Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-482/2025 26.12.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi, Həsənov Anar Məhəmməd oğlunun katibliyi İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin rəisi X3 tərəfindən qəbul olunmuş 05 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin rəisi X3 tərəfindən qəbul olunmuş 05 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Zərdab rayon Prokurorluğunun göndərişi əsasında X4 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin rəisi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə olunmuşdur. Belə ki, Zərdab rayonu Qoşaoba kəndi ərazisində yerləşən dövlət mülkiyyətinə aid 69.9995 ha torpaq sahəsini icarə münasibətləri əsasında istifadə edir. Buna əsasən həmin ərazidə çoxillik bitki olan yonca bitkisi əkir və yonca sahəsində şum, səpin, suvarma və.s işləri şifahi şəkildə razılaşdığı şəxs və ya şəxslərlə həyata keçirir. Qeyd etmək istəyir ki, işlər konkret şəxslər tərəfindən deyil, işin görüldüyü zamanda uyğun olan (vaxt, qiymət) şəxslər tərəfindən həyata keçirilir. İl ərzində toplam 3 və ya 4 günlük işlər olur və həmin şəxslərlə aralarında heç bir halda əmək münasibətləri yaranmır. Təsərrüfatında işləyən şəxslər ona qısamüddətli xidmətlər göstərirlər, o isə bunun qarşılığında onların pullarını ödəyir. Qeyd edir ki, xidmətlərin bəziləri hətta 1-2 saat arasında həyata keçirilir. Barəsində qərar qəbul edilən zaman bu hallar nəzərə alınmamışdır. Həmin şəxslərlə aralarında olan münasibətləri əmək münasibətləri kimi qiymətləndirib barəsində əsassız qərar qəbul edilmişdir. İnzibati orqan onun iştirakı və xəbəri olmadan qərar qəbul etmiş və müdafiə imkanlarını məhdudlaşdırmışdır, tənbeh tətbiq edən zaman onu vəzifəli şəxs kimi qiymətləndirmiş və buna əsasən 3000 manat miqdarında cərimə tətbiq etmişdir. Bildirir ki, xx.xx.2018-ci il tarixdən vergi ödəyicisidir və buna əsasən ona № ********** saylı VÖEN verilmişdir. Həmin VÖEN-ə əsasən fiziki şəxs kimi fəaliyyət göstərir. Əmək münasibətlərindən fərqli olaraq, mülki hüquq münasibətləri əsasən istər hüquqi, istərsə də faktiki cəhətdən tərəflərin bərabərliyinə əsaslanan münasibətlərdir və mülki qanunvericiliyin təməl prinsiplərindən biri olaraq mülki hüquq subyektlərinin bərabərliyi qəbul edilmişdir. Məhz bu səbəbdəndir ki, mülki münasibətləri tənzimləyən mülki hüquq normaları mahiyyətcə daha çox dispozitiv xarakterli olmaqla, tərəflərin azad iradə ifadəsi ilə müəyyən etdikləri müqavilə şərtləri üzrə tənzimetməyə üstünlük verir. Onun təsərrüfatında işləmiş şəxslərlə aralarında heç bir əmək münasibətləri formalaşmamış, onlar müstəqil şəkilə qısamüddətli xidmət göstərmişlər. Hesab edir ki, barəsində qəbul edilmiş qərar əsasız olduğu üçün ləğv edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında işə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X2 şikayətin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində rəsmi olaraq işləyir. Eyni zamanda Zərdab rayonu ərazisində torpaq sahələri icarəyə götürüb fiziki şəxs kimi kənd təsərrüfatı ilə məşğul olur. Həmin torpaq sahələrinin təxminən 30-40 ha hissəsində yonca və pambıq əkir. Sərxan adlı şəxs cari il ərzində bir dəfə onun təsərrüfatında olan yonca sahəsində biçin işlərini görmüşdür. Əvvəlki illərdə Şahid2 onun təsərrüfatında biçin işlərini görməmiş, 2024-cü ildə bir dəfə şumlama işini görmüşdür. Təsərrüfatındakı əkin sahəsində suvarma işini isə bir il ərzində iki dəfə olmaqla (altı aydan bir) Tacəddin adlı şəxs görmüşdür. Şahid3 təkcə onun əkin sahəsini deyil, başqa şəxslərin də əkin sahələrində suvarma işlərini görür. Çox vaxt əkin sahələrini özləri suvarır, lazım olanda kim boşdursa, köməyə çağırırlar, gəlib suvarma işlərini görür və sonda görülmüş işə görə muzd ödəyir. Şahid2 və Şahid3la aralarında işçi - işəgötürən münasibəti olmamış, yalnız görəcəyi işin müqabilində əvvəlcədən razılaşdıqları kimi, onlar işlərini görüb qurtardıqdan sonra zəhmət haqqı vermişdir. Eyni işləri başqa şəxslərlə də şifahi razılıq əsasında görmüşdür. Zərdab rayon Prokurorluğunda araşdırma aparıldıqdan sonra onun barəsində hər hansı qərarın qəbul edilməsindən xəbəri olmamış, inzibati orqan tərəfindən qərarın surəti ona göndərilməmişdir. Qərar qəbul olunandan təxminən bir ay sonra “ASAN pay” vasitəsilə ona göndərilən sms məlumat əsasında 3000 manat məbləğində cərimə olunmasını bilmişdir. Barəsində qəbul olunmuş qərarla razı deyildir, şikayətinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında göstərdi ki, kənd təsərrüfatı işləri ilə məşğul olur. Rüstəm Rüstəmovla ortaq təsərrüfat qurmuşlar, Ucar-Zərdab yolunun üzərində Quşçuluq deyilən ərazidə xırda buynuzlu heyvan saxlayırlar. Şahid2 və Şahid3 tanıyır. Şahid3 əkin sahələrində yaz və payız ayları ərzində hər dəfə 2-3 gün ərzində hektarı 25 manata əvvəlcədən razılaşdıqları şərtlə suvarma işlərini görmüşdür. Əksər vaxt suvarma işlərini şəxsən özü görmüşdür. Şahid2 isə 2025-ci il ərzində cəmi iki dəfə yonca sahəsində biçin işlərini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 izahatında göstərdi ki, fərdi əməklə məşğul olur, Zərdab rayonu ərazisində olan əkin sahələrində suvarma işlərini görməklə qazanc əldə edir. Zərdab rayonu ərazisində kim dəvət edirsə, torpaq sahəsinin hər hektarına 20-25 manat müqabilində suvarma işlərini görür. Rüstəm Rüstəmovu 2022-ci ildən tanıyır, onunla təsadüfən tanış olmuşdur. Rüstəm Rüstəmova məxsus təsərrüfat sahəsində il ərzində iki dəfə olmaqla yaz və payız aylarında 5-10 gün ərzində suvarma işlərini görmüş, sonra da başqa şəxslərə məxsus torpaq sahələrində suvarma işlərini görməyə getmişdir, daimi işlədiyi yer yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında göstərdi ki, özünə məxsus olan traktorla əkin sahələrində biçin işlərini görərək qazanc əldə edir. Əvvəlcədən razılaşaraq torpaq sahəsinin hər hektarına 30-35 manat qarşılığında işini görür. Traktor sürücüləri ilə Zərdab rayonu ərazisində, “dörd yol” adlanan ərazidə yığışırlar, ehtiyacı olan şəxslər orada onlara müraciət etdikdən sonra əvvəlcədən qiymətlə bağlı razılaşıb həmin şəxslərin işlərini görürlər. Rüstəm Rüstəmovu təxminən bir il olar ki, tanıyır, əvvəlcə onun şəriki İlhamı tanımışdır və onların əkin sahələrində biçin işlərini görmüşdür. İlham da başqaları kimi “dörd yol” adlanan əraziyə gələrək onun topaq sahəsində biçin işlərinin aparılmasını ona təklif etmiş, o da təxminən həmin sahədə 1-2 saat ərzində işini görüb əvəzində pulunu alıb getmişdir. Torpaq sahələrində şumlama işləri görmür, çünki texnikası bu işi görməyi dəstəkləmir. Bir dəfə İlhama torpaq sahəsində şumlama işlərini görməyə kömək etmişdir. Daimi iş yeri yoxdur, kiminləsə əmək münasibətlərində olmaq ona sərf eləmir, özü istədiyi şərtlərlə razılaşıb işini görür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Zərdab Rayon Prokurorluğunun 81-C/25 saylı materialına əlavə olunan xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış materiallar üzrə cinayət tərkibinin olması müəyyən olunmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, X1 əməlində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinin tərkibi olduğundan toplanmış materialın ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır. Zərdab rayon Prokurorluğunun “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, xx.xx.1980-cı il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respulikası vətəndaşı, evli, ali təhsilli, fərdi sahibkarlıqla məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan vəzifəli şəxs X2 (VÖEN: **********) barəsində Azərbaycan Resublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmış, müvafiq qərar və toplanmış material şəxsin barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinə göndərilmişdir. X4 Xidmətinin Mərkəzi Aran Regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Resublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Zərdab Rayon Prokurorluğunun 81-C/25 saylı materialına əlavə olunan "xxxx" MMC ilə bağlanılmış icarə müqavilələrinin surətlərindən görünür ki, X2 "xxxx" MMC-dən Zərdab rayonu, Qoşaoba kəndi ərazisində yerləşən ümumilikdə 69.9995 ha torpaq sahəsini icarəyə götürmüşdür. X7 Uçotu haqqında Şəhadətnamədən görünür ki, X2 vergi orqanında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs kimi (VÖEN: **********) uçotdadır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən əldə olunan şəxsi məlumatlardan görünür ki, X2 Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində “bölmə komandiri” vəzifəsində işləyir. Məhkəmə şikayət verən şəxs X1, şahidlərin izahatlarını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən ilk növbədə aşağıdakı qanunvericilik aktlarına diqqət yetirməyi zəruri hesab edir. Azərbaycan Resublikası Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən bu Məcəllə işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin əsas anlayışlardan bəhs edən 3-cü maddəsində qeyd olunmuşdur ki, işçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında “müəssisələr”), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. Həmin Məcəllənin 4-1-ci maddəsinə əsasən Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Həmin Məcəllənin 6-cı maddəsinin tələbinə görə bu Məcəllə podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə şamil edilmir. Həmin Məcəllənin 7.2-ci maddəsinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Həmin Məcəllənin 7-ci maddəsinin 2-3.4-cü hissəsinin tələbinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329-cu maddəsinin 2 və 3-cü bəndlərinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Əmək qanunvericiliyinin pozulması” adlanan 192-ci maddəsinin İ hissəsində nəzərdə tutulan inzibati xətanın obyektiv cəhətini Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi təşkil edir. Azərbaycan Resublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki hüquqi məzmunlu ola bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olubolmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə araşdırmasının nəticəsi olaraq məhkəmə bu nəticəyə gəlir ki, inzibati xəta haqqında qərar qəbul etmiş orqanın gəldiyi nəticə əsassızdır. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, mövcud hüquq münasibətləri iş üzrə şikayətçi X1 Zərdab rayonu, Qoşaoba kəndi ərazisində yerləşən 69.9995 ha torpaq sahəsində yonca və pambıq məhsullarının əkin-biçini və həmin sahənin suvarılması zərurətindən törəmişdir. Qeyd olunan zərurətlə bağlı Şahid2 və Şahid3 ilə X2 arasında şifahi razılıq əldə edilmiş və göstərilən işlərin icrası sözügedən şəxslərə həvalə olunmuşdur. Onlar iş üzrə şahid qismində dindirilmiş və verilən izahatlardan, həmçinin digər iş materiallarından müəyyən edilmişdir ki, tərəflər arasında razılaşdırılan xidmətlərin realizəsi əmək münasibətlərinin xarakterik xüsusiyyətləri ilə müşayiət olunmamış, tərəflər arasındakı münasibətlər işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətli olmamış, əksinə istər hüquqi, istərsə də faktiki cəhətdən tərəflərin bərabərliyi, iradə sərbəstliyi, əmlak müstəqilliyi və müqavilə azadlığında ifadə edilən mülki hüquqi kontektsdə olmuşdur. Belə ki, mövcud razılaşma ilə tərəflər götürdükləri öhdəliklərin həcmini, məzmununu və icra müddətini, habelə göstərilən xidmət qarşılığında ödəniləcək muzdun məbləğini dəqiq müəyyən etmiş, bununla da münasibətlərin daimi axımı, mütəmadiliyi və sistematikliyi istisna edilmişdir. Bundan başqa, torpaq sahəsinin biçin işlərində istifadə edilən traktor Şahid2 məxsus olmuş, nəticədə o, öhdəsinə götürdüyü işlərin icrasını öz mülkiyyətində olan predmetlə, öz məsuliyyəti həddində həyata keçirmişdir ki, bu da yaranmış münasibətlərin bərabər koordinasiyada aparıldığına və əmək münasibətlərinə xas olan, işəgötürənin əmlakından istifadə ilə bağlı maddi məsuliyyətlə əhatələnmədiyinə dəlalət edir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şahid2 və Şahid3 şikayətçinin icarəsində olan torpaq sahəsinin əkin-biçini və suvarılması ilə bağlı mükəlləfiyyətləri əmək münasibətlərini xarakterizə edən xüsusi rejimdə (iş vaxtı, daxili intizam qaydaları və s.) şərtləşdirilməmiş, yaranmış münasibətlərin xitamı anı öhdəliklərin tam icrası vaxtı ilə eyniləşdirilmişdir. Göründüyü kimi, səlahiyyətli orqan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində göstərilən inzibati xətanın mövcud olması barədə nəticəyə işin yuxarıda göstərilən hallarını nəzərə almadan gəlmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik aktlarını, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyi rəhbər tutaraq qeyd edir ki, X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri mövcud olmadığından şikayət təmin edilməli, X2 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin rəisi X3 tərəfindən qəbul olunmuş 05 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 53, 128, 130, 131-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin rəisi X3 tərəfindən qəbul olunmuş 05 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: CAVİD ABBASOV
Məhkəmə qərarları › İş №3(035)-482/2025
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-482/2025
26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver