Məhkəmə qərarları › İş №3(035)-548/2024

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-548/2024

20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-548/2024 20.08.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X3 Elxan oğlunun sədrliyi Həsənov Anar Məhəmməd oğlunun katibliyi Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X6 oğlunun İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1968-ci ildə Zərdab rayonu Alıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, işləməyən, Zərdab rayonu Əlibəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 20 avqust 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X5 20 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X5 izahatında göstərmişdir ki, Zərdab rayon Məhkəməsi tərəfindən verilmiş 2(035)-713/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən X1 və Şəxs 1082.02 manat alınaraq BOKT "xxxx" MMC-yə və Zərdab rayon Məhkəməsinin 2(035)-1022/2014 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən X1 və Şəxs əsas borca görə 1065.34 manat müştərək qaydada tutularaq BOKT "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İcra vərəqələri Zərdab rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birgə borclunun könüllü icra etməsi üçün yaşadığı ünvanına göndərilmişdir. Borclu icra vərəqəsində qeyd olunan öhdəliyi könüllü şəkildə icra etməməsi səbəbindən onun ünvanına inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq göndərilməsinə baxmayaraq, borclu çağırışlara gəlməmiş və öhdəliyi icra etməmişdir. Borclu çağırışlara gəlmədiyindən, tələbi təmin etmədiyindən barəsində məcburi gətirmə qərarı qəbul edilmişdir. Ancaq borclu yenə tələbi təmin etməmiş və çağırışlara gəlməmişdir. Bundan sonra görülmüş icra tədbirləri nəticəsində borclunun rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi təmin edilmişdir. Borcluya hüquqları, vəzifələri və məsuliyyəti izah olunmaqla məhkəmə qərarının dövlətin adından çıxdığının və icrasının hər kəs üçün məcburi olduğu izah olunmasına baxmayaraq borclu müxtəlif bəhanələr gətirərək tələbi təmin etməmiş, məhkəmə qərarının icrasından yayınmağa çalışmışdır. Bu da dövlətin adından çıxmış qərarın və icra sənədində göstərilən tələbin icrasız qalmasına və tələbkarın haqlı narazılığıına səbəb olmuşdur. Ona görə də, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, maddi imkanı olmadığı, zamanla səhhətində yaranan xəstəlikləri səbəbindən icra sənədinə bu günə qədər icra etməmişdir. Ancaq vaxt verilərsə borcunun hissə-hissə ödənişlərini təmin eədəcəkdir. Məhkəmə icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Belə ki, işdə olan ******* saylı protokola əlavədən görünür ki, Zərdab rayon Məhkəməsi tərəfindən verilmiş 2(035)-713/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən X1 və Şəxs 1082.02 manat alınaraq BOKT "xxxx" MMC-yə və Zərdab rayon Məhkəməsinin 2(035)- 1022/2014 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən X1 və Şəxs əsas borca görə 1065.34 manat müştərək qaydada tutularaq BOKT "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İşdə olan icraata başlama haqqında xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarlardan görünür ki, Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İş materiallarından görünür ki, borclu Şəxs barəsində icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolun bir surəti imza etdirilməklə inzibati xətanı törətmiş şəxsə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət yaranır. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı bir hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatından, tədqiq edilən iş materiallarından müəyyən olundu ki, borclu Şəxs Zərdab Rayon Məhkəməsinin 2(035)-713/2018 saylı, xx.xx.2018-ci il və 2(035)-1022/2014 saylı, xx.xx.2018ci il tarixli icra sənədləri üzrə icra məmurunun tələbini qərəzli olaraq yerinə yetirməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, Şəxs Zərdab Rayon Məhkəməsinin 2(035)- 713/2018 saylı, xx.xx.2018-ci il və 2(035)-1022/2014 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmrunun qanuni tələbini yerinə yetirmədiyi üçün onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibini yaratmışdır. O, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli 20 avqust 2024-cü il tarixdən saat 17:25-dən hesablansın. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar