsullu, Ramin İsmayılov və Taleh Yaqubov şahid X2 izahatına uyğun izahat vermişlər. Məhkəmə araşdırması zamanı tədqiq edilən video görüntüləri özündə əks etdirən diskə baxış zamanı müəyyən olundu ki, sürücü Şəxs Zərdab RPŞ-nin DYPB-nin əməkdaşı ilə mübahisə edərək əsəbi halda polis əməkdaşının saxla işarəsinə məhəl qoymayaraq idarə etdiyi “Reno meqan” markalı, ** SA *** dövlət nömrə nişanlı avtomobilini sürüb gedir. İşdə olan Zərdab rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* və xx.xx.2025-ci il tarixli, MN №2270562 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:54-də Zərdab rayonu 3 yol adlanan ərazidə səs-küy salaraq ucadan ünvansız nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq hərəkətləri etmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İşdə olan xx.xx.2025-ci il tarixli, AZA 020505 nömrəli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-cü il tarixdə saat 12:05-də inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisinin, inzibati xəta törətmiş şəxsin və şahidlərin izahatları, məhkəmə iclasında tədqiq edilən video görüntülər, inzibati xəta haqqında protokollar və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:54-də Zərdab rayonu “Üç yol” adlanan ərazidə səs-küy salaraq ucadan ünvansız nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq hərəkətləri etmiş və həmin əraziyə gələn polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 510-ci maddəsində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati xətanı səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etmələrinə baxmayaraq, bu hərəkətin davam etdirməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq, o, daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 12:05-dən hesablansın. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar