Məhkəmə qərarları › İş №3(035)-340/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-340/2025

18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-340/2025 18.08.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi Həsənov Anar Məhəmməd oğlunun katibliyi Zərdab rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X14 oğlunun Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx" MMC-də baş satıcı işləyən, Zərdab şəhəri, Azərbaycan küçəsi ev 95, mənzil 9-da qeydiyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Zərdab Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala 18 avqust 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı, № ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 00:55 radələrində Zərdab rayonu ərazisində yerləşən “Zəfər yolu” adlanan kafedə səs-küy salaraq ucadan ünvansız söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətləri etmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Zərdab Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X6 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 00:40-da Zərdab RPŞ-nin PPXB-nin manqa komandiri X2 Əhmədli ilə xidmətdə olarkən Zərdab rayonu ərazisində yerləşən “Zəfər yolu” adlanan kafedə bir neçə nəfərlə arasında dava-dalaş baş verməsi barədə məlumat əldə etmiş və bu barədə Zərdab rayon Polis Şöbəsinin PPXB-nin tağım komandiri Fuad Nəcəfliyə məlumat vermiş və X15 Mikayılov və Elvin Əhmədli ilə birlikdə həmin əraziyə getdikdə Nicat, Vasif və Cavid adlı şəxslərin dava-dalaş saldıqlarını görüb onlara yaxınlaşıb özlərini təqdim edərək davadalaşla əlaqədar izahat vermələri üçün Zərdab RPŞ-yə dəvət etmişlər. Həmin şəxslər uca səslə nalayiq ifadələr işlədərək səs-küy salıb onların qanuni tələblərinə tabe olmayaraq qanunsuz hərəkətlərini davam etdirmişlər. Ona görə də Fuad Nəcəfli efir vasitəsilə əlavə kömək çağıraraq həmin şəxsləri Zərdab Rayon Polis Şöbəsinə gətirib növbətçi hissəyə təhvil verərək raportla şöbə rəhbərinə məlumat vermişdir. Hadisə yerində olan digər iki şəxs polis şöbəsinə gətirilmiş və onların barəsində inzibati xəta haqıqında protokol tərtib olunmuş, lakin Şəxs səhhətində problemlər olduğu üçün polis əməkdaşları onu xəstəxanaya aparmışlar. Şöbə rəhbərliyinə verilmiş raport əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Zərdab Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqənda iş üzrə icraata aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək, izahatında bildirmişdir ki, 11 avqust 2025-ci il tarixdə qardaşı Nihad və Zərdab şəhər sakini Vasiflə birlikdə Zərdab rayonu ərazisində yerləşən “Zəfər yolu” adlanan kafedə yeyib-içmişlər. Həmin kafedə onlardan başqa digər masada da müştərilər əyləşmişdir. İçkinin təsirindən həmin şəxslərlə aralarında qarşıdurma yaranmış və mübahisə etmişlər. Əsəbindən həmin kafe ərazisində ucadan nalayiq ifadələr işlətmiş, söyüşlər söymüşdür. Mübahisə səbəbindən həmin əraziyə polis əməkdaşları gəlmiş və onları dava-dalaşla əlaqədar izahat vermələri üçün Zərdab Rayon Polis Şöbəsinə dəvət etdikdə o, daxilində olan ağrılar səbəbindən tənginəfəs olduğundan polis əməkdaşlarına şöbəyə gedə bilməyəcəyini və onu xəstəxanaya aparmalarını xahiş etmiş və ağrıların və içkinin təsirindən qışqırmış, ünvansız söyüşlər söymüşdür. Polis əməkdaşları hadisə yerindən birbaşa onu taksiyə əyləşdirib Xəstəxanaya yola salmış və özləri də onun arxasınca gəlmişlər. Ağ ciyər xəstəliyindən uzun müddətdir ki, əziyət çəkir. Zərdab Rayon Mərkəzi xəstəxanasında bir həftə müalicə alaraq evə buraxılmış və hazırda müalicəsi davam edir. Ona Qanhayxırma, Ağ ciyərlərin digər travmaları və döş qəfəsinin əzilməsi diaqnozu qoyulmuşdur. Hazırda kafedə dava-dalaş saldığına və ünvansız söyüşlər söydüyünə görə əməlindən peşmandır. Lakin, o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmama ilə bağlı ona tərtib olunmuş protokolla özünü təqsirli bilmir. O, ağrıları səbəbindən polis əməkdaşlarına Polis Şöbəsinə deyil, xəstəxanaya getmək istədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab Rayon Polis Şöbəsinin PPXB-nin taqım komandiri X8 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 00:40-da Zərdab RPŞnin PPXB-nin manqa komandiri X1 rayonu ərazisində yerləşən “Zəfər yolu” adlanan kafedə davadalaş baş verməsi barədə ona məlumat vermiş və o, Faxrəddin Mikayılov və Elvin Əhmədli ilə birlikdə həmin əraziyə getdikdə səs-küy olduğunu görmüşlər. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edərək səs-küyü dayandırmağı təklif etmiş, eyni zamanda baş vermiş dava-dalaşla əlaqədar izahat vermələri üçün Zərdab RPŞ-yə dəvət etmişlər. Lakin, həmin şəxslər uca səslə nalayiq ifadələr işlətməklə biz heç bir yerə getməyəcəyik deyərək, polis işçisinin qanuni tələblərinə tabe olmayaraq qanunsuz hərəkətlərini davam etdirmişlər. Ona görə də efir vasitəsilə əlavə kömək çağırmış və əlavə polis əməkdaşları gəldikdən sonra Şəxs və digər iki nəfər şəxsi xidməti avtomobilə əyləşdirib Zərdab rayon Polis Şöbəsinə gətirmişlər və Polis Şöbəsinə çatdıqda Şəxs ağrıdığını bildirmiş, bu səbəbdən onu Zərdab rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab Rayon Polis Şöbəsinin PPXB-nin manqa komandiri X9 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 00:50-də Zərdab RPŞnin PPXB-nin polis nəfəri Nihad Məmmədovla birlikdə xidmətdə olan zaman Zərdab RPŞ-nin PPXB-nin taqım komandiri Fuad Nəcəfli efir vasitəsilə zəng edərək Zərdab rayonu ərazisində yerləşən “Zəfər yolu” adlanan kafedə dava-dalaş olduğu barədə məlumat vermişdir. Onlar dərhal həmin kafeyə getmişlər. Həmin kafedə Nicat, Vasif və Cavid adlı şəxslərin uca səslə söyüş söydüklərini və orada olan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadıqlarını görüb onlara yaxınlaşaraq özlərini təqdim edərək onları nizam intizama dəvət etsələr də, həmin şəxslər onların qanuni tələblərinə tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirmiş, səs-küy salaraq ucadan ünvansız söyüşlər söymüşlər. Həmin şəxsləri Polis Şöbəsinə gətirmək istədikdə Şəxs ağrılarının olduğunu və onu xəstəxanaya aparmalarını bildirdi. Bu səbəbdən onu orada olan taksiyə əyləşdirib özləri də onun arxacınca əvvəlcə Polis Şöbəsinə, oradan da Xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X13 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 00:50-də Zərdab RPŞ-nin PPXB-nin manqa komandiri Ramin İsmayılovla birlikdə xidmətdə olan zaman Zərdab RPŞ-nin PPXB-nin taqım komandiri Fuad Nəcəfli efir vasitəsilə zəng edərək Zərdab rayonu ərazisində yerləşən “Zəfər yolu” adlanan kafedə dava-dalaş olduğu barədə məlumat vermişdir. Onlar dərhal həmin kafeyə getmişlər. Həmin kafedə Nicat, Vasif və Cavid adlı şəxslərin uca səslə söyüş söydüklərini və orada olan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadıqlarını görüb onlara yaxınlaşaraq özlərini təqdim edərək onları nizam intizama dəvət etsələr də həmin şəxslər onların qanuni tələblərinə tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirmiş, səs-küy salaraq ucadan ünvansız söyüşlər söymüşlər. Şəxs və digər iki nəfər şəxsi xidməti avtomobilə əyləşdirib Zərdab rayon Polis Şöbəsinə gətirmişlər və Polis Şöbəsinə çatdıqda Şəxs ağrıdığını bildirmiş, bu səbəbdən onu xidməti avtomobillə Zərdab Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X11 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 00:40-da Zərdab rayon Polis Şöbəsinin PPXB-nin manqa komandiri Faxraddin Mikayılovla birlikdə xidmətdə olan zaman Zərdab RPŞ-nin Təminat hissəsinin inspektoru Elsun Sərxanlı mobil telefon vasitəsilə ona zəng edərək Zərdab rayonu ərazisində yerləşən “Zəfər yolu” adlanan kafedə dava-dalaş olduğu barədə məlumat vermişdir. Faxraddin Mikayılov dərhal həmin kafedə dava-dalaş baş verməsi barədə Zərdab RPŞ-nin PPXB-nin taqım komandiri Fuad Nəcəfliyə məlumat vermiş və Fuad Nəcəfli onların yanına gəldikdən sonra birlikdə həmin kafeyə getmişlər. Həmin kafedə Nicat, Vasif və Cavid adlı şəxslərin dava dalaş saldıqlarını görüb onlara yaxınlaşaraq özlərini təqdim edərək dava-dalaşla əlaqədar izahat vermələri üçün Zərdab RPŞ-yə dəvət etdikdə həmin şəxslər uca səslə səs-küy salaraq ünvansız söyüşlər söyərək Polis şöbəsinə getməkdən imtina edərək onların qanuni tələblərinə tabe olmayaraq qanunsuz hərəkətlərini davam etdirmişlər. Ona görə də Fuad Nəcəfli efir vasitəsilə əlavə kömək çağırmış və hadisə yerinə əlavə polis əməkdaşları gəlmişdir. Həmin şəxsləri Polis Şöbəsinə gətirmək istədikdə Şəxs ağrılarının olduğunu və onu xəstəxanaya aparmalarını bildirmişdir. Bu səbəbdən hadisə yerindən birbaşa orada olan taksiyə əyləşdirib özləri müşayiət edərək Şəxs Xəstəxanaya, digər şəxsləri isə polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab Rayon Polis Şöbəsinin PPXB-nin manqa komandiri X3 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 00:40-da Zərdab rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri Elvin Əhmədli ilə birlikdə xidmətdə olan zaman Zərdab RPŞ-nin Təminat hissəsinin inspektoru Elsun Sərxanlı mobil telefon vasitəsilə ona zəng edərək Zərdab rayonu ərazisində yerləşən “Zəfər yolu” adlanan kafedə dava-dalaş olduğu barədə məlumat vermişdir. O, dərhal həmin kafedə dava-dalaş baş verməsi barədə Zərdab RPŞ-nin PPXB-nin taqım komandiri Fuad Nəcəfliyə məlumat vermiş və Fuad Nəcəfli onların yanına gəldikdən sonra birlikdə həmin kafeyə getmişlər. Həmin kafedə Nicat, Vasif və Cavid adlı şəxslərin dava dalaş saldıqlarını görüb onlara yaxınlaşaraq özlərini təqdim edərək dava-dalaşla əlaqədar izahat vermələri üçün Zərdab RPŞ-yə dəvət etdikdə həmin şəxslər uca səslə səs-küy salaraq ünvansız söyüşlər söyərək Polis şöbəsinə getməkdən imtina edərək onların qanuni tələblərinə tabe olmayaraq qanunsuz hərəkətlərini davam etdirmişlər. Ona görə də Fuad Nəcəfli efir vasitəsilə əlavə kömək çağırmış və həmin şəxsləri Polis Şöbəsinə gətirmək istədikdə Şəxs ağrılarının olduğunu və onu xəstəxanaya aparmalarını bildirmişdir. Bu səbəbdən, onu hadisə yerindən birbaşa orada olan taksiyə əyləşdirib Xəstəxanaya yola salaraq özləri də arxasınca getmişlər. İşdə materiallarında olan sənədlərdən, raportdan, o cümlədən Zərdab Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 00:55-də Zərdab rayonu ərazisində yerləşən “Zəfər yolu” adlanan kafedə səs-küy salaraq ucadan ünvansız nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq hərəkətləri etmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan Zərdab Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Şəxs barəsində tərtib edilmiş protokolla əlaqədar izahat verməkdən imtina etmişdir. İş materiallarında olan Tibbi Ərazi Bölmələrini X12 Rayon Mərkəzi Xəstəxanası X19 direktor əvəzi S.Məmmədova və həkim-reanimatoloq E.Eyvazova tərəfindən verilmiş xx.xx.2025ci il tarixli, 312 №-li arayışdan görünür ki, İsayev X5, Ağ ciyərlərin digər travmaları və Döş qəfəsinin əzilməsi diaqnozu ilə Zərdab RMX PHŞ TTTY şöbəsinə müraciət etmişdir. İş materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında xx.xx.2025-ci il tarixli protokoldan məlum olur ki, Şəxs ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur. İş materiallarında olan Tibbi Ərazi Bölmələrini X12 Rayon Mərkəzi Xəstəxanasının direktor əvəzi S.Məmmədova və həkim-reanimatoloq E.Eyvazova tərəfindən Zərdab Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Zərdab şəhər sakini Şəxs xx.xx.2025-ci il tarixdə Qanhayxırma, Ağ ciyərlərin digər travmaları diaqnozu ilə TTTY şöbəsinə gətirilmiş, rentgen müayinəsi olunmuş, həmin gün Reanimasiya şöbəsinə köçürülmüş və xx.xx.2025-ci il tarixdə saat 10:00-da cərrahiyyə şöbəsinə köçürülmüşdür. xx.xx.2025-ci il tarixdə xəstə kafi vəziyyətdə evə yazılmışdır. Məhkəmə inzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilsə də, onun əməlində İXM-nin 535.1ci maddəsində nəzərə tutulmuş inzibati xəta tərkibinin olmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Hüquq nəzəriyyəsində ictimai qaydanı pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. İnzibati xəta haqqında iş materialları ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsin və şahidlərin izahatları ilə Şəxs İctimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xəta, yəni xırda xuliqanlıq etdiyi məlum olmuşdur. Belə ki, o, 11 avqust 2025-ci il tarixdə qardaşı Nihad və Zərdab şəhər sakini Vasiflə birlikdə Zərdab rayonu ərazisində yerləşən “Zəfər yolu” adlanan kafedə yeyib-içmiş, həmin ictimai iaşə obyektində onlardan başqa olan digər müştərilərlə mübahisə etmiş, ucadan nalayiq ifadələr işlətmiş, söyüşlər söymüşdür. Beləliklə də, Şəxs aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolda irəli sürülən digər ittiham üzrə qeyd etmək istəyir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarında Şəxs tərəfindən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmama ilə bağlı hərəkətlər edilməsi öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşları öz izhatlarında inzibati xəta törətmiş şəxsin hadisə yerində uca səslə nalayiq ifadələr işlətdiyini, onu nizam-intizama dəvət etdiklərini və baş vermiş davadalaş məsləsinin aydınlaşdırıması üçün polis şöbəsinə aparmaq istədiklərini, lakin, Şəxs halı pisləşdiyi üçün onu xəstəxanaya apardıqlarını bildirmişlər. Həmçinin, izahat verən şahidlərin bəziləri inzibati xəta törədən şəxsi xidməti avtomobillə xəstəxanaya aparıldığını bildirsələr də, bəziləri həmin şəxsin hadisə yerindən taksi fəaliyyəti göstərən avtomobillə Xəstəxanaya aparıldığını bildirərək, Şəxs konkret olaraq polis işçisinin hansı qanuni tələblərinə qəsdən tabe olmadığına dair əsaslar göstərməmişlər. Göründüyü kimi hadisə yerində olan polis əməkdaşlarının şahid qismində verdiyi izahatlarında olan ziddiyyətlər və şübhələr onu deməyə əsas verir ki, şəxsin əməlində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın tərkibinin olması istisna edilir. Beləliklə də, Şəxs xx.xx.2025-ci il tarixdə saat 00:55 radələrində Zərdab rayonu ərazisində yerləşən “Zəfər yolu” adlanan kafedə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmama ilə bağlı hərəkətlər etməsi müəyyən edilməmiş, habelə, onun həmin vaxt, qeyd olunan yerdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamasına dair kifayət qədər mötəbər sübut və ya sənəd məhkəmə iclasında təqdim edilməmişdir. Belə olan təqdirdə isə inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmama hərəkətləri edildiyi göstərilsə də, bu hərəkətlərin konkret olaraq hansı hərəkətlərdə ifadə olunması və özünü nədə göstərməsi aydın deyildir. Məhkəmə hesab edir ki, şəxsin ağrıdan halı pisləşdiyi üçün “mən polis şöbəsinə getmirəm, məni xəstəxanaya aparın” deyərək xahiş etməsi, heç də onun polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi inzibati məsuliyyətə cəlb olunan şəxsin üzərinə düşmədiyindən və məhkəməyə inzibati xəta haqqında protokolu tərtib edən orqan tərəfindən həmin əməli təsdiq edən kifayət qədər sübut təqdim edilmədiyindən hazırki protokol əsasında o, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin faktiki hallarına, sübutlara məcmu halda qiymət verərək məhkəmə belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməli və o, İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi əməlindən peşman olmasını, bir daha bu cür hərəkətlərə yol verməyəcəyinə dair vədini və xəstəlikdən əziyyət çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini, xəstəliyini, habelə məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 100 (bir yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim: Cavid Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar