Məhkəmə qərarları › İş №3(035)-698/2024

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-698/2024

18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-698/2024 18.12.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X4 Elxan oğlunun sədrliyi Həsənov Anar Məhəmməd oğlunun katibliyi İnzibati xəta haqqında protokolu tərtib etmiş X2 İnzibati xəta törətmiş şəxs Şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1953-cü ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, pensiyaçı, Zərdab şəhəri Z.İsaqov küçəsi ev 38-də yaşayan Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə Şəxs barəsində Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala 18 dekabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs zərərçəkmiş şəxsə maddi zərər vurulmasına dair inzibati xəta hadisəsi törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən X3 izahat verərək bildirmişdir ki, 15 noyabr 2024-cü il tarixdə, saat 16:00-da Zərdab şəhər sakini Şəxs qoyun heyvanını nəzarətsiz maşın yoluna buraxması nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş və bunun nətəcəsində zərərçəkmiş şəxsə maddi ziyan dəymişdir. Ona görə də, onun tərəfindən 15 noyabr 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Zərdab Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Zərdab rayonu, Təzəkənd kəndində ailə üzvləri ilə birlikdə fərdi təsərrüfatla məşğul olmaqla yaşayır. Onun 6 baş xırda buynuzlu qoyun heyvanı vardır. 14 noyabr 2024-cü il tarixdə saat 17:00-da yaşadığı Təzəkənd kəndi ərazisində həmin qoyun heyvanları asfalt yolu keçən zaman “Mercedes-Benz” markalı, **-CZ-*** dövlət nömrə nişanlı avtomabilin sürücüsü vurub hadisə yerindən qaçmışdır. Sonradan kənd camaatının vasitəsi ilə həmin sürücünün Zərərçəkmiş şəxs olduğunu öyrənmiş və baş verən yol nəqliyyat hadisəsi ilə əlaqədar olaraq X7 Xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat verən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 14 noyabr 2024-cü il tarixdə saat 16:00-da etibarnamə ilə idarə etdiyi “Mercedes- Benz” markalı, **-CZ-*** dövlət nömrə nişanlı avtomobil ilə Zərdab rayon Təzəkənd kəndi ərazisində asfalt örtük yolda Zərdab rayonu istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olarkən yolun sol hissəsindən nəzarətsiz qaydada olan 2 baş qoyun heyvanı avtomobilinin sol yan hissəsinə qəfil toxunmuşlar. Hadisədən sonra o maşını saxlayaraq aşağı düşmüş, bu zaman həmin 2 baş qoyun heyvanıda daxil olmaqla ümumilikdə 6 baş qoyun heyvanının nəzarətsiz formada asfalt örtüklü yolu keçib getmişlər. Maşınına təxminən 200-300 manat dəyərində ziyan dəyməsinə baxmayaraq maşınında xəstə olduğu üçün hadisə yerindən çıxıb getmişdir. Daha sonra rayon Polis Şöbəsinə yaxınlaşaraq hadisəni səmimi şəkildə izahatında qeyd etmişdir. Əlavə olaraq bildirmək istəyir ki, səhhətində narahatlıq olduğu üçün spirtli içki qəbul etmir. Hesab edir ki, maşına yan tərəfindən ziyan dəydiyi üçün baş vermiş hadisədə günah onda olmamışdır. İşdə olan Zərdab rayon X6 Patrul Xidmət X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:00-da Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı inzbati xəta haqqında protokol tərtib etmiş şəxsin, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatları, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokol və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs xx.xx.2024cü il tarixdə zərərçəkmiş şəxsə maddi zərər vurulması inzibati xəta hadisəsini törətmişdir. Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən bu məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə olaraq inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilsin. Qərarın icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar