Məhkəmə qərarları › İş №3(035)-311/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-311/2025

14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-311/2025 14.08.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi, Həsənov Anar Məhəmməd oğlunun katibliyi İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X11 oğlunun, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı RETSİ tərəfindən qəbul edilmiş 17 iyul 2025-ci il tarixli, MN №1441426 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı RETSİ-nin inzibati tənbeh vermə haqqında 17 iyul 2025-ci il tarixli, MN №1441426 saylı qərarının ləğv edilməsini və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı RETSİ tərəfindən X7 barəsində 07 iyul 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Guya o, xüsusi mülkiyyətində olan tikilinin dam örtüyünün yenidən qurulmasına maneçilik törətdiyi üçün çinar ağacının budaqlarını kəsmişdir. Buna görə də 8 saylı RETSİ-nin inzibati tənbeh vermə haqqında 17 iyul 2025-ci il tarixli, MN №1441426 saylı qərarı ilə Azərbaycan Resublikası İnzibati Xətalar Məcəlləsinin 253.5.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə olunmuşdur. Bildirir ki, inzibati tənbeh vermə haqqında qərarı 22 iyul 2025-ci il tarixdə almışdır. İnzibati xəta haqqında protokol tərtib edilərkən onun iştirakı təmin edilməmişdir, halbuki o, həmin gün Zərdab rayonunda olmamışdır. Ağacın budağının kəsilməsindən isə məlumatı olmamış, kim tərəfindən kəsilməsinə dair onda informasiya mövcud deyildir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı RETSİ kiminsə şifahi verdiyi məlumatlara əsasən hadisənin onun tərəfindən törədildiyi qənaətinə gəlmişdir. Hesab edir ki, barəsində qərar qəbul edilərkən prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmiş, həmin qərar qeyri-qanuni və ədalətsiz olduğundan ləğv edilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X7 izahat verərək bildirdi ki, çinar ağacının yerləşdiyi, üzərində tikili olan sahə onun oğluna məxsusdur və həmin əraziyə görə mübahisələr olduğu üçün qonşusu tərəfindən tez-tez şikayətlər edilir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı RETSİ-nin nümayəndəsi Raqif Xəlilov onunla mobil telefon vasitəsilə əlaqə saxlayaraq çinar ağacının kəsilməsi barədə məlumat vermiş, o, da öz növbəsində ağacın kəsilməsindən xəbəri olmadığını və kim tərəfindən kəsilməsi bardə məlumata malik olmadığını bildirmişdir. Onun barəsində qəbul olunmuş qərarla razı deyildir, odur ki, şikayətinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı RETSİ-nin nümayəndəsi, baş məsləhətçi-müfəttiş vəzifəsində işləyən X6 izahat verərək bildirdi ki, X5 barəsində əvvəllər də şikayətlər edilmişdir, lakin, böhtan xarakterli olduğu üçün fakt öz təsdiqini tapmamışdır. Toğrul İmanov ona bir neçə dəfə xahiş etmişdir ki, həmin ərazidə yerləşən çinar ağacını və ərazidə bitən kolları budamaq istəyir. O, da öz növbəsində bildirmişdir ki, rəsmi müraciət edib icazə aldıqdan sonra budama işlərini görə bilər. Şəxsin müraciətinə cavab olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı RETSİ-dən bildirilmişdir ki, ağac və kollarda sükunət dövründə budama işləri aparıla bilər. Toğrul İmanova da bildirmişdir ki, əgər ağacın budaqları kəsilərsə onu inzibati məsuliyyətə cəlb edərək cərimə edəcəkdir. Lakin, sonradan verilən şifahi məlumat əsasında yerli baxış keçirilən zaman çinar ağacının budaqlarının kəsildiyi məlum olmuşdur. Toğrul İmanovun mobil nömrəsinə zəng vuraraq ağacın budaqlarının kəsildiyini, ona əvvəldən bildirdikləri kimi inzibati məsuliyyətə cəlb olunacağını və şəxsiyyət vəsiqəsinin mobil telefon vasitəsilə ona göndərilməsini xahiş etmiş, şəxs tərəfindən şəxsiyyət vəsiqəsinin şəkli mobil telefon vasitəsilə ona göndərildikdən sonra X5 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxs X4 da eyni məzmunlu izahat vermişdir. Məhkəmə şikayət verən şəxs X5, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı RETSİ-nin nümayəndəsi X3 və inzibati xəta haqqında protokolu tərtib edən şəxs, 8 saylı RETSİ-də baş məsləhətçi-müfəttiş vəzifəsində işləyən X1 izahatını dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı RETSİ-nin baş məsləhətçi-müfəttişi X4 tərəfindən tərtib edilmiş 07 iyul 2025ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan məlum olur ki, ünvan 1 ünvanında yerləşən ərazidə diametri 72 sm olan çinar ağacının yuxarı ətraf budaqları kəsilərək zədələnmişdir. Bu fakt ərazidən çəkilmiş fotoşəkil ilə təsdiq edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı RETSİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Resublikası İnzibati Xətalar Məcəlləsinin 253.5.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 07 iyul 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola əlavə edilən xx.xx.2025-ci il tarixdə çəkilmiş fotoşəkildən məlum olmuşdur ki, çinar ağacının tikiliyə yaxın olan budaqları kəsilərək zədələnmişdir. İş materiallarına əlavə edilən mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın surətindən məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi X2 xüsusi mülkiyyətindədir. Azərbaycan Resublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 253.4-cü maddəsinə görə meşə fonduna daxil olmayan ağac və ya kolların zədələnməsinə görə fiziki şəxslər yüz manat miqdarında, vəzifəli şəxslər iki yüz manat miqdarında, hüquqi şəxslər min manat miqdarında cərimə edilir. Həmin Məcəllənin 253.5.1-ci maddəsinə görə bu Məcəllənin 253.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kolların zədələnməsinə görə fiziki şəxslər iki yüz manat miqdarında, vəzifəli şəxslər dörd yüz manat miqdarında, hüquqi şəxslər iki min manat miqdarında cərimə edilir. Beləliklə işin faktiki hallarından və Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərindən də göründüyü kimi, şəxsin təqsirli olaraq inzibati xəta törətməsini sübut etmə vəzifəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin üzərində olsa da, ünvan 1 ünvanında olan ərazidə tikinti və abadlaşdırma işləri aparılarkən çinar ağacının budaqlarının kəsilərək zədələndiyini təsdiq edən sübutları məhkəməyə təqdim etsə də, bu tikinti və abadlaşdırma işlərinin X7 tərəfindən həyata keçirilməsini və ağacın budaqlarının məhz həmin şəxs tərəfindən kəsilməsini təsdiq edən hər-hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bunun əksinə, X7 məhkəmə iclasında verdiyi izahatda ona istinad edilən əməli törətdiyini inkar etmiş və ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin onun oğlu X2 xüsusi mülkiyyətində olmasına dair dövlət reyestrindən çıxarışın surətini məhkəməyə təqdim etmişdir. İş materiallarını araşdıran zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı RETSİ-nin əməkdaşları tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın aparılma qaydaları pozulmaqla icraatın aparıldığı müəyyən olunmuşdur. Belə ki, məhkəmədə izahat verərkən özlərinin etiraf etdiyi kimi daxil olmuş şifahi məlumat əsasında hadisə yerinə baxış keçirilmiş, heç bir inzibati araşdırma aparmadan və şəxsin təqsirli olmasına aidiyyətini müəyyənləşdirmədən və yalnız ehtimallara söykənərək, inzibati tənbeh tətbiq edilən şəxsin iştirakı olmadan onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və o, inzibati məsuliyyətə cəlb edilmişdir. Belə olan halda, inzibati xəta hadisəsi baş vermiş olsa da, inzibati xətanı törətmiş şəxs müəyyən olunmamış və məsuliyyətə cəlb olunmamış qalır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələri onun xeyrinə həll edərək belə nəticəyə gəlir ki, X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən həmin qərar ləğv edilməli və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.5.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2 və 134.1.3-cü maddələrinə əsasən xitam verilməli, eyni zamanda inzibati xəta törədən şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 53, 128, 130, 131-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 17 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.5.1ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Cavid Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar