Məhkəmə qərarları › İş №3(035)-310/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-310/2025

31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-310/2025 31.07.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Məmməd oğlunun və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasının üzvi, fərdi qaydada fəaliyyət göstərən vəkil X6, İnzibati xəta haqqında protokolu tərtib etmiş Zərdab rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 iştirakları ilə, xx.xx.1992-ci ildə Zərdab rayonunun Şahsünlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Zərdab rayonunun Şahhüseynli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 31 iyul 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X7 31 iyul 2025ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Zərdab rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X7 izahat verərək bildirmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-182/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə sabit pul məbləğində 140 manat olmaqla, cəmi 280 manat alimentin tutularaq tələbkar X5 verilməsi qət edilmişdir. İcra sənədi müvafiq olaraq Zərdab rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borclunun qeydiyyatda olduğu ünvana göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı onun ünvanına göndərilmiş qərar və bildirişə borclu tərəfindən heç bir münasibət bildirilməmiş və məhkəmə qərarının icrasından üzürsüz səbəbdən yayınmışdır. Borclunun əmlak vəziyyətini öyrənmək üçün elektron-icra informasiya sistemi vasitəsilə sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı əmlak və gəlirlər aşkar edilməmişdir. Borclu şöbəyə dəvət olunsa da çağırışlara məhəl qoymayaraq icra sənədinin icrasından üzürsüz səbəbdən boyun qaçırdığı üçün Şəxs barəsində məcburi gətirilmə, daha sonra isə axtarış qərarları qəbul olunmuşdur. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün ayrı-ayrı vaxtlarda borclunun barəsində protokol tərtib olunaraq məhkəməyə müraciət olunmuş, Zərdab Rayon Məhkəməsinin 3(035)- 466/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə Şəxs 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Sonrakı müddətlər ərzində də borclu tərəfindən icra sənədi üzrə tələb təmin edilmədiyindən onun barəsində xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmiş, Zərdab Rayon Məhkəməsinin 3(035)-269/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Bundan əlavə Zərdab rayon Məhkəməsinin 8(035)-21/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcra sənədi üzrə tələbkar Günel Məmmədli xx.xx.2025-ci il tarixdə ərizə ilə icra və probasiya şöbəsinə müraciət edərək, 2024-cü ilin oktyabr ayı da daxil olmaqla aliment borcunun ona ödənildiyini bildirmişdir. Lakin, sonrakı müddət ərzində icra sənədinin icrası tam təmin edilmədiyindən borclu Şəxs yenidən şöbəyə dəvət olunsa da çağırışlara məhəl qoymayaraq, icra sənədinin icrasından üzürsüz səbəbdən boyun qaçırmışdır. Borclunun yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün onun barəsində yenidən axtarış elan olunması haqqında xx.xx.2025-ci il tarixdə qərar qəbul edilərək, icra olunması üçün daxili işlər orqanlarına göndərilmişdir. Şəxs xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən gətirilərək şöbəyə təhvil verilmiş, izahatı alınaraq icra sənədi üzrə yaranmış 1540 manat aliment borcunun ödənilməsi ondan tələb edilmiş, lakin, borclu tələbi tam təmin edə bilməyəcəyini qeyd etmişdir. Borcluya bir daha icra sənədinin icrasının zəruriliyi, eyni zamanda hüquq və vəzifələri, həmçinin məsuliyyəti izah olunmasına baxmayaraq, o üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, məhkəmədən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, maddi imkanı olmadığı və heç bir yerdə rəsmi işləmədiyi üçün icra sənədi üzrə borcunu tam şəkildə ödəyə bilmir. Əgər 10 (on) iş günü müddətində vaxt verilərsə borcunu ödəməyə çalışacaqdır. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsə müdafiəçisinin iştirakı ilə qısa müddət ərzində borcunu ödəməsi üçün şərait yaradılması təklif olunsa da, Şəxs qısa müddət ərzində borcunu ödəyə bilməyəcəyini bildirir. X1 məhkəmə iclasında bildirmişdir ki, Şəxs maddi imkanı olmadığı və heç bir yerdə rəsmi işləmədiyi üçün icra məmurunun qeyd etdiyi icra sənədi üzrə borcunu tam şəkildə ödəyə bilmir. Əgər 10 (on) iş günü müddətində vaxt verilərsə borcunu ödəyər. Ona görə də məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsə vaxt verilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun müdafiəçisini və icra məmurunu dinləyərək, inzibati xəta haqqında iş üzrə toplanmış sübutları tədqiq edərək və öz daxili inamı ilə qiymətləndirərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Belə ki, iş materiallarında olan Zərdab Rayon Məhkəməsinin 2(035)-182/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 140 manat, cəmi 280 manat aliment tutularaq X5 verilməsi qət edilmişdir. İş materiallarında olan icraata başlama haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-182/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya şöbəsində icra işi başlanmışdır. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin 3(035)-466/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin 3(035)-269/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin 8(035)-21/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadından görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-182/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu Şəxs ölkədən getmək hüququ icra vərəqəsi tam icra olunanadək müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından onun barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, Şəxs barəsində icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolun bir surəti imza etdirilməklə inzibati xətanı törətmiş şəxsə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsaəsn icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı bir hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra borcunu ödəməsi üçün 10 (on) iş günü müddətində vaxt istəməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsin inzibati məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Ona görə də məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, eyni xarakterli inzibati xətanın əvvəllər də bir neçə dəfə törədilməsini, həmçinin pul vəsaitinin (alimentin) ödənilməsi ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimə edilməsinin lüzumsuz olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs icra məmrunun qanuni tələbini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 12 (on iki) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli 31 iyul 2025-ci il, saat 17:20-dən hesablansın. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: CAVİD ABBASOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar