Məhkəmə qərarları › İş №3(035)-457/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-457/2025

01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-457/2025 01.12.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi, Rəsulov Rəsul Xalid oğlunun katibliyi, Zərdab rayon İcra və Probasiya şöbəsinin rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Zərdab rayon İcra və Probasiya şöbəsinin rəisi X2 25 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-225/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə əsas borca görə 203,8 manat, cərimə borcuna görə 30,5 manat və ödənilməmiş dövlət rüsumuna görə 30 manat, cəmi 264,3 manat borcun tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə müvafiq qaydada icraata başlanılmış, icra sənədinin icrası ilə bağlı onun ünvanına göndərilmiş qərar və bildirişə heç bir münasibət bildirməmiş və məhkəmə qərarının icrasından üzürsüz səbəbdən yayınmışdır. Borclunun əmlak vəziyyətini öyrənmək üçün elektron-icra informasiya sistemi vasitəsilə sorğular edilmiş, lakin, borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı daşınar-daşınmaz əmlak aşkar edilməmişdir. Borclu xx.xx.2024-cü il tarixdə şöbəyə çağırılaraq izahatı alınmış, daşıdığı məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Şəxs izahatında icra sənədini icra etməsi üçün 7 gün müddətin verilməsini xahiş etdiyi üçün ona vaxt verilmiş, lakin bu müddət ərzində də tələbi icra etməmiş, icra məmurunun çağırışlarından yayınmışdır. Borclunun çağırışlara gəlməməsi səbəbindən barəsində xx.xx.2025-ci il tarixdə axtarış elan olunması haqqında qərar qəbul edilərək icra edilməsi üçün Zərdab rayon Polis Şöbəsinə göndərilmiş və borclu xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən Zərdab rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Boclunun izahatı alınmış, ona hüquq və vəzifələri, həmçinin məsuliyyəti yenidən izah olunaraq icra sənədi üzrə borcun ödənilməsi ondan tələb edilmiş, lakin, o borcunu ödəməmişdir. Ona görə də, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə prosesinin gedişində borclu tələbkara olan borcundan 230 manatını ödəmişdir. Onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, haqqında məhkəmə qərarının olduğunu bilmiş, lakin, maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Hazırda məhkəmə prosesinin gedişində borcunun xeyli hissəsini, yəni 230 manatı tələbkara ödəmiş, qalan 34 manatı da qısa müddət ərzində ödəyəcəkdir. Ona görə də barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə Zərdab rayon İcra və probasiya şöbəsinin rəisinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında təqiq edilən: Zərdab Rayon Məhkəməsinin 2(035)-225/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə əsas borca görə 203,8 manat, cərimə borcuna görə 30,5 manat və ödənilməmiş dövlət rüsumuna görə 30 manat, cəmi 264,3 manat pul vəsaiti tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-225/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya şöbəsində icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2024-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, Şəxs müvafiq bildirişi şəxsən qəbul etmiş, ona hüquq və vəzifələri, həmçinin məsuliyyəti izah olunmuşdur. xx.xx.2025-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, Şəxs "xxxx" MMC-yə olan borcundan 230 manatını ödəmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən icra sənədi üzrə tələb hazırda icra edilir, onun icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi halı şəxsin borc məbləğinin böyük hissəsini ödəməsi və az miqdarda qalan borcunu da qısa müddət ərzində ödəyəcəyinə söz verməsi ilə aradan qalxmışdır. Məhkəmə hesab edir ki, icra sənədinin icrasının təmin olunması istiqamətində icra məmuru tərəfindən yetərincə icra hərəkətləri həyata keçirilmiş olsaydı, icra mərhələsində də analoji nəticəni əldə etmək mümkün olardı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Məhkəmə işin müəyyən olunan faktiki hallarına əsaslanaraq və yuxarıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəxs əməlinin icra sənədinin icrasından üzürsüz olaraq boyun qaçırmaq, icra məmurunun qanuni tələblərini yerinə yetirməmək kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Ona görə də məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: CAVİD ABBASOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar