Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-438/2025 19.11.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X4 iştirakı ilə X1 Qəbələ Rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayətlə məhkəməyə müraciət edərək barəsində Qəbələ Rayon Polis Şöbəsi YPX inspektoru polis serjantı X6 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP seriyalı 74126865 nömrəli protokola əsasən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə dövlət qeydiyyat nişanı ** TP *** olan VAZ 21013 markalı minik avtomobili ilə hərəkətdə olan zaman Qəbələ rayonu, Hacallı kəndi ərazisində YPX əməkdaşı, polis serjantı X6 tərəfindən idarə etdiyi nəqliyyat vasitəsinin dayandırılmasına dair göstəriş verilmişdir. Nəqliyyat vasitəsi dayandırıldıqdan sonra barəsində əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə İXP seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. Sözügedən protokola əsasən barəsində inzibati tənbeh vermə haqqında TP seriyalı ******* saylı qərar qəbul olunmuş və 50 manat miqdarında cərimə olunmuşdur. Qeyd edir ki, İXM-nin 342.5-ci maddəsi imperativ normadan çıxış edərək bildirir ki, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə 50 manat cərimə müəyyən olunur. Qanunvericilik açıq şəkildə bildirir ki, cərimə yalnız nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitələrinə tədbiq olunur. Lakin onun idarə etdiyi nəqliyyat vasitəsində olan nasazlıq aradan qaldırıla bilən nasazlıqdır. Bildirir ki, avtomobilinin xarici işıq cihazları hər zaman qaydasında olmuş və heç zaman nasazlığı olmamışdır. Xarici işıq cihazında nasazlığın olmasını yalnız YPX əməkdaşı bildirən zaman bilmişdir. Hesab edir ki, nasazlıq elə həmin vaxtlarda baş vermişdir. O, YPX əməkdaşına cərimə yazmamasını, usta çağıraraq nasazlığı aradan qaldıracağını bildirsə də, onun sözlərinə əhəmiyyət verilməmiş və əsassız olaraq dərhal cərimə tədbiq etmişdir. Qeyd edir ki, YPX əməkdaşı ərazidən uzaqlaşdıqdan bir müddət sonra avtomobilində olan nasazlığı aradan qaldırmışdır. Barəsində qərar qəbul olunsa da, YPX əməkdaşı yalnız protokolu ona təqdim etmişdir. Bununla bağlı Qəbələ RPŞ-yə sorğu ünvanlayaraq qərarın bir nüsxəsinin verilməsini xahiş etsə də sorğusuna heç bir cavab verilməmişdir. Buna əsasən hazır ki, ərizə ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, barəsində qəbul olunmuş qərar əsassızdır və ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən X8 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. O, əlavə olaraq bildirmişdir ki, 08 sentyabr 2025-ci il tarixdə, saat 21:00 radələrində Qəbələ rayonundan Zərdab rayonuna gələrkən, Qəbələ-Ağdaş yolunun Qəbələ rayonunun Hacallı kəndi ərazisində futbol stadionunun təxminən 200 metrlik yaxınlığında YPX əməkdaşı tərəfindən idarə etdiyi ** TP *** qeydiyyat nişanlı, “VAZ 21013” markalı minik avtomobilinin dayandırılması barədə göstəriş verilmişdir. Nəqliyyat vasitəsini dayandırdıqdan sonra YPX əməkdaşı ona avtomobilin arxa-sağ stop işıq fənərinin yanmadığını bildirmişdir. Həqiqətən də həmin vaxt avtomobilin arxa-sağ stop işıq fənərinin yanmadığını görmüşdür. YPX əməkdaşı ona “bu dəqiqə nasazlığı aradan qaldıra bilirsənsə sənə cərimə yazmayacam” demişdir. Lakin, o, bir dəqiqə ərzində bu nasazlığın aradan qaldırmağın mümkün olmadığını və usta çağırıb yaranmış nasazlığı yerində aradan qaldıra biləcəyini bildirmişdir. Lakin, YPX əməkdaşı onun barəsində protokol tərtib etmiş, protokol tərtib edildikdən sonra həmin protokolu oxumaq istədiyini bildirmiş, protokolla tanış olmuş, lakin YPX əməkdaşı protokolu tam oxumasına imkan verməmiş və o, da həmin protokolla razı olmadığı üçün imzalamaqdan imtina etmişdir. Avtomobilinin arxa-sağ xarici işığının nasaz olması ilə bağlı YPX-nin inspektoru tərəfindən onun barəsində protokol tərtib edildikdən sonra, usta çağıraraq həmin nasazlığı aradan qaldırmışdır (işıq cihazındakı nasaz lampanı yenisi ilə əvəz etmişdir). Buna görə də hesab edir ki, avtomobilinin arxa-sağ xarici işıq cihazında yaranmış nasazlıq yerində aradan qaldırıla bilən qüsur olduğundan onun barəsində əsassız olaraq protokol tərtib edilmiş və o, protokola etiraz etməsinə baxmayaraq onun iştirakı olmadan aparılan inzibati xətaya dair araşdırma nəticəsində qanunsuz olaraq barəsində inzibati tənbeh edilməsinə dair qərar qəbul edilmişdir. Qərarından şikayət verilmiş Qəbələ rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Lakin, şikayətə münasibət bildirərək arayış, inzibati tənbeh vermə haqqında qərarın surətini və iş üzrə zəruri əhəmiyyət daşıyan digər sənədləri məhkəməyə təqdim etmişdir. Buna görə də, məhkəmə işə qərarından şikayət verilmiş Qəbələ Rayon Polis Şöbəsi DYPB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, şikayətə əlavə edilən ərizədən və xx.xx.2025-ci il tarixli poçt qəbzindən görünür ki, X8 barəsində tərtib olunmuş İXP seriyalı ******* nömrəli protokol əsasında qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarın surətinin ona təqdim olunmasını Qəbələ RPŞ-nin rəhbərliyindən xahiş etmişdir. İş materiallarına əlavə olunan vəsatətdən görünür ki, X8 barəsində qəbul olunmuş TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətinin əldə olunması üçün Qəbələ RPŞ-yə müraciət edilməsi xahiş olunmuşdur. İş materiallarında olan Qəbələ RPŞ YPX inspektoru polis serjantı X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X8 həmin tarixdə, saat 20:38-də "Vaz 21013” (minik) markalı, ** TP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinin tələbini pozmuşdur. İş materiallarına əlavə edilmiş Qəbələ RPŞ-nin polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X8 Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qeyd olunan qərarda inzibati xətanın baş vermə vaxtı 08 sentyabr 2025-ci il saat 20:38, yeri isə Qəbələ şəhəri, Hacallı kəndi kimi qeyd edilmişdir. İş materiallarına əlavə olunan əlavə olunmuş fotoşəkillərdən görünür ki, "Vaz 21013” (minik) markalı, ** TP *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa-sağ xarici işıq cihazı işlək vəziyyətdə deyildir. Məhkəmə iclasında təqdim olunan 1 ədəd kompakt diskdə əks olunan videogörüntülərdən görünür ki, "Vaz 21013” (minik) markalı, ** TP *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa-sağ xarici işıq cihazı nasaz olduğu üçün usta çağıraraq həmin nasazlığı yerində aradan qaldırmışdır. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə sürücü X8 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinin dispozitiv şərtləri ümumi olaraq göstərilmiş, lakin hansı nasazlığın aşkar edilməsi qeyd edilməmiş və aşkar edilmiş nasazlığın aradan qaldırılmasının mümkünsüzlüyü ümumiyyətlə əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinə görə xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsindən göründüyü kimi inzibati xətanın tərkibinin yaranması üçün nəqliyyat vasitəsində hər hansı bir nasazlıq deyil yalnız 1) xarici işıq cihazlarında 2) qabaq şüşənin şüşə silgəclərində və ya şüşəyuyanlarda 3) təkər və şinlərdə 4) mühərrikdə 5) o cümlədən konstruksiyasının digər ünsürlərində aşkar edilmiş nasazlıq olmalıdır. Lakin, bu nasazlığın aşkar edilməsi özü- özlüyündə xətanın tərkibini yaratmır, yəni nasazlıq aradan qaldırılması mümkün ola bilməyən nasazlıqlar kateqoriyasına aid edilməlidir. Qeyd olunmalıdır ki, "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1 saylı Əlavəsi ilə nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı müəyyən edilsə də nasalığın hansı hallarda aradan qaldırılması mümkün olmayan kateqoriyaya aid edilməsi qanunvericiliklə birbaşa olaraq tənzimlənməmişdir. Ona görə də məhkəmə hesab edir ki, aşkar edilmiş nasazlığın aradan qaldırıla bilən olub-olmaması işin faktiki hallarından asılı olaraq qiymətləndirilməlidir. Eyni zamanda Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1 saylı Əlavəsinin 3-cü hissənə görə xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda. (Qeyd: İstehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir.) 2) Faraların nizamlanması dövlət standartlarının tələblərinə uyğun olmadıqda. 3) Xarici işıq cihazları və işıqqaytarıcılar müəyyənləşdirilmiş rejimdə işləmədikdə və ya çirklənmiş olduqda. 4) İşıq cihazlarında işıqyayıcılar olmadıqda və ya həmin işıq cihazının tipinə uyğun olmayan yayıcılardan istifadə edildikdə. 5) Sayrışan işıqlar standartın tələblərinə uyğun qurulmadıqda. 6) Geriyə hərəkət fənərləri və dövlət qeydiyyat nişanının, işıqqaytarıcı qeydiyyat, fərqləndirici və tanınma nişanlarının işıqlandırılması istisna edilməklə, nəqliyyat vasitəsinin qabağında qırmızı rəngli, arxasında isə ağ rəngli işıq cihazları və ya işıqqaytarıcılar qurulduqda nasazlıq aradan qaldırılır. Hazırki işin faktiki hallarında müəyyən edilir ki, sürücü X8 tərəfindən 08 sentyabr 2025-ci il tarixdə saat 20:38-də Qəbələ şəhəri, Hacallı kəndi ərazisində hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinin tələbini pozması faktına görə Qəbələ RPŞ YPX-nin inspektoru X6 tərəfindən İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında Qəbələ RPŞ-nin polis mayoru X3 tərəfindən qəbul edilmiş 11 sentyabr 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarla sürücü təqsirli bilinərək barəsində 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. Lakin protokol və qərarda müvafiq maddənin dispozitiv şərtləri ümumi olaraq göstərilməklə nəqliyyat vasitəsində hansı nasazlığın aşkar edilməsi qeyd edilməmiş, əgər nasazlıq aşkar edilmişdirsə həmin nasazlığın aradan qaldırılmasının mümkünsüzlüyü ümumiyyətlə əsaslandırılmamışdır. X1 izahatından müəyyən edilir ki, barəsində protokol tərtib edilməsinə səbəb ona məxsus "Vaz 21013” (minik) markalı, ** TP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa-sağ işıq cihazında olan nasazlıq olmuşdur. Hansı ki, həmin nasazlıqdan qabaqcadan məlumatı olmamış, yalnız YPX əməkdaşı ona məlumat verdikdən sonra bilmiş və həmin nasazlığı yerində aradan qaldırıb yoluna davam edəcəyini bildirmişdir. Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları ilə bağlı nasazlıqlar yol hərəkəti zamanı aşkar edilirsə, lakin dərhal yerində aradan qaldırıla bilmirsə (və ya sürücü tərəfindən aradan qaldırılmırsa), bu, 342.5-ci maddəyə əsasən inzibati xəta hesab edilir. Lakin, qanunvericilik bu cür ciddi nasazlıqların aradan qaldırılmasının mümkünsüzlüyünü onların nəqliyyat vasitəsinin istismarını qadağan edən səbəblər olması ilə əlaqələndirir. İXM-nin 98-ci maddəsinə görə tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir. Məsələyə İXM-in 98-ci maddəsinin tələbləri baxımından yanaşsaq YPX əməkdaşı nəqliyyat vasitəsində aşkar etdiyi nasazlığın aradan qaldırılmasının mümkün olmadığını yəgin etdiyi halda, həmin nəqliyyat vasitəsinin istismarını qadağan etməli və bu barədə müvafiq rəsmiləşdirmə apardıqdan sonra şəxsin barəsində inzibati tədbir görməli idi. Lakin işin hallarından məlum oduğu kimi YPX əməkdaşı tərəfindən nəqliyyat vasitəsində aşkar edilmiş nasazlığın aradan qaldırılmasının mümkün olub-olmaması araşdırılmamış, maddənin dispozisiya şərtlərinə əməl edilməyərək öz şəxsi mülahizəsinə əsaslanaraq protokol tərtib etmişdir. Əgər sözügedən nəqliyyat vasitəsində aradan qaldırılması mümkün olmayan nasazlıqlar aşkar edilmişdirsə, nəinki aşkar edilmiş pozuntuya görə protokol tərtib edilməli, qanunvericiliyin tələblərinə görə həmin nəqliyyat vasitəsinin istismarı qadağan edilməli idi. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, hazırki işdə müəyyən edilmiş bütün şübhələr barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş sürücü X4 xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Qəbələ Rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün səlahiyyətli orqana (Qəbələ Rayon Polis Şöbəsinə) göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X4 şikayəti qismən təmin olunsun. Qəbələ Rayon Polis Şöbəsi YPX-nin inspektoru polis serjantı X6 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP seriyalı 74126865 nömrəli protokola əsasən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün səlahiyyətli orqana (Qəbələ Rayon Polis Şöbəsinə) göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Zərdab Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Cavid Abbasov
Məhkəmə qərarları › İş №3(035)-438/2025
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-438/2025
19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver