Məhkəmə qərarları › İş №3(035)-623/2024

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-623/2024

26.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-623/2024 26.09.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Mən, Zərdab Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən X7, Rəsulov Rəsul Xalid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs, Zərdab RPŞ-nin İTBnin polis sahə rəisi X1 iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Zərdab şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “MKT İstehsalat Kommersiya MMC”-də mühəndis vəzifəsində çalışan, Zərdab şəhəri, Azərbaycan küçəsi, ev 42-də qeydiyyatda olan və Zərdab şəhəri, Fizuli küçəsi ev 32-də yaşayan yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510cu və 535.1-ci maddələri ilə inzibati xətaları törətməsinə dair Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d im : Şəxs 25 sentyabr 2024-cü il tarixdə, saat 19:30 radələrində Zərdab şəhəri, Azərbaycan küçəsində ucadan nalayiq ifadələr işlədərək, polisin qanuni tələbinə qəsdən tabe olmamış, daha sonra, polis əməkdaşlarının səyi nəticəsində Zərdab RPŞ-yə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Bu barədə Zərdab rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən 25 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün Zərdab Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Zərdab RPŞ-nin polis sahə rəisi X2 tərtib etdiyi protokolların məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, Şəxs 25 sentyabr 2024-cü il tarixdə, saat 19:30 radələrində Zərdab şəhəri, Azərbaycan küçəsində ucadan nalayiq ifadələr işlədərək, polisin qanuni tələbinə qəsdən tabe olmamış, daha sonra, polis əməkdaşlarının səyi nəticəsində Zərdab RPŞ-yə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən, yəni İXM-nin 510-cu maddəsi ilə deyil, 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 25 sentyabr 2024-cü il tarixdə atası Soltanəli Cavadovun mülkiyyətində olan “Qaz 24” markalı avtomobillə orta səviyyədə maqnitafon oxudaraq Azərbaycan küçəsinə getmiş, orada “Köz dönər” adlı yerdə avtomobili saxlamışdır. Bu zaman orada təsadüfən Ruslan adlı tanıdığı şəxslə qarşılaşmış və sonuncu ondan idarə etdiyi “Vaz 2107” markalı avtomobilində yaranmış nasazlıqla bağlı avtomobilə baxmasını xahiş etmişdir. O, Ruslanın bu xahişini qəbul etmiş, Ruslan özünə məxsus avtomobili idarə etmiş, o isə Ruslanın yanında sərnişin oturacağında əyləşərək birlikdə avtomobili yoxlamaq üçün hərəkətə başlamışlar. Daha sonra, Ruslan onu idarə etdiyi “Qaz 24” markalı avtomobilin yanına gətirmişdir. Bu zaman həmin yerə Zərdab RPŞ-nin yol patrul əməkdaşları yaxınlaşmışlar. Yol polisinin avtomobilindən düşən polis əməkdaşı ondan avtomobili idarə etmək üçün sənədlərinin olub-olmamasını soruşmuş, o isə heç bir sənədinin olmadığını bildirmişdir. Belə olan halda yol polisi əməkdaşı avtomobilin duracağa yerləşdirilməsini təklif etmiş, o, ilk öncə bu hala qəzəblənmiş, idarə etdiyi avtomobili duracağa yerləşdirməkdən imtina etmişdir. Daha sonra, yol polisi əməkdaşının səyi nəticəsində onun idarə etdiyi avtomobil digər yol polisinin müşaiyəti ilə Zərdab RPŞnin duracağına yerləşdirilmiş və o isə RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. Lakin o nə hadisə vaxtı, nə də hadisədən sonra heç bir nalayiq ifadələr işlətməmişdir. Odur ki, evli olmasının, himayəsində azyaşlı uşaqlarının olmasının nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid, Zərdab RPŞ-nin DYPB-nin baş inspektoru X8 izahatında göstərdi ki, 25 sentyabr 2024-cü il tarixdə saat 19:30 radələrində Zərdab şəhərində xidmətdə olarkən Şəxs “Qaz 24” markalı avtomobili idarə etməsini görmüşdür. O və Zərdab RPŞ-nin DYPB-nin inspektoru X6 Cavadovun idarə etdiyi avtomobilin işıq cihazlarında olan nasazlıqla əlaqədar sonuncunu saxlamaq məqsədilə arxasınca getmişlər. Şəxs idarə etdiyi avtomobili Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşən sərt döngədə saxladığından onlar həmin yerə yaxınlaşarkən artıq Məhəmmədi avtomobilindən düşmüş vəziyyətdə görmüşlər. O, Məhəmmədə yaxınlaşaraq inzibati hüquq pozmasını izah etmiş (bu zaman səs mikrafonu onda deyil, yolda hərəkəti tənzimləyən və ondan kənarda olan Nicat İsmayılovda olmuşdur) və sonuncudan sənədlərini tələb etmişdir. Məhəmməd avtomobili idarə etmək üçün heç bir sənədinin olmadığını qeyd etdikdə, o, Məhəmmədə avtomobilin duracağa yerləşdirilməsinin zəruriliyini vurğulamışdır. Məhəmməd həmin zaman ucadan nalayiq ifadələr işlədərək onun qanuni tələbinə tabe olmamış və bu zaman həmin ərazidə xidmət aparan Məhəmməd Rəsullu da bu halın şahidi olmuşdur. Eyni zamanda, Nicat İsmayılov da onlara yaxınlaşmış və Şəxs birlikdə nizam intizama dəvət etsələr də, sonuncu buna yenidən məhəl qoymamışdır. Lakin sonradan Məhəmmədin idarə etdiyi avtomobil Zərdab RPŞ-nin duracağına yerləşdirilmiş və o isə RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. Məhkəmə iclasında iştirak edən digər şahidlər Zərdab RPŞ-nin DYPB-nin inspektoru X4 və RPŞ-nin DYPB-nin inspektoru X3 şahid Vasif Sadıqovun izahatına uyğun, oxşar məzmunlu izahatlar verərək göstərilən xüsusatları bir daha təsdiq etdilər. İşdə olan sənədlərdən, o cümlədən raportdan görünür ki, Şəxs 25 sentyabr 2024-cü il tarixdə, saat 19:30 radələrində Zərdab şəhəri, Azərbaycan küçəsində ucadan nalayiq ifadələr işlədərək, polisin qanuni tələbinə qəsdən tabe olmamış, daha sonra, polis əməkdaşlarının səyi nəticəsində Zərdab RPŞ-yə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. İşdə olan inzibati qaydada tutma haqqında 25 sentyabr 2024-cü il tarixli, AZA 020542 saylı protokoldan görünür ki, Şəxs 25 sentyabr 2024-cü il tarixdə saat 21:50-də inzibati qaydada tutulmuşdur. İşdə olan şəxsi axtarış və fiziki şəxslərdə olan əşyaları yoxlama haqqında 25 sentyabr 2024-cü il tarixli, AZA 008691 saylı protokoldan görünür ki, Şəxs üzərindən qanunla qadağan edilmiş hər-hansı əşya və ya predmet aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilsə də, onun əməlində İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın tərkibinin olmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Bununla da, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarından Şəxs tərəfindən ictimai qaydanın pozulmasına yönələn hərəkətlər edilməsi öz təsdiqini tapmır. Belə ki, ictimai qaydanı pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Beləliklə, Şəxs 25 sentyabr 2024-cü il tarixdə, saat 19:30 radələrində Zərdab şəhəri, Azərbaycan küçəsində ona yaxınlaşan polis əməkdaşlarına, eləcə də digər şəxslərə münasibətdə aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi müəyyən edilməmiş, habelə, onun həmin vaxt, qeyd olunan yerdə ictimai qaydanı pozan hərəkətlər etməsinə dair kifayət qədər mötəbər sübut və ya sənəd məhkəmə iclasında təqdim edilməmişdir. Belə olan təqdirdə isə inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən xırda xuliqanlıq hərəkətləri edildiyi göstərilsə də, xırda xuliqanlığın konkret olaraq hansı hərəkətlərdə ifadə olunması və onun hərəkətlərinin ictimai qaydanın pozulmasına yönəlməsinin özünü nədə göstərməsi aydın deyildir. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi onun üzərinə düşmədiyindən və məhkəməyə Şəxs tərəfindən hadisə vaxtı məhz ictimai yerdə toplanmış şəxslərə münasibətdə ictimai qaydanı pozan hərəkətlər etməsini təsdiq edən kifayət qədər sübut təqdim edilmədiyindən hesab edirəm ki, hazırkı protokol əsasında o, Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bununla da, məhkəmə belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir. Odur ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hallara onun əməlindən peşman olması, bir daha bu cür hərəkətlərə yol verməyəcəyinə dair vədi və yaşı aid edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini, o cümlədən polisin qanuni tələbinə qəsdən tabe olmayaraq onların vəzifələrinin icrasına maneəçilik yaratmasını və bu cür qanunsuz hərəkətlərini davam etdirməsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edirəm. Eyni zamanda qeyd edirəm ki, Şəxs 25 sentaybr 2024-cü il tarixdə saat 21:50-dən inzibati qaydada tutulmuşdur ki, bu da onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 110-115-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 08 (səkkiz) gün müddətində inzibati həbs təyin olunsun. Həbs etmənin əvvəli 25 sentyabr 2024-cü il tarixdə saat 21:50-dən hesablansın. Şəxs qərarın icrası ilə bağlı olaraq, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərdab rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Zərdab rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar