Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-466/2025 01.12.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi, Rəsulov Rəsul Xalid oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Zərdab Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, İnzibati xəta törətmiş şəxs Şəxs Qəmbər oğlunun iştirakları ilə, xx.xx.1980-cı ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Zərdab şəhəri, 1 May küçəsi dalan 2 ev 7 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Zərdab Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala 01 dekabr 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Zərdab Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs Qəmbər oğlu xx.xx.2025-ci il tarixdə saat 22:15 radələrində Zərdab RPŞ-nin qarşısında ucadan ünvansız söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətləri etmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaqdan qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında Zərdab Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 izahatında göstərmişdir ki, Zərdab RPŞ-nin PPXB-nin polis nəfərləri Rövşən İmranlı və X8 RPŞ-nin 1 nömrəli posdunda (giriş qapı posdunda) xidmətdə olarkən bir nəfər şəxsin Zərdab RPŞ-nin inzibati binasının qarşısına gələrək ucadan səs-küy salaraq bacısı oğlunun sərbəst buraxılmasını tələb etdiyi üçün həmin polis nəfərləri ona yaxınlaşaraq ucadan səs-küy salmamasını bildirdikdə həmin şəxs daha da aqressivləşib ucadan ünvansız söyüşlər söyməyə başlamışdır. Polis nəfərləri ona nalayiq ifadələr işlətməməsini və şikayətinin nədən ibarət olmasının aydınlaşdırılması məqsədilə polis şöbəsinə dəvət etmişlər. Lakin, o ünvansız nalayiq ifadələr işlərək səs-küy salıb onların qanuni tələblərinə tabe olmayaraq qanunsuz hərəkətlərini davam etdirmişdir. Daha sonra həmin şəxsi Zərdab Rayon Polis Şöbəsinə gətirib növbətçi hissəyə təhvil verərək raportla şöbə rəhbərinə məlumat verilmişlər. Sonradan həmin şəxsin Zərdab şəhər sakini Şəxs Qəmbər oğlu olduğu müəyyən edilmiş və etdiyi hərəkətlə bağlı şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Zərdab Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs Qəmbər oğlu özünü təqsirli bilərək, izahatında bildirmişdir ki, ünvan 2 ünvanda yaşayır. xx.xx.2025-ci il tarixdə axşam saatlarında Zərdab şəhərində yerləşən “LM” şadlıq sarayında toy məclisində olmuş və spirtli içki qəbul etdiyi üçün sərxoş olmuşdur. Toy məclisindən çıxıb taksi ilə evinə gedərkən bacısı oğlunun polis əməkdaşları tərəfindən Zərdab rayon Polis Şöbəsinə aparıldığını eşidəndə bir-başa polis şöbəsinin qarşısına getmiş, sərxoş olduğundan uca səslə qışqıraraq bacısı oğlunun buraxılmasını tələb etmişdir. Sərxoş olduğundan sonradan baş verənləri tamlıqla xatırlamır, etdiyi əməldən peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Hazırda rəsmi olaraq işsizdir, iş olanda fəhləlik edib ailəsini dolandırır. Məhkəmədən işsiz olmasını, ailədə yeganə gəlir gətirən şəxs olmasını, onun yoxluğunda ailəsinin həyat şəraitinin daha da ağırlaşacağını və səmimi peşmanlığının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfərləri X4 izahatında bildirmişdir ki, Zərdab RPŞ-nin PPXB-nin polis nəfəri Salik Zalovla birlikdə Zərdab RPŞ-nin 1 nömrəli posdunda (giriş qapı posdunda) xidmətdə olarkən bir nəfər şəxsin Zərdab RPŞ-nin inzibati binasının qarşısına gələrək ucadan səs-küy salaraq bacısı oğlunun sərbəst buraxılmasını bildirdikdə ona yaxınlaşaraq ucadan səs-küy salmamasını bildirdikdə həmin şəxs daha da aqressivləşib ucadan ünvansız söyüşlər söyməyə başlamışdır. Ona söyüş söyməməsini və şikayətinin nədən ibarət olmasının aydınlaşdırılması məqsədilə polis şöbəsinə dəvət etdikdə, o, ünvansız nalayiq ifadələr işlərək səs-küy salıb onların qanuni tələblərinə tabe olmayaraq qanunsuz hərəkətlərini davam etdirmişdir. Daha sonra həmin şəxsi Zərdab Rayon Polis Şöbəsinə gətirib növbətçi hissəyə təhvil verərək raportla şöbə rəhbərinə məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab RPŞ-nin PPXB-nin polis nəfəri X6 şahid X3 izahatına uyğun, oxşar məzmunlu izahatlar verərək göstərilən xüsusatları bir daha təsdiq etdi. İş materiallarında olan sənədlərdən, raportdan, o cümlədən Zərdab Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN №2270724 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qəmbər oğlu xx.xx.2025-ci il tarixdə saat 22:15 radələrində Zərdab RPŞ-nin qarşısında ucadan ünvansız söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətləri etmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaqdan qəsdən boyun qaçırmışdır. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs Qəmbər oğlunun izahatından görünür ki, o, sərxoş olduğu üçün Zərdab RPŞ-nin qarşısında ucadan ünvansız söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətləri etdiyini və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığını etiraf etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, AZA 020505 nömrəli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs Qəmbər oğlu xx.xx.2025-ci il tarixdə saat 09:40-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, AZA 008655 nömrəli “şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında” protokoldan görünür ki, Şəxs Qəmbər oğlunun üzərində qanunla qadağan edilmiş hər-hansı əşya və ya predmet aşkarlanmamışdır. İşdə olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, müayinə zamanı Şəxs Qəmbər oğlunda ağır dərəcəli sərxoşluq aşkar edilmişdir (nəticə 4.177 %). Beləliklə, məhkəmə araşdırması zamanı Zərdab Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisinin, inzibati xəta törətmiş şəxsin və şahidlərin izahatları, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokollar və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs Qəmbər oğlu xx.xx.2025-ci il tarixdə saat 22:15 radələrində Zərdab RPŞ-nin qarşısında ucadan ünvansız söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətləri etmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaqdan qəsdən boyun qaçırmışdır. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Qəmbər oğluna istinad olunan Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 510-ci maddəsində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qəmbər oğlunun törətdiyi əməli etiraf etməsi və əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs Qəmbər oğlunun inzibati xətanı səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etmələrinə baxmayaraq, bu hərəkətin davam etdirməsini və inzibati xətanı sərxoş vəziyyətdə törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəlləin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə Şəxs Qəmbər oğlunun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Qəmbər oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq, o, daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən Şəxs Qəmbər oğlunun 01 (bir) gün inzibati qaydada tutulma müddəti nəzərə alınsın və üzərində qəti olaraq 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə saxlanılsın. Qərarın icrası Zərdab rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: CAVİD ABBBASOV
Məhkəmə qərarları › İş №3(035)-466/2025
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-466/2025
01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver