Məhkəmə qərarları › İş №3(035)-458/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-458/2025

26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-458/2025 26.11.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi Rəsulov Rəsul Xalid oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Zərdab rayon İcra və Probasiya şöbəsinin rəisi X1 iştirakları ilə, xx.xx.1994-cü ildə Zərdab rayonunun Otmanoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, işləməyən, Zərdab şəhəri, Babək İsmayılov küçəsi ev 9-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 26 noyabr 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya şöbəsinin rəisi X2 26 noyabr 2025-ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Zərdab rayon İcra və Probasiya şöbəsinin rəisi X2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Zərdab rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(035)-125/2024 saylı icra sənədi üzrə borclu Şəxs 260,40 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, Zərdab Rayon Məhkəməsinin 2(035)-280/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2332,13 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsi, Zərdab Rayon Məhkəməsinin 2(035)-132/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 579 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsi, Zərdab Rayon Məhkəməsinin 2(063)- 613/2020 nömrəli, xx.xx.2020-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 100 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Ağayeva (Əhmədova) Aytac Ağası qızının xeyrinə ödənilməsi və Zərdab Rayon Məhkəməsinin 2(063)-898/2018 nömrəli, xx.xx.2018-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 323.45 manata pul tutularaq tələbkar Azercell Telekom MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin icra sənədləri Zərdab rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, icra sənədinin icrası ilə bağlı borclunun ünvanına göndərilmiş qərar və bildirişə heç bir münasibət bildirməmiş və məhkəmə qərarının icrasından üzürsüz səbəbdən yayınmışdır. Borclunun əmlak vəziyyətini öyrənmək üçün elektron-icra informasiya sistemi vasitəsilə sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı daşınar-daşınmaz əmlak aşkar edilməmişdir. Borclunun barəsində xx.xx.2023-cü il tarixdə tələbi icra etmədiyinə görə inzibati xəta haqqında protokol tərtib edilmiş, məhkəmənin müvafiq qərarına əsasən borclu 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Bundan sonra da borclu icra məmurunun çağırışlarından yayındığı və tələləbləri icra etmədiyi üçün barəsində müxtəlif vaxtlarda, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə axtarış haqqında qərar qəbul edilərək icra edilməsi üçün Zərdab rayon Polis Şöbəsinə göndərilmiş və borclu xx.xx.2025-ci il tarixdə məcburi qaydada Zərdab rayon İcra və Probasiya Şöbəsinə təqdim edilmişdir. Borclunun izahatı alınaraq icra sənədləri üzrə tələbləri tam şəkildə təmin etməsi tələb edilsə də borclu icra məmurunun qanuni tələblərini icra etməmişdir. Ona görə də, məhkəmədən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında bildirmişdir ki, Zərdab şəhəri, Babək İsmayılov küçəsi ev 9-da qeydiyyatda olmaqla, hazırda Bakı şəhərində kirayədə yaşayır. Barəsində olan məhkəmə qətnamələrindən xəbəri vardır, lakin işləmədiyi, maddi imkanı olmadığı üçün icra sənədləri üzrə yaranmış borcunu ödəyə bilməmişdir. Hazırda ödəniş etmək imkanı yoxdur. Məhkəmə inzibati xəta törətmiş şəxsi və protokolu müdafiə edən şəxsi dinləyərək, inzibati xəta haqqında iş üzrə toplanmış sübutları tədqiq edərək və öz daxili inamı ilə qiymətləndirərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə tövsif olunmuşdur və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Zərdab Rayon Məhkəməsinin 2(063)-898/2018 nömrəli, xx.xx.2018-cü il tarixli icra sənədindən görünür ki, borclu Şəxs cəmi 323.45 manata pul tutularaq tələbkar Azercell Telekom MMC-nin xeyrinə ödənilməlidir. Zərdab Rayon Məhkəməsinin 2(063)-613/2020 nömrəli, xx.xx.2020-cü il tarixli icra sənədindən görünür ki, borclu Şəxs hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 100 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Ağayeva (Əhmədova) Aytac Ağası qızının xeyrinə ödənilməlidir. Zərdab Rayon Məhkəməsinin 2(035)-132/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs 579 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Zərdab Rayon Məhkəməsinin 2(035)-280/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs 2332,13 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(035)-125/2024 saylı icra sənədindən görünür ki, borclu Şəxs 260,40 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. xx.xx.2018-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Zərdab Rayon Məhkəməsinin Zərdab rayon İcra və Probasiya şöbəsində müvafiq icra sənədləri üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” bildirişlərin surətlərindən görünür ki, Şəxs icra sənədləri üzrə bildirişləri şəxsən qəbul etmiş, ona hüququ və vəzifələri, həmçinin məsuliyyəti izah olunmuşdur. Zərdab Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(035)-119/2023 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından onun barəsində axtarış elan edilmişdir. Şəxs barəsində icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolun bir surəti imza etdirilməklə inzibati xətanı törətmiş şəxsə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı bir hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, həmçinin pul vəsaitinin (alimentin) ödənilməsi ilə bağlı icra sənədini icra etməyən şəxsin inzibati cərimə növündə tənbeh edilməsinin lüzumsuz olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs icra məmrunun qanuni tələbini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 12 (on iki) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli 26 noyabr 2025-ci il, saat 18:55-dən hesablansın. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: CAVİD ABBASOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar