Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-456/2025 20.11.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi, Rəsulov Rəsul Xalid oğlunun katibliyi ilə, Zərdab rayon İcra və Probasiya şöbəsinin rəisi, X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1979-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, himayəsində bir azyaşlı uşağı olan, Zərdab rayonunun Qoruqbağı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 528.1-1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 20 noyabr 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya şöbəsinin rəisi, X6 20 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri X6 izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-139/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs borca görə 14000 manat, əldən çıxmış faydaya görə 283,34 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 14313,34 manat məbləğində pul vəsaiti tutularaq X1 verilməsi qət edilmişdir. İcra sənədi müvafiq olaraq Zərdab rayon icra şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu sənədi icra etməmiş və icra məmurunun çağırışlarına gəlməmişdir. Borclunun icra məmurunun çağırışlarından yayındığı üçün barəsində xx.xx.2022-ci il tarixdə axtarış elan edilmiş və icra edilməsi üçün Zərdab rayon Polis Şöbəsinə göndərilmişdir. Şəxs saxlanılaraq xx.xx.2024-cü il tarixdə Zərdab rayon icra və Probasiya Şöbəsinə təqdim edilmişdir. Borclunun izahatı alınmış, icra sənədinin icrasının zəruriliyi bir daha ona izah olunmuş, lakin borclu tələbi icra etməmişdir. Bu səbəbdən də borclunun barəsində xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim olunmuş və Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Bundan sonra da borclu sənədinə əsasən üzərinə düşən öhdəliyi icra etməkdən yayınaraq icra məmurunun çağırışlarına gəlməmişdir. Borclu icra məmurunun çağırışlarından təkrar yayındığı üçün barəsində yenidən, xx.xx.2025-ci il tarixdə axtarış elan edilmiş və icra edilməsi üçün Zərdab rayon Polis Şöbəsinə göndərilmişdir. Şəxs saxlanılaraq xx.xx.2025-ci il tarixdə Zərdab rayon icra və Probasiya Şöbəsinə təqdim edilmişdir. Borclunun izahatı alınmış, icra sənədinin icrasının zəruriliyi bir daha ona izah olunmuşdur. Lakin, borclu tələbi təmin edə bilməyəcəyini bildirərək, icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətani törətmişdir. Ona görə də, məhkəmədən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, maddi imkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Belə ki, uzun müddət arvadı X2 və azyaşlı uşağı Uğur Abbasov ağır xəstə olduqlarından qazancını arvadının və uşağının müalicəsinə xərcləmiş bu səbəbdən borcunu ödəyə bilməmişdir. X7 isə xx.xx.2024-cü il tarixdə vəfat etmiş və azyaşlı uşağı X8 onun himayəsində qalmışdır. Həmçinin məhkəmənin diqqətinə çatdırır ki, azyaşlı uşağı X12 xəstəsidir. Yəni, beyin inkişafında gerilik vardır. Daima onun yanında qalmaq və qayğısına qalmaq və onu tək başına böyütmək məcburiyyətindədir. Zərdab rayonu, Qoruqbağı kəndində gölü vardır və göldə balıq saxlayır. Yaxın günlərdə gölündə olan balıqları satıb borcunu ödəyəcəkdir. Göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan 2(035)-139/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs borca görə 14000 manat, əldən çıxmış faydaya görə 283,34 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 14313,34 manat pul tutularaq X1 verilməlidir. İş materiallarında olan “icraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-139/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya şöbəsində icra işi başlanmışdır. İş materiallarında olan Zərdab rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 tərəfindən qəbul edilmiş “borclunun axtarışı haqqında” qərarın surətindən görünür ki, Şəxs barəsində xx.xx.2022-ci il tarixdə axtarış elan edilmiş və icra edilməsi üçün Zərdab rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarından görünür ki, icra sənədi üzrə borclunun barəsində icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək Zərdab rayon Məhkəməsinə təqdim edilmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından onun barəsində təkrarən axtarış elan edilmişdir. İş materiallarından görünür ki, Şəxs barəsində icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolun bir surəti imza etdirilməklə inzibati xətanı törətmiş şəxsə təqdim edilmişdir. İş materiallarından görünür ki, borclu Şəxs Zərdab rayon İcra və Probasiya şöbəsinə vermiş olduğu xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, borc məbləğindən heç bir ödəniş etməmişdir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Şəxs ilə X2 arasında xx.xx.2019-cu il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1586 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Abbasov, arvada Abbasova soyadları verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci ildə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2020-ci il təvəllüdlü X8 doğulmuşdur. İş materiallarında olan “Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, inzibati xəta törətmiş şəxsin arvadı X2 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Mingəçevir Psixo-Nevroloji Dispanserinin HPK-nin təbbi qərarının surətindən görünür ki, X8 autizm xəstəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsaəsn icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs şəxsiyyətini, özünü təqsirli bilməsini, himayəsində olan on dörd yaşına çatmamış uşağını təkbaşına böyütməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs eyni inzibati xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran haldır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı protokolu tərtib edən şəxsin və inzibati xəta törətmiş şəxsin izahatından, tədqiq edilən iş materiallarından müəyyən olundu ki, borclu eyni icra sənədlərinə münasibətdə icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, Şəxs inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə icra məmrunun qanuni tələblərini təkrarən üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinin tərkibini yaratmışdır. O, həmin maddə ilə təqsirli bilinməli və on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər barəsində həbs növündə inzibati tənbehin seçilməsinin qadağan olunması barədə qanunun müddəalarını rəhbər tutaraq barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növü olan cərimə tətbiq edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın icrası Zərdab rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: CAVİD ABBASOV
Məhkəmə qərarları › İş №3(035)-456/2025
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-456/2025
20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver