Məhkəmə qərarları › İş №3(035)-90/2023

Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(035)-90/2023

31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(035)-90/2023 31.01.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X10 sədrliyi x3 katibliyi Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Əsgərov Qorxmaz Etibar oğlunun İnzibati xəta törətmiş şəxs X4 iştirakı ilə, xx.xx.1994-cü ildə Zərdab rayonunun Otmanoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, işləməyən, Zərdab şəhəri, Qumlu qəsəbəsində yaşayan X8 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 01 fevral 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N ET D İ: Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X5 01 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək X4 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X5 izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-613/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən X3 xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat aliment tutularaq X7 verilməsi qət edilmişdir. İcra sənədi müvafiq olaraq Zərdab rayon icra şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu alimentin ödənişini təmin etməmiş, çağırışlara gəlməmiş və telefon zənglərinə cavab verməmişdir. Ona görə də onun barəsində 16 noyabr 2022-cü il tarixdə axtarış elan edilmiş və icra edilməsi üçün Zərdab rayon Polis Şöbəsinə göndərilmişdir. X2 xx.xx.2023-cü il tarixdə Zərdab rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq İcra və Probasiya Şöbəsinə təqdim edilmişdir. Hazırda borclunun tələbkara 1095 manat aliment borcu yaranmışdır. Beləliklə, borclu icra vərəqəsi üzrə tələbi icra etməkdən yayınmışdır. Bununlada, o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hesab edir ki, X2 Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Ona görə də, məhkəmədən X4 inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 məhkəmə iclasında bildirmişdir ki, məhkəmə qətnaməsinə əsasən hər ay 100 manat aliment ödəməlidir. Maddi imkanı olmadığından alimentini ödəyə bilməmişdir. Məhkəmə icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Belə ki, işdə olan 2(035)-613/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat aliment tutularaq X7 verilməsi qət edilmişdir. İşdə olan icraata başlama haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-613/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya Şöbəsində icra işi başlanmışdır. İş materiallarından görünür ki, X2 barəsində icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolun bir surəti imza etdirilməklə inzibati xətanı törətmiş şəxsə təqdim edilmişdir. İşdə olan ******* saylı inzibati xəta haqqında protokola əlavədən görünür ki, X4 2(035)-613/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə aliment borcu 1095 manat təşkil edir. İşdə olan Zərdab rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X5 tərəfindən qəbul edilmiş “borclunun axtarışı haqqında” qərarın surətindən görünür ki, X8 barəsində xx.xx.2022-ci il tarixdə axtarış elan edilmiş və icra edilməsi üçün Zərdab rayon Polis Şöbəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmurunun tərəfindən müəyyən edilmiş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı bir hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatından, tədqiq edilən iş materiallarından müəyyən olundu ki, borclu X1 Rayon Məhkəməsinin 2(035)- 613/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə icra məmurunun tələblərini qərəzli olaraq yerinə yetirməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, X1 Rayon Məhkəməsinin 2(035)-613/2020 saylı, xx.xx.2020-ci il il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmrunun qanuni tələblərinin yerinə yetirmədiyi üçün onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibini yaratmışdır. O, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli 01 fevral 2023-cü il tarixdən saat 17:30-dan hesablansın. Qərarın icrası Zərdab rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: İLQAM HƏSƏNQULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar