Məhkəmə qərarları › İş №3(035)-485/2025

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-485/2025

26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-485/2025 26.12.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi, Həsənov Anar Məhəmməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsulliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X2 iştirakı ilə, Hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına 26 dekabr 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Zərdab Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) tərəfindən xx.xx.2025-ci il tarixdə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində **********2425 və **********2418 sorğu nömrəli gömrük bəyannamələri ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilən Çin Xalq Respublikasından şirkətin ünvanına gələn 2 (iki) ədəd nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 09 noyabr 2025-ci il tarixdə “Samur” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin nəqliyyat vasitələrinə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “avtomobil nəqliyyatı” barədə çıxarışdan xx.xx.2025-ci il tarixli **********2425 və **********2418 sorğu nömrəli gömrük bəyannamələrindən görünür ki, Şəxs ünvanına gələn 2 (iki) ədəd nəqliyyat vasitələri “Samur” gömrük postunu 09 noyabr 2025-ci il tarixdə keçmişdir və Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl həmin nəqliyyat vasitələrinə dair qısa idxal bəyannaməsi verilməmişdir. İnzibati xəta haqqında iş üzrə araşdırma aparılarkən hüquqi şəxsin nümayəndəsi X2 izahatı alınmış, o, izahatında işçisi olduğu Şəxs ünvanına xx.xx.2025-ci il tarixli **********2425 və **********2418 sorğu nömrəli gömrük bəyannamələri ilə rəsmiləşdirilən 2 (iki) ədəd nəqliyyat vasitələrinin gəldiyini, lakin, həmin nəqliyyat vasitələrinə dair sürücü tərəfindən məlumat verilmədiyindən yuxarıda qeyd olunan nəqliyyat vasitələrinin bəyan edilmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə inzibati xəta haqqında işə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs qanuni təmsilçisi X3 məhkəmə iclasında inzibati xətanın törədilməsini etiraf edərək izahatında bildirmişdir ki, Çin Xalq Respublikasından 2 (iki) ədəd BYD SEAL 05 (Plug-in-hibrid benzin) minik markalı nəqliyyat vasitələri ölkə ərazisinə gətirilmişdir. Lakin, həmin nəqliyyat vasitələri gömrük sərhədindən keçirilməzdən əvvəl sürücü tərəfindən məlumat verilmədiyindən yuxarıda qeyd olunan nəqliyyat vasitələri bəyan edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Şəxs MMC-nin ünvanına gələn **********2425 və **********2418 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan olunan 2 (iki) ədəd minik avtomobili “Samur” gömrük postundan ölkə ərazisinə daxil olarkən qısa idxal bəyannaməsi təqdim edilməmiş və bununla da Gömrük Məcəlləsinin 113.1ci maddəsinin tələbləri pozulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli gömrük bəyannamələrindən görünür ki, 2 (iki) ədəd BYD SEAL 05 (Plug-in-hibrid benzin) minik markalı nəqliyyat vasitələri ölkə ərazisinə gətirilmişdir. Malı qəbul edən, idxalatçı Şəxsdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli malın çatdırılması və boşaldılması haqqında Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan əldə olunan xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, idxalatçı Şəxsnə Çin-Azərbaycan hərəkət marşurutu ilə gətirilən malların xx.xx.2025-ci il tarixdə ölkə ərazisinə daxil olması qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş barəsində icraata aparılan şəxsin sorğu-sual edilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs işçisi X3 2 (iki) ədəd nəqliyyat vasitələrinin ölkə ərazisinə gətirilməzdən əvvəl bəyan edilmədiyini etiraf etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə qaydaları”nın 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs və nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs tərəfindən 2 (iki) ədəd nəqliyyat vasitəsinin “Samur” gömrük postundan ölkə ərazisinə daxil olmazdan qısa idxal bəyannaməsi təqdim edilmədiyi, bununla da Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələbləri pozularaq həmin hüquqi şəxs tərəfindən İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam şəkildə sübuta yetirilmişdir. Məhkəmə işin hallarını, inzibati xətanın xarakterini və hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən İXM-in 31.3-cü maddəsi ilə nəzərdə tutulmuş digər halları nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməklə barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 31, 40, 48-51, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Zərdab rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM CAVİD ABBASOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar