Məhkəmə qərarları › İş №3(035)-472/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-472/2025

05.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-472/2025 05.12.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Cavid Mehman oğunun sədrliyi, Rəsulov Rəsul Xalid oğlunun katibliyi, Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxx 1983-cü il tarixdə Zərdab rayonunun Çallı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə subay, ali təhsilli, fərdi əməklə məşğul olan, Zərdab rayonu, Çallı kəndində qeydiyyatda olmaqla, hazırda Bakı şəhəri Böyükşor qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 05 dekabr 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 05 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Zərdab rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri 54 saylı notariat ofisinin 8i-26723 nömrəli, xx.xx.2024cü il tarixli icra qeydinə əsasən borclu Şəxs cəmi 135 manat pul tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməli, Zərdab Rayon Məhkəməsinin e-2(035)-06/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 10750,02 manat pul tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədləri müvafiq olaraq Zərdab rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun yaşadığı ünvana göndərilmiş, tələbi təmin etməsi üçün könüllü vaxt verilmişdir. Borclu icra sənədində qeyd olunan öhdəliyi könüllü şəkildə icra etmədiyi üçün, onun barəsində məcburi icra hərəkətləri aparılaraq əmlak və gəlirləri yoxlanılmış, lakin borcluya məxsus olan əmlak və gəlirlər aşkar edilməmişdir. Borclu icra sənədi üzrə tələbi təmin etməmiş və Zərdab rayon İcra və Probasiya şöbəsinə gəlməmişdir. Borclunun yaşayış yeri müəyyən olunmadığı üçün barəsində axtarış qərarı qəbul edilərək aidiyyatı üzrə Zərdab rayon Polis Şöbəsinə göndərilmişdir. Zərdab RPŞ-nin əməkdaşları tərəfindən borclunun Zərdab RİPŞ-yə gətirilməsi təmin edilmiş, borclunun izahatı alınmış, ona hüquq və vəzifələri və məsuliyyəti elan olunmuşdur. Lakin, borclu tələbi təmin edə bilməyəcəyini birdirərək, icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətani törətmişdir. Ona görə də, məhkəmədən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Zərdab rayonunun Çallı kəndində qeydiyyatda olsa da, Bakı şəhəri Böyükşor qəsəbəsində yaşayır. Ali təhsillidir, Azərbaycan dili və Ədəbiyyat müəllimidir. "xxxx" ASC-yə olan kreditini müəllim işləyərkən götürmüşdür. Sonradan ailəsi dağıldığından müəllimlik fəaliyyətinə xitam vermiş, yaşadığı kəndi tərk edərək Bakı şəhərinə getmişdir. Hazırda Bakı şəhərində ustalıqla məşğuldur. Borcundan ödəniş etmək imkanı yoxdur. Lakin, 10-15 gün ərzində borcundan ödənişlər edəcəkdir. Məhkəmədən izahatının nəzərə alınmasını xahiş edir. Məhkəmə icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri 54 saylı notariat ofisinin 8i-26723 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydindən görünür ki, borclu Şəxs cəmi 135 manat pul tutularaq tələbkar Azpul MMC-nin xeyrinə ödənilməlidir. Zərdab Rayon Məhkəməsinin e-2(035)-06/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs cəmi 10750,02 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Kapital Bank ASC-nin xeyrinə ödənilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri 54 saylı notariat ofisinin 8i-26723 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində iş üzrə icraata başlanmışdır. “İcraata başlamaq haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərdab Rayon Məhkəməsinin e-2(035)-06/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində iş üzrə icraata başlanmışdır. “Tələbin könüllü icrası haqqında” bildirişlərin surətindən görünür ki, müvafiq icra sənədləri üzrə icraata başlamaq haqqında qərarların surəti Şəxs göndərilmiş, ona tələbi könüllü icra etməsi üçün 10 gün müddət təyin edilmiş və məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Borclunun axtarışı haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından onun barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, Şəxs barəsində icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolun bir surəti imza etdirilməklə inzibati xətanı törətmiş şəxsə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsaəsn icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı bir hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı protokolu tərtib edən şəxsin və inzibati xəta törətmiş şəxsin izahatından, tədqiq edilən iş materiallarından müəyyən olundu ki, borclu icra sənədlərinə münasibətdə icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirməmişdir. Ona görə də məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs icra məmrunun qanuni tələbini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli, ilk dəfə inzibati məsuliyyətə cəlb olunması, ali təhsilli müəllim olaraq onun şəxsiyyətini müsbət xaraketrizə edən halların olması nəzərə alınaraq barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə olmaqla inzibati tənbeh növü olan cərimə tətbiq edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Zərdab rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Cavid Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar