Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-470/2025 05.12.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi, Rəsulov Rəsul Xalid oğlunun katibliyi, Zərdab rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 2000-ci ildə Zərdab rayonu, Körpükənd kəndində doğulmuş Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Zərdab rayonu, Körpükənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Zərdab rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 04 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında göstərmişdir ki, Zərdab rayon notariat ofisinin 8İ-3428 nömrəli, xx.xx.2025-ci il tarixli il icra sənədinə əsasən borclu Şəxs cəmi 13492 manat 47 qəpik (on üç min dörd yüz doxsan iki manat qırx yeddi qəpik) pul tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməli və Zərdab Rayon Məhkəməsinin e-2(035)-280/2025-008 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən imei kodu **********14493 olan HONOR X9B markalı telefon üçün ödənilməmiş hissə üzrə 982.9 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsuma görə 23.6 manat, cərimə borcuna görə 30 manat; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən HOFFMANN SOAC kondisiener üçün ödənilməmiş hissə üzrə 939.96 manat, cərimə borcuna görə 20 manat və ödənilmiş dövlət rüsumuna görə 45.24 manat, cəmi 2041.7 manat məbləğində pul tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədləri üzrə müvafiq qaydada icraata başlanılmış, icra sənədinin icrası ilə bağlı borclunun ünvanına göndərilmiş qərar və bildirişə heç bir münasibət bildirməmiş və məhkəmə qərarının icrasından üzürsüz səbəbdən yayınmışdır. Borclunun əmlak vəziyyətini öyrənmək üçün elektron-icra informasiya sistemi vasitəsilə sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı daşınar-daşınmaz əmlak aşkar edilməmişdir. Könüllü icra müddətində borclu tərəfindən tələb təmin olunmamışdır. Borclu xx.xx.2025-ci il tarixdə şöbəyə dəvət olunaraq izahatı alınaraq icra sənədi üzrə tələbləri icra etməsi tələb edilərək xəbərdarlıq şəxsən təqdim olunmuş, 10 gün yeni icra müddəti verilmişdir. Lakin bu müddət ərzində də tələb borclu tərəfindən təmin edilməmişdir. Bundan sonra borclu xx.xx.2025-ci il tarixdə şöbəyə çağırılmış və izahatı alınaraq icra sənədləri üzrə tələbləri təmin etməsi tələb edilsə də heç bir icra sənədi üzrə tələbi tam təmin etməmiş, nəvaxt imkanı olacağı təqdirdə ödənişi edəcəyini bildirərək, icra məmurumun qanuni tələbini yerinə yetirməyərək, iş otağında icra məmurunun iş masasına əlini çırparaq təkrar vurğulayaraq imkanı çatdığı qədər ödəniş edəcəyini bildirmişdir. Bununla da Azərbaycan Respublikası adından çıxan qərarı icra etməmişdir. Ona görə də, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə prosesinin gedişində borclu tələbkar "xxxx" MMC-yə olan borcundan 402 manatını ödəmişdir. Borclunun nəzərinə çatdırmaq istəyir ki, "xxxx" ASC-yə olan borcunun ödənilməsi ilə bağlı tələbkar bankla razılaşıb icra və probasiya şöbəsinə məlumat versin. Protokolun təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, haqqında məhkəmə qərarlarının olduğunu bilmiş, lakin, maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Hazırda məhkəmə prosesinin gedişində tələbkar "xxxx" MMC-yə olan borcundan 402 manatını ödəmişdir, qalan borcunu da qısa müddət ərzində ödəyəcəkdir. "xxxx" ASC-yə olan borcunu isə tələbkarla razılaşaraq hissəvi şəkildə ödəyəcəkdir. Ona görə də barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə Zərdab rayon İcra və probasiya şöbəsinin icra məmurunu və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Zərdab rayon notariat ofisinin 8İ-3428 nömrəli, xx.xx.2025-ci il tarixli il icra sənədindən görünür ki, borclu Şəxs cəmi 13492 manat 47 qəpik (on üç min dörd yüz doxsan iki manat qırx yeddi qəpik) pul tutularaq tələbkar Kapital Bank ASC-nin xeyrinə ödənilməlidir. Zərdab Rayon Məhkəməsinin e-2(035)-280/2025-008 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən imeı kodu olan **********14493 HONOR X9B markalı telefon üçün ödənilməmiş hissə üzrə 982.9 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsuma görə 23.6 manat, cərimə borcuna görə 30 manat; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən HOFFMANN SOAC kondisiener üçün ödənilməmiş hissə üzrə 939.96 manat, cərimə borcuna görə 20 manat və ödənilmiş dövlət rüsumuna görə 45.24 manat, cəmi 2041.7 manat məbləğində pul tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərdab Rayon Məhkəməsinin e-2(035)-280/2025-008 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya şöbəsində icra sənədi üzrə icraata başlanılmışdır. “İcraata başlamaq haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərdab rayon notariat ofisinin 8İ-3428 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi əsasında Zərdab rayon İcra və Probasiya şöbəsində icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2025-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, Şəxs müvafiq bildirişi şəxsən qəbul etmiş, ona hüquq və vəzifələri, həmçinin məsuliyyəti izah olunmuşdur. xx.xx.2025-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, Şəxs "xxxx" MMC-yə olan borcundan 402 manatını ödəmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən bir icra sənədi üzrə tələb hazırda icra edilir, onun icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi halı şəxsin borc məbləğinin müəyyən hissəsini ödəməsi və qalan borcunu və digər icra sənədi üzrə də tələbkarla razılığa gələrək hissəhissə ödəməyə söz verməsi ilə aradan qalxmışdır. Məhkəmə hesab edir ki, icra sənədinin icrasının təmin olunması istiqamətində icra məmuru tərəfindən yetərincə icra hərəkətləri həyata keçirilmiş olsaydı, icra mərhələsində də analoji nəticəni əldə etmək, icra sənədləri üzrə tələbkarın tələblərinin qismən də olsa təmin edilməsinə nail olmaq mümkün olardı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Məhkəmə işin müəyyən olunan faktiki hallarına əsaslanaraq və yuxarıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəxs əməlinin icra sənədinin icrasından üzürsüz olaraq boyun qaçırmaq, icra məmurunun qanuni tələblərini yerinə yetirməmək kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Ona görə də məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: CAVİD ABBASOV
Məhkəmə qərarları › İş №3(035)-470/2025
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-470/2025
05.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver