Məhkəmə qərarları › İş №3(035)-8/2024

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-8/2024

19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-8/2024 19.01.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ ( inzibati xəta haqqında iş üzrə ) Zərdab Rayon Məhkəməsi X2 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə xx.xx.2000-ci ildə Ukraina Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Zərdab rayonu Məmmədqasımlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Republikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 334.1-ci maddələri ilə Zərdab rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala 19 yanvar 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab rayon Polis Şöbəsinin DYPB-nin YPX-in inispektoru polis baş serjantı X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 01:15 radələrində idarə etdiyi 63BC767 dövlət qeydiyyat nişanlı, VAZ 2107 minik markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən saxlanılıb yoxlanılmış, məlum olmuşdur ki, sürücü 63BC767 dövlət qeydiyyat nişanlı, VAZ 2107 minik markalı nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan, etibarnamə olmadan və sərxoş vəziyyətdə idarə edir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək bildirmişdir ki, VAZ 2107 minik markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən xx.xx.2023-cü il tarixdə Zərdab rayon DYPB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılarkən idarə etmə hüququ olmadan, etibarnamə olamadan sərxoş vəziyyətdə idarə etməsi aşkar olunmuşdur. Belə ki, həmin gün bir qədər pivə içmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmandır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs izahatını dinləyib, Zərdab rayon Polis Şöbəsinin DYPB-nin YPX-in inispektoru polis baş serjantı X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu və iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən ona istinad olunan inzibati xətanın törədilməsi məhkəmə araşdırması zamanı tam sübuta yetirilmişdir. İş materiallarından görünür ki, Şəxs barəsində Zərdab rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşı tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əməli Azərbaycan Respublikası İXM-nin 332.1, 332.2 və 334.1-ci maddələri ilə tövsif edilmişdir. İş materiallarında olan 640981 nömrəli alkotestrdən çıxarışdan görünür ki, yoxlama zamını Şəxs alkoqolun miqdarı 4,177 faiz təşkil etmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 332.1, 332.2-ci maddələrində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməldən peşman olmasını məsuliyyəti yungülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növü olan inzibati qaydada həbs tətbiq edilməlidir. Beləlikli, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 334.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq, o, daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinib 05 (beş ) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli 19 yanvar 2024-cü il tarixdən saat 12:00-dan hesablansın. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar