Məhkəmə qərarları › İş №3(035)-469/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-469/2025

04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-469/2025 04.12.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi, Rəsulov Rəsul Xalid oğlunun katibliyi, Zərdab rayon İcra və Probasiya şöbəsinin rəisi X5 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Zərdab rayonunun Məmmədqasımlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Zərdab rayonu, Məmmədqasımlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 04 dekabr 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya şöbəsinin rəisi X7 04 dekabr 2025-ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Zərdab rayon İcra və Probasiya şöbəsinin rəisi X7 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)- 245/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 22 sentyabr 2022-ci il tarixdən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat (yüz əlli) manat olmaqla ümumilkdə 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq X4 verilməlidir. Sözü gedən icra sənədi xx.xx.2024-cü il tarixdə Zərdab rayon İcra və probasiya şöbəsinin icratına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə, o cümlədən məhkəməyə bu barədə məlumat göndərilmiş, tələbin könüllü qaydada təmin edilməsi üçün borcluya könüllü icra barədə bildiriş göndərilərək icra etməsi üçün 10 gün vaxt verilmişdir. İcra sənədi üzrə borclu Şəxs tələbi təmin etməmiş və çağrışa gəlməmişdir. Eyni zamanda “Elektron İcra” İnformasiya sisteminə borclunun əmlak vəziyyəti ilə bağlı sorğu edilmiş, borclunun adına tələbin yönəldilməsi mümkün olan heç bir əmlak və gəlirlər müəyyən edilməmişdir. Görülmüş icra tədbirlərinə baxmayaraq borclu Şəxs yerini müəyyən etmək mükün olmamışdır. Ona görə də xx.xx.2023-cü il tarixdə borclu Şəxs barəsində axtarış qərarı qəbul edilrək icra edilməsi üçün Zərdab rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu Şəxs Zərdab rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saxlanılaraq Zərdab rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Borclu Şəxs hüquqları,vəzifələri və məsuliyyəti izah olunmaqla məhkəmə qərarı üzrə tələbi təmin etməli olduğu bildirilmişdir. Borclu tələbi təmin etmədiyi və icra məmurunun qanuni tələblərinə tabe olmadığı üçün barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Zərdab rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətində inzibati qaydada həbs edilmişdir. Bundan sonra verilmiş təqdimat əsasında Zərdab rayon məhkəməsinin 8(035)-4/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən icra sənədi üzrə borclu Şəxs ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Şəxs inzibati həbsdən çıxdıqdan sonra xəbərdarlıq təqdim olunaraq ona tələbi təmin etməsi üçün yeni müddət təyin edilmişdir. Ancaq icra sənədi üzrə borclu Şəxs tələbi təmin etməmiş və çağırışlara gəlməmişdir. Bunda sonra görülmüş icra tədbirləri nəticəsində borclunun İcra və Probasiya şöbəsinə gətrilməsi təmin edilmişdir. Borclu Şəxs bir daha hüquq və vəzifələri izah edilmiş, ona məsuliyyəti elan edilmiş, lakin, icra sənədi üzrə tələbi təmin etməmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilmişdir. Borclunun ünvanına xəbərdarlıq məktubu göndərilərək icra sənədi üzrə yaranmış alimant borcunu ödəməsi bildirilmişdir. Borclu tələbi təmin etməmiş və Zərdab rayon İcra və Probasiya şöbəsinə gəlməmişdir. Bundan sonra borclunun əmlak və gəlirləri təkrar sorğulanmış, borluya məxsus tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirləri müəyyən edilməmişdir. Borclunun icra məmurunun çağırışlarından yayındığını, tələbi icra etməməsini, həmçinin yaşayış yerinin müəyyən olunmamasını nəzərə alaraq barəsində xx.xx.2024-cü il tarixdə axtarış qərarı qəbul edilmiş və icra edilməsi üçün Zərdab RPŞ-nə gödərilmişdir. Axtarış işinin sürətlənməsi və borclunun tapılması barədə Zərdab RPŞ-nə müxtəlif vaxtlarda sonuncu dəfə xx.xx.2025-ci il tarixdə xatırlatma məktubu göndərilmişdir. Borclu xx.xx.2025-ci il tarixdə saxlanılaraq şöbəyə təqdim edilmiş, ona bir daha hüquq və vəzifələri, həmçinin məsuliyyəti izah olunmaqla dövlətin adından çıxan məhkəmə qərarının icrasının hər kəs üçün məcburi olduğu izah olunmasına baxmayaraq borclu müxtəlif bəhanələr gətirərək tələbi təmin etməmişdir. Hazırda borclunun tələbkara xx.xx.2025-ci il tarixədək 17100 manat ödənilməmiş aliment borcu qalmışdır. Ona görə də, məhkəmədən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında bildirmişdir ki, Zərdab rayonunu Məmmədqasımlı kəndində qeydiyyatdadır, hərdən iş olanda Bakı şəhərinə gedib fəhləlik edir. Barəsində olan məhkəmə qətnaməsindən xəbəri var. Əsəb xəstəliyindən əziyət çəkdiyi üçün yetərincə işləmədiyindən icra sənədi üzrə borcunu ödəyə bilmir. İşlə təmin olunacağı təqdirdə borcunu ödəyəcəkdir. Qısa müddətə vaxt verilsə belə hazırda ödəniş etmək imkanı yoxdur. Məhkəmə inzibati xəta törətmiş şəxsi və icra məmurunu dinləyərək, inzibati xəta haqqında iş üzrə toplanmış sübutları tədqiq edərək və öz daxili inamı ilə qiymətləndirərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-245/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs 22 sentyabr 2022-ci il tarixdən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat (yüz əlli) manat olmaqla, ümumilikdə 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq X4 verilməlidir. İş materiallarında olan “icraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2 (007)-245/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya şöbəsində icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişlərin surətindən görünür ki, Şəxs bildirişi şəxsən qəbul etmiş, ona hüququ və vəzifələri, həmçinin məsuliyyəti izah olunmuşdur. İş materiallarına əlavə olunan Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(035)- 52/2024 saylı inzibati xəta haqıqında iş üzrə qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarına əlavə olunan Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(035)- 169/2024 saylı inzibati xəta haqıqında iş üzrə qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarından görünür ki, Şəxs barəsində icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolun bir surəti imza etdirilməklə inzibati xətanı törətmiş şəxsə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsaəsn icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı bir hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, həmçinin pul vəsaitinin (alimentin) ödənilməsi ilə bağlı icra sənədini icra etməyən şəxsin inzibati cərimə növündə tənbeh edilməsinin lüzumsuz olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs icra məmrunun qanuni tələbini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli 04 dekabr 2025-ci il tarixdən saat 16:30-dan hesablansın. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: CAVİD ABBASOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar