Məhkəmə qərarları › İş №3(035)-467/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-467/2025

01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-467/2025 01.12.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi, Rəsulov Rəsul Xalid oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş Zərdab rayon İcra və Probasiya şöbəsinin rəisi X5 iştirakları ilə, xx.xx.1986-cı ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 14-cü polis bölməsi ərazisində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 01 dekabr 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya şöbəsinin rəisi X7 01 dekabr 2025-ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Zərdab rayon İcra və Probasiya şöbəsinin rəisi X7 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Nizami rayon məhkəməsinin 2 (007)- 273/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment və uşağın 3 üç yaşına çatanadək ona qulluğa görə hər ay 50 manat sabit pul məbləğində pulun və mediasiya xərcinə görə 50 manat dövlət rüsumunun əvəzi olaraq 50 manat tutularaq X1 ödənilməsi qət edilmişdir. İcra sənədi Zərdab rayon İcra və probasiya şöbəsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş və qeyd edilən tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirşlə birgə borclunun könüllü icra etməsi üçün qeydiyyatda olduğu ünvanına göndərilmiş, xx.xx.2025-ci il tarixdə şəxsən özünə təqdim edilmişdir. Borclu icra vərəqəsində qeyd olunan öhdəliyi könüllü şəlikldə icra etməməsi səbəbindən onun ünvanına inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq göndərilməsinə baxmayaraq, borclu çağırışlara gəlməmiş və öhdəliyi icra etməmişdir. Borcluya məxsus ***-***-**-** nömrəli mobil nömrə vasitəsi ilə əlaqə saxlanılmasına baxmayaraq alimentin ödənilməsi, həmçinin icra məmurunun şöbəyə dəvət edilməsinə dair qanuni tələbi borclu tərəfindən təmin edilməmişdir. Borclunun ona dəfələrlə edilmiş şifahi və yazılı çağırışlara gəlməməsi səbəbindən barəsində Zərdab Rayon İcra və probasiya şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə axtarış haqqında qərara qəbul edilərək icra olunması üçün Zərdab Rayon Polis Şöbəsinə göndərilmişdir. Zərdab rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən borclu xx.xx.2024-cü il tarixdə Zərdab rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Borclu yaranmış aliment borcunu ödəmədiyi üçün barəsində inzibati xəta haqqında prokol tərtib edilmiş, məhkəməyə təqdim edilmiş və Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 08 gün müddətində inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra hərəkətləri zamanı borclunun ölkədən getmək hüququ məhkəmənin müvafiq qərarı ilə məhdudlaşdırılmışdır. Borclunun iş yerinin olduğu müəyyən edilmiş, icra sənədi üzrə tələb xx.xx.2024-cü il tarixdə onun iş yerinə göndərilmiş, lakin borclu iş yerindən öz ərizəsinə əsasən işdən azad edilmişdir. Bundan sonra da borclu müxtəlif vaxtlarda şöbəyə çağırılsa da onun tərəfindən çağırışlara məhəl qoyulmamış, icra məmurunun çağırışlarına gəlməkdən qərəzli olaraq yayınmışdır. Qeyd edilənlərə əsasən borclunun barəsində xx.xx.2025-ci il tarixdə axtarış haqqında qərar qəbul edilmiş və icra edilməsi üçün Zərdab rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu xx.xx.2025-ci il tarixdə saxlanılaraq şöbəyə təqdim edilmiş, borcluya hüquqları, vəzifələri və məsuliyyəti izah olunmaqla məhkəmə qərarının dövlətin adından çıxdığının və icrasının hər kəs üçün məcburi olduğu izah olunmasına baxmayaraq borclu müxtəlif bəhanələr gətirərək tələbi təmin etməmişdir. Hazırda borclunun tələbkara xx.xx.2025-ci il tarixədək 6997 manat ödənilməmiş aliment borcu qalmışdır. Ona görə də, məhkəmədən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında bildirmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 14-cü polis bölməsi ərazisində yaşayır. Barəsində olan məhkəmə qətnaməsindən xəbəri vardır, lakin işləmədiyi, maddi imkanı olmadığı üçün icra sənədi üzrə yaranmış aliment borcunu ödəyə bilmir. Yaxın günlərdə işlə təmin olunacaq və işlə təmin olunandan sonra borcunu ödəyəcəkdir. Qısa müddətə vaxt verilsə belə hazırda ödəniş etmək imkanı yoxdur. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ailəsinin maddi çətinlikləri mövcuddur, aliment məbləğinin ödənilməsini tələb edir. Məhkəmədən qeyd olunan halların nəzərə alınmasını xahiş edir. Məhkəmə inzibati xəta törətmiş şəxsi, protokolu müdafiə edən şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, inzibati xəta haqqında iş üzrə toplanmış sübutları tədqiq edərək və öz daxili inamı ilə qiymətləndirərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2 (007)-273/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2022-cü il tarixdən hesablanmaqla xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment və xx.xx.2021-ci il təvəllüdlü X3 3 üç yaşına çatanadək ona qulluğa görə hər ay 50 manat sabit pul məbləğində pul və mediasiya xərcinə görə 50 manat dövlət rüsumunun əvəzi olaraq 50 manat alınaraq X1 ödənilməlidir. İş materiallarında olan “icraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2 (007)-273/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya şöbəsində icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişlərin surətindən görünür ki, Şəxs bildirişi şəxsən qəbul etmiş, ona hüququ və vəzifələri, həmçinin məsuliyyəti izah olunmuşdur. İş materiallarına əlavə olunan Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(035)-377/2024 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından onun barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, Şəxs barəsində icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolun bir surəti imza etdirilməklə inzibati xətanı törətmiş şəxsə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı bir hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, həmçinin pul vəsaitinin (alimentin) ödənilməsi ilə bağlı icra sənədini icra etməyən şəxsin inzibati cərimə növündə tənbeh edilməsinin lüzumsuz olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs icra məmrunun qanuni tələbini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli 01 dekabr 2025-ci il, saat 20:30-dan hesablansın. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: CAVİD ABBASOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar